Həyatın tamaşa, insanların aktyor olduğu iddia olunan böyük dünyamızda sevilmək nifrət sahibi olmaq qədər asan deyil.
Ancaq gözəl və məlahətli səs, yaraşıqlı xarici görkəm, üstəlik italiyalı olmaq və opera ifa etmək uğurun və sevginin bütün qapılarını açır insanın üzünə…
Lakin haqqında yazdığım növbəti məşhur bu uğuru və sevgini yalnız hiss edə bilir, görmür…
Əvəzedilməz Andrea Boçelli...
İtaliyalı opera və populyar musiqi ifaçısı Andrea Boçelli 1958-ci il 22 sentyabrda dünyaya gəlib. Andreanın şərab istehsalçısı olan atası oğlunun musiqiyə marağının olduğunu görüb onu musiqi məktəbinə qoyur, burada Andrea fortepiano, fleyta və saksafonda çalmağı öyrənir.
Uşaqlıqdan Andreanın gözlərində problem vardı və hələ altı aylığında onun gözündə artıq bir neçə əməliyyat olunmuşdu, lakin bunların heç bir faydası olmur və 12 yaşında baş verən bədbəxt hadisədən sonra o, ümumiyyətlə, kor olur.
Ancaq yaşanan faciə Andreanın gələcəkdə uğur qazanmasına mane olmayacaqdı… Bəzi “ağızdan göyçəklər” Boçellinin musiqidəki uğurlarını onun fiziki qüsuru ilə bağlayırlar. Necə də yanılırlar, çox yanılırlar… Bunu Boçellini çox yox, bir dəfə dinləməklə anlamaq olar…
İtalyan ifaçısı “Onların İtaliyası” sənədli filmindəki müsahibəsində onun ifası, opera ilə populyar musiqinin sintezinin bəyənilməməsi barədə fikirlərə münasibət bildirir: “Məşhurlaşmamışdan öncə musiqi tənqidçiləri mənim barəmdə ancaq gözəl şeylər yazırdılar, ancaq tanınan, şöhrət qazanan kimi pisləməyə, tənqid etməyə başladılar...”
Andrea Boçelli məktəbi bitirdikdən sonra Piza universitetinin hüquq fakültəsində təhsil alır, bitirir, bir müddət vəkil kimi çalışır. Lakin Andrea hüquq sahəsinin ona yad olduğunu anlayır, hiss edir. O, yenidən musiqi sahəsinə üz tutur, tanınmış opera tenoru Franko Korellinin tələbəsi olur. İfaçının özü dediyi kimi: “Bir çoxlarının musiqi kayerasına son verdikləri yaşda mənim musiqi karyeram başladı.” Bunun adı taledir və Andrea öz taleyinin ardınca gedirdi...
Bu taleyin iştirakçılarından olan italyan rok ifaçısı Zucchero 1992-ci ildə Pavarotti üçün hazırlanmış “Miserere” mahnısını oxumaq üçün ifaçı axtardığı zaman Andrea peyda olur və tenor bu musiqini o qədər gözəl ifa edir ki, onun bu ifasını dinləyən Pavarotti bu gəncin kim olması barədə maraqlanır və beləliklə, Andrea uğur nərdivanının ilk pilləsinə qalxır, sonrası isə heç kim üçün sirr deyil...
1995-ci ildə San-Remo musiqi festivalında oxuduğu “Con te Partiro” Andrea Boçellinin vizit kartı olur, məhz bu mahnı onu bütün dünyaya məşhur edir! 1996-ci ildə o, bu mahnını Sara Braytmanla duet oxuyur, “Time to say Goodbye” (“Con te partiro”) neçə həftə dalbadal musiqi xit-paralarında lider olur. Onun 1997-ci ildə buraxdığı “Romanza” albomu ilk beynəlxalq layihəsi idi. Bu günə qədər Boçellinin albomları bütün dünyada çoxmilyonlu tirajla satılır.
Bir çox məşhurlarla eyni səhnəni bölüşən ifaçını (indi artıq sabiq ABŞ prezidenti) Bill Klinton 90-cı illərdə prezident olduğu dövrdə Ağ evə dəvət edir. Klinton Boçellinin böyük pərəstişkarı olduğunu etiraf edir. Tanınmış amerikan caz ifaçısı Al Cerrou də Klintondan geri qalmır, o, Andrea Boçelli ilə bir səhnəni bölüşdükdən sonra etiraf edir: “Mən dünyanın ən gözəl səsi ilə eyni səhnəni bölüşdüyüm üçün qürur hissi keçirirəm”.
Andrea Boçelli musiqidə olduğu qədər şəxsi həyatda da xoşbəxt olduğunu söyləyir. 1992-ci ildə Andrea Enrika Çenzatti ilə ailə həyatı qurur, bu evlilikdən iki oğlu — Amos və Mateo dünyaya gəlir. Amos və Mateo ifaçının dediyi kimi, onun ilk dinləyiciləri və tənqidçiləridir. 2002-ci ildə müğənni həyat yoldaşı Enrika ilə boşanır, elə həmin il Andrea Boçelli bariton ifaçısı İvano Bertinin qızı Veronika Berti ilə tanış olur və 2012-ci ilin 21 martında onların Virciniya adlı qızları dünyaya gəlir.
Gözündəki fiziki qüsuru ifaçıya atları sevməyə və minməyə mane olmur, şahmatı sevir və hətta dostları ilə dağa da çıxır! Boçelli, həmçinin, “Səssizliyin musiqisi” kitabının müəllifidir.
“Mənim bu günə qədər nail olduqlarım əsl nağıldır. Allahdan və insanlardan bundan daha artığını istəməyə cürətim çatmaz”- deyə yaraşıqlı və istedadlı opera ifaçısı etiraf edir.