Coşqun ehtiras və çılğınlıqla yanaşı, xəyalpərəst-lik və ideal sorağı — budur Şuman musiqisinin səciyyəvi cəhətləri. Robert Şuman(1810 — 1856) həm sənətkar, həm də şəxsiyyət kimi romantizmin parlaq təmsilçisi olmuş, dövrünün gərgin mənəvi və fəlsəfi axtarışlarını öz musiqisində, eləcə də məqalə və kitablarında əks etdirmişdir. Bəli, görkəmli alman bəstəkarı Şuman vətənində həm də musiqi tənqidçisi, istedadlı qələm sahibi kimi də tanınmışdır. Yaratdığı «Yeni musiqi jurnalı»nın səhifələrində o, musiqi ilə bağlı mütərəqqi ideyalarını yorulmadan təbliğ edir, yüksək bədii səviyyəli musiqi əsərlərini və onların müəlliflərini musiqisevərlərə tanıdırdı. Belə ki, Şuman ona məxsus həssaslıqla müasirləri Şopen və Bramsı ilk dəfə dəstəkləmiş, onların parlaq gələcəyinə inamını ifadə etmişdi. Şumanın yaradıcılıq irsinin ən zəngin qolu fortepiano və vokal musiqisidir. Deyilənlərə görə, Şumanın ən böyük arzularından biri mahir pianoçu olmaq imiş. Bu məqsədlə o, məşhur piano müəllimi Fridrix Vikin rəhbərliyi altında gecə-gündüz yorulmadan çalışarmış. Piano dərslərinə xüsusi diqqət yetirməsinin başqa bir səbəbi də varmış -o, Fridrix Vikin qızı, istedadlı pianoçu Klaranı sevirmiş. Şumanın virtuoz pianoçu olmaq ümidi puça çıxsa da (barmaqlarının çevikliyini artırmaq üçün o, bir mexaniki cihazdan istifadə etmiş, sağ əlini ağır zədələmişdi), gözəl Klaraya məhəbbəti 1840-cı ildə xoşbəxt nikahla nəticələnir. Qayıdaq Şumanın fortepiano yaradıcılığına: bəstəkar qısa, lakin eyni zamanda dəqiq, sərrast musiqisəciyyəsinin əsl ustası olmuşdur. Belə kiçik pyesləri o, adətən məcmuə, silsilə şəklində birləşdirərmiş. Şumanın ən məşhur məcmuələri — «Karnaval», «Kreysleriana», «Kəpənəklər», «Fantastik pyeslər» və başqaları dünya pianoçularının repertuarında şərəfli yer tutur. Bəstəkarın fortepiano əsərlərinin bir qismi — «Uşaq səhnələri», «Gənclik albomu» uşaqlara ünvanlanmışdır. Məşhur «Gənc musiqiçilərə məsləhətlər» kitabında isə Şuman gənc musiqiçilərin musiqi tərbiyəsinə dair öz dəyərli məsləhətlərini vermiş, uşaqları musiqi sənətinə cəlb etmişdir.
MƏHKƏMƏNİN QƏRARl İLƏ… TOY ŞƏNLİYİ
Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənməklərinə razılıq ala bilmirmiş. Artıq ümidini itirmiş Şuman məhkəməyə müraciət edir. Leypsiqdəki Kral Apellyasiya Məhkəməsi bu məsələnin artıq həddi-buluğa çatmış Klaranın özü tərəfindən həll edilməsi barədə qərar verir və iki gənc tezliklə xoşbəxt ailə qurur. Bu, nikahın ləğvi deyil, əksinə, bağlanması haqqında tarixdə verilmiş bəlkə də yeganə məhkəmə qərarıdır!
Şuman vokal əsərlərinin əksəriyyətini həyatının bəlkə də ən xoşbəxt günlərində, Klara ilə evləndiyi 1840-cı ildə yaratmışdır. Bəstəkarı qanadlandıran səadət və şadlıq hissləri "Şairin məhəbbəti" (H.Heynenin sözlərinə), «Qadının məhəbbəti və həyatı» (A.Şamissonun sözlərinə) vokal silsilələrində öz gözəl əksini tapmışdır. Sonrakı illərdə Şuman dörd simfoniya, uvertüralar, konsertlər, «Genoveva» adlı bir opera və digər irihəcmli əsərlər bəstələmişdir.
Ömrünün son çağlarında bəstəkar ağır ruhi xəstəlikdən əzab çəkmiş və 46 yaşında vəfat etmişdir. Şuman yaradıcılığı XIX əsr musiqisinin ən parlaq səhifələrindən biri olmuş və olaraq da qalır.
Bu əsərlərlə tanış olun:
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova