Dahi rus bəstəkarı İqor Stravinski XX əsr dünya musiqi mədəniyyətinin korifeylərindən biridir. Onun irsi müasir musiqinin klassikasıdır, yaratdığı əsərlər yaşadığımız mürəkkəb, təzadlı dövrün inikasıdır. Stravinskini çox zaman zarafatla «min bir üslub bəstəkarı», «buqələmun-bəstəkar» adlandırırlar. Çünki yaradıcılığı boyu bəstəkar zamanın nəbzini tutaraq üslubunu dəfələrlə kəskin surətdə dəyişmiş, ən müxtəlif bədii prinsiplərə üz tutmuşdur. Belə ki, Stravinskinin yaradıcılıq yolunu üç əsas mərhələyə — «rus», «neoklassik» və «dodekafoniya» mərhələlərinə bölmək mümkündür.
Gənclik illərini doğma vətəni Rusiyada keçirən Stravinski milli folklora — xalq nağıllarına, qədim musiqi formalarına böyük maraq göstərir.
Bəstəkarın bu dövr yaradıcılıq axtarışları rus mədəniyyətinin görkəmli xadimi Sergey Dyagilyevin adı ilə sıx bağlıdır. Dyagilyevin sifarişi ilə yazdığı «Simurq» baletinin uğurlu premyerasından sonra 28 yaşlı Stravinski bütün Avropada tanınır. Sonrakı üç ildə yaratdığı «Petruşka» və «Müqəddəs bahar» baletləri bəstəkarın şöhrətini daha da artırır. 1914-cü ildə yay məzuniyyətini keçirməkçün Ukraynaya gedən Stravinskinin heç ağlına da gəlməzdi ki, Vətənindən təxminən əlli il müddətinə ayrılır.
Birinci Dünya müharibəsi onu neytral İsveçrədə məskunlaşmağa vadar edir. Lakin burada yazdığı «Toy» xoreoqrafik kantatası, «Tülkünün nağılı», "Əsgərin əhvalatı" baletləri də Stravinski yaradıcılığının «rus» mərhələsinin davamı sayılır. 20-ci illərin əvvəlində bəstəkar Fransaya köçür, 40-cı illərdə isə ABŞ vətəndaşlığını qəbul edir. Bu illər ərzində Stravinski yaradıcılığı neoklassisizm məcrasına yönəlir. "Çar Edip" opera-oratoriyası, «Psalmlar simfoniyası», «Orfey» baleti, «Dəcəlin sərgüzəştləri» operası və digər əsərləri bəstəkarın barokko dövrünün musiqi formalarından necə sənətkarlıqla bəhrələndiyini əyani şəkildə göstərir. Nəhayət, 50-ci illərin başlanğıcında Stravinskinin bədii üslubunda daha bir kəskin dönüş baş verir -bu dəfə o, əvvəllər inkar etdiyi dodekafoniya musiqisinin prinsiplərinə üz tutur. «Müqəddəs mahnılar», «Aqon» baleti ustadın yaradıcılıqda fəth etdiyi son zirvələrdir.
«SİMURQ»un UÇUB GETMƏSİ «Simurq» baletinin sifarişçisi Sergey Dyagilyev əvvəlcə bu mövzuda əsər yaratmaq təklifi ilə görkəmli rus bəstəkarı Anatoli Lyadova müraciət edir. İşinə yüksək tələbkarlıqla yanaşan və bəlkə də həmin səbəbdən bir qədər astagəl olan Lyadov bu dəfə də əsər üzərində ləng işləyir. Dyagilyev növbəti "İşlər necə gedir?" -sualına «Hər şey əladır — artıq not kağızını almışam», -cavabını alandan sonra Lyadovla imzaladığı müqaviləni ləğv edir, sifarişi Stravinskiyə ötürür.
Uzun illər Vətən həsrəti ilə yaşayan 80 yaşlı Stravinski Sovet İttifaqının rəhbəri Nikita Xruşşovun şəxsi dəvəti ilə 1962-ci ildə Rusiyaya gəlir, Moskva və Leninqrad (hazırda Sankt-Peterburq) şəhərlərində müəllif konsertləri ilə çıxış edir. Vətənlə görüş qocaman bəstəkara sanki ilham verir. Ömrünün qalan doqquz ili ərzində o yenə də səmərəli işləyir, yeni əsərlər yaradır. 1971-ci ildə Stravinski Nyu-Yorkda vəfat edir. İqor Stravinski XX əsr musiqisinin rəmzi simalarındandır. Onun cəsarətli sənət axtarışları, kəşf etdiyi melodiyalar, harmoniyalar, ritmlər müasirlərini həm təəccübləndirir, həm də heyrətə gətirirdi. Stravinskinin zəngin bədii irsi bu gün də bəstəkarlarçün örnək olaraq qalır.
Bu əsərlərlə tanış olun;
Petruşka
«Müqəddəs bahar»
«Simurq»
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova