Jorj Bize

Jorj Bize

Jorj Bize evə daxil olur və gördüyü səhnədən yerindəcə donur: evdə mebel yox idi, xalçalar da satılmışdı. Anasının xəstəliyi evə kədərlə bərabər, yoxsulluq da gətirmişdi...Georges Bizet

Onu ağsaçlı və solğun bənizli atası qarşıladı: “Oğlum, Allaha şükür ki, gəldin. Onun yanına get, səni gözləyir...”

Ananın otağı qaranlıq idi, çarpayının yanında iki şam yanırdı. Jorj çarpayıda əyləşib, anasının isti əllərini ovcuna aldı: “Salam, ana”. Oğlunu tanıyan ananın gözlərinə parıltı gəldi: “Çatmadım. Sənin triumfunu görə bilmədim. Yadında saxla, sən Aleksandr Sezar Leopoldsan. Səni Tanrı göndərib. Dahi insan olacaqsan və sən mənim oğlumsan...”

Uşaqlıq...
Jorj on yaşından konservatoriyada oxumağa başlayır. “İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm” — anası ona söyləyirdi. Jorj artıq bilirdi: onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianinoda çalacaq .
Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və professional pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi. On üç yaşında o, musiqi bəstələməyə başladı – valslar, mahnılar və “Həkimin evi” adlı kiçik komediya operasını yazdı. Anasının gözlərində o, dahi idi. Bəzən Jorj bezirdi, ancaq o, bir şeyi də anlayırdı: anasının inadkarlığı və onun istedadı öz nəticəsini verir. Jorj ədəbiyyatı çox sevirdi, imkan düşən kimi, əlinə kitab alıb sakitcə bir küncə çəkilirdi.

Bunu görən ana deyirdi: “Sən musiqiçi ailəsində böyümüsən və sən musiqiçi olacaqsan, ədəbiyyatşünas deyil, özü də dahi musiqiçi!”… On doqquz yaşında Bize konservatoriyanı bitirir və kantatasına görə Böyük Roma mükafatına layiq görülür.

Pul lazımdır...
Jorj Bize heç vaxt özünü yaraşıqlı hesab etməmişdi. O, tez-tez danışırdı, nitqi qarışıq idi. Üstəgəl, əlləri də daim tərləyirdi. Jorj bundan utanırdı.

Onun ilk görüşdüyü qız Cüzeppa olur. “Mənimlə Parisə gedərsən?” – dəlicəsinə aşiq olmuş Jorj ondan soruşur. – Mən varlı deyiləm. Ancaq pul qazanmaq çox asandır. İki uğurlu komediya operası və biz padşah kimi yaşayacağıq”. 
Onun planları anasının xəstəliyi barədə məktub alarkən alt-üst olur. Cüzeppanı Parisə aparmağın daha əhəmiyyəti yox idi.

Ananın xəstəliyi ilə mübarizə aparmaq üçün pul lazım idi. Necə olsun, pulu hardan tapsın? Bax əgər Jorj bir möhtəşəm əsər yazsaydı, yaxşı pul qazanardı və müəlicə üçün pul olardı. Həm də, Cüzeppanı Parisə gətirərdi və xoşbəxt həyat sürərdi. Bütün bunlara vaxt lazım idi, bu isə onda yox idi...

“Bəlkə, nəyisə sataq? – xadimə ondan soruşur. “Yox, lazım deyil, mən pul tapacam” – Jorj cavab verir.
 Parisin ən məşhur nəşriyyatlarından birinin sahibi Antuan Şudan indi qarşısında əyləşən bu gənci başdan-ayağı süzürdü. Doğrudanmı bu gənc prestijli Roma mükafatının laureatıdır? O nə qədər qazanc gətirə bilər? — Siz düşünürsünüz ki, sizin bəstələriniz kimisə maraqlandıra bilər?

— Bəli, müsyö! Mən nə istəsəniz, yaza bilərəm, ancaq əlbəttə ki, musiqili teatr məni daha çox maraqlandırır — insan ehtiraslarının dramı...
— Bu, əladır, ancaq siz ilk növbədə, adınızın üzərində işləməlisiniz. Özünüz düşünün, heç kimin tanımadığı birinin əsərlərini necə satacam?
— Müsyö, mənə şans verin – Bize ümidsiz halda söyləyir. Və bu şans ona verilir...

Bize gecə-gündüz yad partituraların üzərində işləyir. Pul isə yenə də çatmırdı. “Simfoniya yaz, yalnız o zaman sən məşhurluq qazanacaqsan” – anası təkrar edirdi.

Ancaq simfoniya üçün onun vaxtı yox idi. İlk simfoniyanı o, 17 yaşında yazmışdı. Növbəti simfoniyaya isə, sadəcə, gücü yox idi. Jorj bütün günü çalışırdı. Ancaq borclar günü-gündən artırdı. 

Jorj Bizenin anası bir ildən sonra vəfat edir. Jorj onu xilas edə bilmir. İndi o, özünü və yaşlı atasını xilas etməli idi. Musiqili teatr onu cəlb edirdi. O, bütün premyeralara qatılır və dövrünün tanınmış musiqiçiləri ilə tanış olurdu. Ancaq onun bəstələri uğur qazanmırdı. “Don Prokopio” komik operası da, həmçinin...

1863-cü ildə o “Mirvari ovçuları” operasını yazır. Opera səhnədə 18 dəfə oynanılır və repertuardan yığışdırılır və beləliklə, yuxusuz gecələr geri qayıdır.
“Zənci kimi çalışıram. Belə də iş olar?! Pul, pul, həmişə pul lazımdır” – o, dostlarına məktubunda yazırdı.

