Cabbar Qaryağdıoğlu (Cabbar Məşədi İsmayıl oğlunun təxəllüsü; 31.03.1861, Şuşa — 20.04.1944, Bakı) — xanəndə.
Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Cabbar Qaryağdıoğlu Şuşada Xarrat Qulunun məktəbində muğam dərsləri almışdır.
Rus şairi S.Yesenin onu "Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır.
Qarabağ,Gəncə,Şirvan,Bakı məclislərində çox məhşur olan Cabbar Zaqafqaziyada, Orta Asiya ölkələrində, İranda da tanınmışdır. Cabbar Qaryağdıoğlu musiqi taxrixində muğamı teatr və konsert səhnəsindən səsləndirən ilk xanəndə olmuşdur. O, dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş və öz coğrafiyasının böyük musiqiçiləri ilə bir məclisdə çıxışlar etmişdir.
Cabbar Şuşada Mirzə Sadıq Əsəd oğlunun sazandalar dəstəsi ilə, 1900-1905 ci illərdə Bakıda tarzən Mirzə Fərəc və kamançaçı Məşədi Qulu ilə çıxış etmişdir. 1905-ci ildə Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvilidən ibarət trio qurmuşdu. Bu trio 20 ildən artıq birlikdə fəaliyyət göstərmişlər.1906-1912-ci illər ərzində «Sport-rekord”, Ekstrafon” və „Qrammafon” səhmdar cəmiyyətləri tərəfindən Kiyev, Moskva, Varşava şəhərlərində Cabbar Qaryağdıoğlunun səsi qramafon valına yazılmışdır.
XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.
Azərbaycan Dövlət Konservatoriyasının professorları, o cümlədən Fikrət Əmirov və Bülbül Cabbar Qaryağdıoğlunun oxuduğu mahnı və təsnifləri tarzən Qurban Primovun müşayiətilə vinilə yazmış və nota köçürmüşlər. Cabbar Qaryağdıoğlu Üzeyir Hacıbəyovun dəvəti ilə ADK-da dərs də demişdir. O, xalq arasında məşhur olan bir sıra istedadlı xanəndələr yetişdirmişdir. Onlardan Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfi Adıgözəlov və bir çox başqaları Cabbar Qaryağdıoğlunun ənənələrini davam etdirmişlər.