Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin atası

Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin atası

Yaradan Üzeyir Hacıbəylidən heç nə əsirgəməmişdi — fitri istedadı, böyük sənət üçün çırpınan ürəyi də ona verdi, insanlığı, mehribanlığı, həssaslığı, səxavətliliyi də.
Onun həyat və fəaliyyətini, çoxşaxəli yaradıcılığını, ərsəyə gətirdiyi sənət «mirvarilərinin» necə əlçatmaz zirvədə olduğunu göz önünə gətirdikdə istər-istəməz təəccüblənir, Üzeyir Hacıbəylinin parlaq şəxsiyyətinə, əzəmətli yaradıcılığına, sadəcə olaraq, heyran qalırsan. Bəlkə elə buna görədir ki, dahilik hər bir kəsə nəsib olmayan, yüz illər, min illər boyunca bir kəsin daşıdığı ad olur.
Üzeyir bəy həm tariximizdir, həm də bu günümüz. Bu şəxsin yaradıcılığının mahiyyəti Azərbaycan sənətinin, Azərbaycan bədii estetik fikrinin həyatiliyini, min illər ərzində qazandığı gözəllikləri, ictimai-fəlsəfi dərinliyi qoruyub saxlamaq və zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirmək idi. Bütün bunlar Üzeyir Hacıbəylinin yüksək amalından irəli gəlirdi.
O, həyatı boyu Azərbaycan musiqisini inkişaf etdirib, Azərbaycanda zamanın tələblərinə müvafiq yeni musiqi formalarının, o cümlədən operanın və operettanın əsasını qoyub. Dram əsərləri, felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, rus dilindən tərcümələr edib. Azərbaycanda musiqi təhsilinin banilərindən biri olub, musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərəcək kadrların hazırlanmasına, musiqi kollektivlərinə və məktəblərinə rəhbərlik edib, ictimai işlərdə fəal çalışıb.
Üzeyir dünyası!
Üzeyir Hacıbəyli 1913-cü ildəBu dünyanın uca bir dağının zirvəsində yenilməz «Koroğlu», digər zirvəsində qəlbi öz ah-naləsi ilə dağlayan «Leyli və Məcnun» durur, onun yanında odlanıb alovlandıran, böyük eşqin, kədərin tərənnümü olan «Şeyx Sənan», «Rüstəm və Söhrab», «Şah Abbas və Xurşidbanu», «Əsli və Kərəm», «Harun və Leyla», ucalıq zirvəsindən düşməyən «Məşədi İbad», «Arşın mal alan», gündoğan tərəfində insanı valeh edən mahnılar, gün batan tərəfində isə hələ də işıq saçan, insan qəlbinin dərinliklərində zərif duyğular yaradan «Sənsiz», «Sevgili canan» durur.

Bu dünyanın içində daha nələr-nələr var...
Üzeyir bəydən çox yazılıb, çox danışılıb. Lakin, nə qədər yazılsa da, danışılsa da yenə də azdır. Onun haqqında yazılanları oxuduqca nə isə təzə bir şey əldə edir, yaradıcılığının yeni xüsusiyyətləri ilə tanış olursan.
Üzeyir bəy çox alicənab, insanpərvər, mehriban, sadə təbiətli, müdrik, eyni zamanda, son dərəcə prinsipial, inamından, idealından dönməyən bir adam idi. Mədəniyyət, ədəbiyyat aləmində çoxdan yetişmiş, kamil, bilikli sənətkar olduğundan, siyasi mübarizələr burulğanında kəşməkəşli həyat yaşadığından nəyin doğru və nəyin yanlış olduğunu yaxşı ayırd edə bilirdi. Bütün bu sahələrin vacib məsələlərinə aid onun doğru görüşləri, fikirləri, aydın təsəvvürləri olduğundan, o, ancaq həqiqəti ifadə edən fikirləri irəli sürürdü, yalnız o inamdan dönmürdü ki, onun həqiqət olduğuna heç bir şübhəsi yox idi. Yüksək mənəviyyat, mədəniyyət və şəxsi ləyaqət duyğusu sayəsində o, sənətindən, ictimai mövqeyindən asılı olmayaraq başqa insanlara da hörmət və məhəbbətlə yanaşırdı.
Üzeyir bəy həyatı sevən, həyatın mənasını, gözəlliyini dərindən duyan və ondan böyük mənəvi ləzzət alan qüdrətli, müdrik adamlardan idi. Onda gülüş, yumor hissi çox güclü idi. Biz bunun ən bariz ifadəsini «Arşın mal alan», «O olmasın, bu olsun» kimi ölməz komediyalarda görürük. O, ömrünün axırına qədər bu nikbinliyini qoruyub saxlamışdı.
Böyük sənətkar həyatda, məişətdə dəbdəbə, təntənə sevməzdi, son dərəcə sadə, səmimi adam idi, zinətə-sərvətə meyil etməzdi. O, sənət aləmində ilk addımını atandan zəhmətə alışmışdı, ehtiyacın «ləzzətini» dadmışdı. Hər bir maddi nemətin qədrini bilirdi.
Onun yaradıcılığına və şəxsiyyətinə kamillik, amillik kimi yüksək keyfiyyətlər xas idi. Xalqa olan sonsuz məhəbbəti bütün düşüncəsinə, varlığına hakim idi.

