Vasif Adıgözəlov

Vasif Adıgözəlov

Vasif AdıgozəlovGörkəmli bəstəkar, pedaqoq, ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» və «İstiqlal» ordenli, professor Vasif Adıgözəlovun (28 iyul 1935 — 15 sentyabr 2006)  yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Çexoslovakiya, Meksika, Kosto-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

 Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakı şəhərində, görkəmli xanəndə, Azərbaycan muğamlarının mahir bilicisi və təfsirçisi Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini o, Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına orta-ixtisas musiqi məktəbində fortepiano və uşaq yaradıcılığı siniflərində almışdır. Təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirən Vasif Adıgözəlov Konservatoriyanı iki ixtisas — bəstəkarlıq sahəsində böyük bəstəkar, professor Qara Qarayevin sinfini, fortepiano üzrə isə professor Simuzər Quliyevanın sinfini əla diplomlarla bitirmişdir.

Vasif Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır.

Bəstəkar 2 operanın — «Ölülər» və «Natəvan», 6 musiqili komediyanın — o cümlədən, «Nənəmin şahlıq quşu», bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı «Hacı Qara», «Boşanaq — evlənərik», «Aldın payını, çağır dayını» həmçinin, «Odlar yurdu», «Qarabağ şikəstəsi», «Çanaqqala-1915», «Qəm karvanı» oratoriyalarının, 3 simfoniyanın, «Segah» muğam-simfoniyasının, «Mərhələlər», «Afrika mübarizə edir» simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq fortepiano üçün prelüdlərdən tutmuş ən iri həcmli instrumental əsər — piano və orkestr üçün 3 «Konsert»in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.


Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi «Odlar yurdu», «Qarabağ şikəstəsi», «Çanaqqala-1915» oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, «Çanaqqala-1915» qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilmişdir.

İri monumental əsərlərlə yanaşı bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapmışdır. Onun dillər əzbəri olan «Qərənfil», «Bakı», «Xoşum gəlir», «Naz-naz», «Şuşa laylası», «Ana» kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.
Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında bədii rəhbər, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər və hazırda Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

 

Top