Parisdə F.Şopenin adı polyak musiqisinin emblemidir. Baxmayaraq ki, atası Nikolay Şopen milliyyətcə fransız idi, Fridrix canıyla, qanıyla polyak mədəniyyətinin yetirməsi, polyak musiqisinin sütunuydu. Polyak xalqı bütün tarixi, xarakterik cizgiləri, obrazı və köklü sənəti ilə onun musiqisində ehtiva olunurdu. Polyak milli rəqsləri Şopen klaviaturasının təməliydi.
Bu rəqslər əsasında yaratmışdı eyni janrları — mazurka, polonez, kuyavyak. Vətənpərvərliyin ən ali məqamıdır bu. Polyak sənəti onun ürəyində dövr eləyirdi — öz vəsiyyətilə nəşindən ayrılıb Parisdən Varşavaya gətirilən, bu günəcən Müqəddəs Xaç kilsəsində qorunan çılğın ürəyi.
Şopen geniş kütlənin bəstəkarıdı — hamı anlayır onun lirik-psixoloji ovqatlı nəğmələrini. A.Rubenşteynə görə “fortepianonun canıydı” Şopen — ömrü boyu yalnız piano üçün yazan bu dahi. Elə geniş ifadə vasitələri, elə melodik boyalar tapırdı ki, bu alət həm orkestri, həm zərb alətlərini əvəz edə bilirdi.
Məhdudluq Şopenə yad idi. “Polşa Motsartı” adlandırırdılar Şopeni — tale və sənət oxşarlıqları da buna əsas verirdi: kiçik yaşlarından özünü büruzə verən talant, ata-ana təkidi, tanınmış müəllimlərin qayğısı, balaca ikən keçirilən böyük konsertlər və nəhayət… vaxtsız ölüm!
Fevralın 22-i məşhur bəstəkarın doğum günüdür. 1810-cu ildə Varşava yaxınlığındakı Jelyazova Volya qəsəbəsində doğulub. Beş yaşındaykən pianoda kiçik pyesləri sərbəst çalırdı. On doqquz yaşında ali musiqi məktəbini bitirərkən artıq tanınmış bəstəkar idi. Tez-tez Vyanada konsertlərdə olurdu, amma valideynlərinin və dostlarının ayrılığına tab gətirə bilmirdi — Varşava özünə çəkirdi onu. Bir müddət Parisdə yaşamalı olan Şopen vətəndən gələn inqilab havasını duyur, lakin yaxınları onun geri qayıtmasını məsləhət görmürdü.
Üsyanın amansızcasına yatırılması isə bəstəkarı sarsıdır, qəlbində təlatüm yaradır. Bu dövrdə bəstələdiyi “İnqilabi etüd” (12 №li) dalğalı dənizdə qopan tufanı, qaranlıqla işığın mübarizəsindəki kontrastı xatırladır, vətəncanlı bəstəkarın qüssəsini, daxili əzablarını təzahür edir. Hər gün izləyirdi hadisələrin gedişini. Hiddətlənirdi, vətəninə çox acıyırdı. Ömrünün qalan hissəsi ata vətəni Parisdə keçir.
Dünya ədəbi dühalarının bir çoxu ilə ünsiyyət yaradır. Məşhurluq onu maddi durumunun yaxşılaşmasına əsla təsir göstərmir. Macar bəstəkarı F.Listin vasitəsilə yazıçı J.Sandla tanış olur və bu tanışlıq evlənmə ilə nəticələnir. Lakin bu səadət uzun sürmür. Ayrılıq öz sözünü deyir, xəstəlik onu üstələyir. Qırx doqquz yaş bəstəkar ömrünün sonuncu akkordları kimi səslənir.
Vəsiyyətinə görə Motsartın ”Rekviyem”i səsləndi dəfn günü, öz yaratdıqlarından arqanda mi minor və si minor prelüdləri, orkestrin ifasında isə si bemol minor sonatasından “Matəm marşı”çalındı.
Azərbaycan pianoçularına Şopen musiqisinin sadə dili, romantik əhval-ruhiyyəsi olduqca doğmadır. Mazurkaların zəngin ritmi, ehtirasla səslənən vurğuları, polonezlərin döyüşvari təntənəsi, zəfər müjdəsini andıran təqtləri, valsların bəzən lirik, bəzən coşqun melodiyası, noktürnlərin gecə laylası tək həzin axıcılığı, etüdlərin romantik fəndli çılğın texnikası bizə milli musiqimiz qədər doğmadır. Şopenəcən prelüd çoxhissəli əsərlərin girişi kimi bəstələnirdi — müstəqil yazılma və yaşama hüququna görə isə bu janr məhz Şopenə borcludur. İyirmi dörd prelüd — silsiləvi yenilik nümunələri. Bu gün üç əsrin kandarında anırıq Şopeni — əslində heç zaman unudulmayacaq dühanı. Samirə Səma