Üzeyir bəy cəmi 63 il yaşadı. Lakin necə yaşadı? Bütün mənalı və gözəl həyatını, özünün dərin ictimai ideyaları, böyük fikirləri və görüşlərini nəinki bədii yaradıcılığa, bütün insanlara, bütün insanlığa həsr etdi. Üzeyir bəy öz sənətinin qüdrət və mənasını xaqla xidmət etməkdə gördü.
Bəzən fikirləşirsən ki, yaşamaq və yaratmaq eşqi ilə çırpınan və hələ çox gözəl operaların, mahnıların, kantataların süjetini, melodiyalarını yaratmağa qadir olan ürəyin dayanması təbiətin böyük ədalətsizliyi idi. Lakin...
Fikrimiz böyük sənətə və ölməzliyə qayıdır. O böyük sənətə ki, onu Üzeyir qəlbinin hərarəti, ürəyinin çırpıntıları ilə yaratmışdı. O ölməzliyə ki, onu Üzeyir bəy öz böyük sənəti ilə çoxdan fəth etmişdi!
Məşhur yazıçımız Mirzə İbrahimov Üzeyir bəyə həsr etdiyi «Onu düşünərkən» adlı məqaləsini məhz bu ölməzliyə həsr edərək yazırdı: «Böyük insanlar ölüb getdikləri andan, sanki daha artıq bir əzəmətlə vətəndaşların qəlbində yaşamağa başlayırlar. Sanki onlara qarşı yeni bir maraq oyanır, mübarizə tarixi, fəaliyyət və əməlləri, həyat yolu nəinki yalnız elmi məşğul edir, hətta adi vətəndaşlar belə geriyə dönərək bir daha bu yola nəzər salır, onu daha böyük məhəbbət və diqqətlə öyrənirlər. Sənət və peşəsindən asılı olmayaraq bütün vətəndaşlar onların ölümünə təəssüf edir və kədərlənirlər. Bu isə uzun illərin zəhməti nəticəsində qazanılmış, bütün məhəbbətlərdən yüksəkdə duran və fəthi çox çətin olan bir məhəbbətin — həqiqi xalq məhəbbətinin ifadəsidir. Əsil ölməzlik, əbədi həyat da budur: xalq məhəbbəti! Xoşbəxt o adamdır ki, öz həyatı və mübarizəsi ilə belə bir məhəbbəti qazansın».

İllər keçdikcə xalqımızın böyük bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yoluna bir daha nəzər salır, dediklərini və yazdıqlarını təkrar-təkrar xatırlayırıq. Belə ölməz şəxsiyyətin sənət irsinin əsil qiyməti məhz bu gün üçün nə dərəcədə müasir görkəmli olmasındadır. Üzeyir irsinə bu baxımdan qiymət veriləndə böyük sənətkarın musiqi əsərlərinin, sənət haqqındakı fikirlərinin, şəxsiyyətinin Azərbaycan musiqisinin və Azərbaycan bəstəkarlarının inkişafındakı misilsiz təsiri bütün əzəməti ilə açıq-aşkar görünür.
Böyük insanların, sənətkarların yaradıcılığı nə qədər öyrənilsə, təhlil olunsa da, azdır. İllər keçsə də, onlar yeni-yeni nəsillərin mənəvi tələblərinə müvafıq yeni fikirlər, duyğular oyadacaq. Onların haqqında yeni tədqiqat işlərinə, yeni məqalələrə, yazılara ehtiyac tükənməyəcək.
Üzeyir bəy o xoşbəxt sənətkarlardandır ki, zaman keçdikcə böyüklüyü, fəaliyyətinin mütərəqqi və humanist mənası daha parlaq şəkildə görünməkdədir. Onun əsərləri heç bir zaman saralıb solmayacaq, əbədi xoş bir təravətlə insanların qəlbinə, fikrinə təsir edərək, onları böyük və azad insan həyatı uğrunda mübarizəyə çağıracaq!...

Müəllif: Sevinc Aqilqızı, Üzeyir Hacıbəylinin ev-muzeyinin böyük elmi işçisi
Mənbə: Mədəniyyət qəzeti
Top