İkinci dəfə evlənən ata oğluna məsləhət görür: “Oğlum, sənə qadın lazımdır. Kifayətdir tək yaşadın!”
Ancaq ailə qurmaq ideyası Jorju bir az da sıxırdı, evlilik zamanı xərclər ikiqat artacaq. Bu zaman o, günün 24 saatı pul qazanmaq barədə düşünməli olacaq...

Ehtiras və nifrət...
Kefsiz halda qatarda əyləşən Jorj qarşısında madam Moqadoru görəndə özünü itirir. Bu, yazıçı Selesta Venar idi, qrafinya Şabriyan. Bu qadın Parisdə məşhur idi, onun kitabları rəflərdə qalmırdı. Bize ilə görüşdüyü vaxt gözəl Moqador artıq qraf de Şabriyanın dul arvadı idi. O, musiqi teatrına sahiblik edirdi, əsas partiyaları da özü ifa edirdi.

— Mən, Vezində çıxıram. “Lionel” adlı villamın tikinitisi gedir. Ora baş çəkəcəm. Bəs siz?”- “Mən də, madam. Atamın evi orada yerləşir. İzn versəniz, sizi ötürərdim… Bu qadın bir çoxlarının arzusu idi...
— Sizi evimə dəvət edirəm, birgə çay içərik. Özünüz və musiqiniz barədə danışarsınız. Bu mənə maraqlıdır.

Elə həmin gün Bize gecəni onunla keçirir. Jorj bütün uğursuzluqlarını, kədərini bu qadının qucağında olarkən, unudur. Bəstəkar aşiq olmuşdu...
Moqador isə gah nəzakətli, gah da kobud olurdu: “Mənə sevgi etirafı etməyin. Sizin kimi kişilər məni, ümumiyyətlə, maraqlandırmır – sadiq, zəif, sözəbaxan. Gedin, özünüzə evdar qadın alın və məndən əl çəkin!”...

Zaman keçir, Moqador yaşlanırdı. Yaşlanması ilə bərabər, borcları da artırdı. Jorjun sevgisi onu daha maraqlandırmırdı. Onu soyuq kişilər cəlb edirdi.
— “Lənətə gələsən, siz gedəcəksiniz, yoxsa yox? Siz mənə daha lazım deyilsiniz?! – o qışqırırdı.

Uğursuz evlilik...
Həkimlər Jorja irinli tonzillit diaqnozunu qoymuşdular. Mariya Reyter ona qulluq etsə də, mənəvi yaraları ona daha çox əzab verirdi...

Yeni yazdığı “Pert gözəli” operası da uğur qazanmır. Yenə pul qıtlığı yaranır. Jorjun növbəti qadını Jenevyeva olur. O, Jorjun rahat işləyə bilməsi üçün bütün ev qayğılarını öz üzərinə götürür.

Ancaq bu sakitlik uzun sürmür. “Nə qədər günəmuzd işləmək olar? Mən belə yaşamaq istəmirəm, sən uğursuzsan!” – Jenevyeva söyləyir.

“Camile” komik operasını yazdığı vaxt Jorj o biri otaqda Jenevyevanın kiminləsə əyləndiyini eşidir. Nəhayət, arvadının yad kişinin qucağında oturduğunu görür. Eli Delabord bəstəkar və Paris konservatoriyasının müəllimi idi. Moqador səhv edirdi. Evdar qadınla da xoşbəxt olmamaq olar. Hə, o, əsl uğursuzdur...
1871-ci ildə Jorj “Camile” operasını bitirir. Yarım ildən sonra o, yeni opera yazır. Hər iki opera uğurla nümayiş etdirilir. Bu taleyin hədiyyəsi idi. Ancaq daha böyük hədiyyəni ona Jenevyeva edir, onun Jan adlı oğlu dünyaya gəlir.
Karmen
«Karmen»...!
Delabord ailənin lənətinə çevrilmişdi. Axı Jorj nə edə bilərdi? O, Jenevyevaya onun arzuladığı zamanı, diqqəti, sevgini ayıra bilmirdi… O, işləməli idi. Qarşıda daha bir ciddi opera vardı. “Karmen”, bax bu opera əsl uğur qazanacaqdı! Əsas obraz ehtiraslı Moqadorun prototipi olacaq. Beləcə, opera üzərində iş tamamlanır. Premyeradır. Jorj həyəcanla baş verəcəkləri gözləyir. “Karmen” uğursuzluğa düçar ola bilməz! Birinci akt bitdi. Operanı soyuq qarşılayırlar. Musiqini heç kim dəyərləndirmir. Jenevyeva dözməyib, tamaşanı tərk edir. Küçədə isə onu Delabord gözləyirdi. Bize məhv olmuşdu...

Səhəri gün onun ürəktutması olur. Xəstəlikdən sayaqlayan Jorj, nəhayət, Delabordu çağırır: “Daha heç nəyi bölməyə ehtiyac yoxdur. Siz Parisdəki konservatoriyada yerimi tutdunuz, həyat yoldaşımın məşuqu oldunuz. İndi də ər yerini tutun. Jenevyevanın və oğlumun qayğısına qalın”...

Jorj Bize 37 yaşında ikən vəfat edir. Dörd aydan sonra “Karmen” Vyana operasında inanılmaz uğur qazanır. 1878-ci ildə Çaykovski yazır: “Mən əminəm: On ildən sonra “Karmen” dünyanın ən məşhur operasına çevriləcək”. Belə də olur. Jorj Bizenin bir çox əsərləri dünya klassik musiqisinin Qızıl fonduna daxil edilir...


Tərcümə: Aytən Cavanşir
Top