Hər kəsin əməlinin əvəzi verilər

Hər kəsin əməlinin əvəzi verilər

Deyirlər ki, Harun ər-Rəşidin Bağdaddakı sarayının bağçasında rəngbərəng, növbənöv güllər var imiş. Dünyanın hər nöqtəsindən ən gözəl çiçəklərin toxumunu gətirib bu bağçada əkmişdilər. Amma çiçəklərdən birini xəlifə xüsusi sevirdi.

Həmin gül kolu çiçək açanda qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi ta solana kimi gözünün qabağında saxlayır, ətrini qoxlamaqdan doymurdu. Bağbana tapşırıq vermişdi ki, bütün güllər bir yana, bu çiçək kolundan xüsusi muğayat olsun. Çünki bu gül kolu ildə bir dəfə, özü də cəmi bircə çiçək açırdı.

Qoca bağban xəlifənin tapşırığına ciddi-cəhdlə əməl edirdi, çiçəyi istidən-soyuqdan qoruyur, gecə-gündüz qulluğunda dururdu. Amma qorxan gözə çöp batar, deyiblər. Xəlifənin sevimli gül kolunun çiçəkləmə vaxtı gəlib-çatanda bağban sübh tezdən bağçaya gəldi ki, gülü dərib Haruna təqdim etsin. Amma gül koluna yaxınlaşanda gözlərinə inanmadı. Bağda yuva salmış bir bülbül çiçəyin ləçəklərini dimdiyi ilə qoparıb yerə tökürdü. Bağban qorxu və kədər içində xəlifənin hüzuruna gəldi, hadisəni ona danışdı. Harun qəzəblənmədi, yalnız bunu söylədi: “Eybi yoxdur, qoca. Heç kimin əməli cavabsız qalmaz. Bülbül də öz cavabını alar”.

Bu hadisənin üstündən bir müddət keçdi. Bağban isə xəlifənin sevimli gülünü zay etmiş bülbülü unutmadı, onun əlamətlərini yadda saxladı. Hərdənbir bülbülü yenə bağçada görür, kənardan izləyir və xəlifənin sözlərinin mənası haqqında düşünürdü. Yenə bir səhər bağçaya gələndə gördü ki, həmin bülbülü iri bir əfi ilan tutub. İlan quşu öz möhkəm gövdəsi ilə sıxıb öldürmüşdü, indi də onu udmaqla məşğul idi. Qoca bağban bunu görən kimi cəld özünü saraya yetirdi, izn alıb Harunun hüzuruna gəldi, gördüyünü ona danışdı. Xəlifə yenə soyuqqanlılıqla dedi: “Bu iş də belə qalmaz. Hər kəs əməlinin əvəzini alacaq, ilan da həmçinin”.

Bağbanı fikir götürdü. Xəlifənin bu sözünü də sınamaq qərarına gəldi. İlanın bülbülü ovladığı yeri nişanlayıb, həmin gündən ora tez-tez baş çəkməyə başladı. Güman edirdi ki, ilanın yuvası həmin yerin yaxınlığındadır. Gümanı doğru çıxdı. Bir müddətdən sonra bağban həmin yerdə yenə həmin ilanı gördü. Bu dəfə fürsəti fövtə vermədi, qulluq etdiyi bağçanın ən yaraşıqlı bülbülünü öldürmüş ilanın başını əlindəki belin bir zərbəsi ilə əzdi. Bu xəbəri xəlifəyə çatdırmağı da unutmadı. Harun yenə onu dinlədikdən sonra sakitliklə söylədi: “Sənin də bu işinin əvəzi verilər. Unutma, heç kimin əməli cavabsız qalmaz”.

Bağban fikir içində bağçaya qayıtdı. Canını qorxu almışdı. Xəlifənin xəbərdarlığı onu möhkəm narahat edirdi. Bir neçə ay ötüb-keçdi. Əyanlardan biri öz qohumunu saray bağçasına bağban təyin etdirmək fikrinə düşdü. Amma bunun üçün hazırki bağbanı aradan götürmək lazım idi. Qoca bağbanı şərləyib, xəlifənin gözündən saldılar. Harun ər-Rəşid bağbanı hüzuruna çağırtdırdı, onun haqqında deyilənləri üzünə söylədi, sonra fərraşlara əmr verdi: “Aparın bunu zindana!” Fərraşlar qoca bağbanın qollarından tutub sürükləyərkən, son anda üzünü xəlifəyə tutub haray çəkdi: “Deyirdin ki, hər kəsin əvəzi verilər. Sözlərin doğru çıxdı, bülbülün də, ilanın da, mənim də əvəzim verildi. Elə isə, sən də öz aqibətini gözlə. Sənin də bu əməlinin əvəzini verən tapılar”.

Xəlifənin başına sanki qaynar su tökdülər. Fərraşlara işarə verdi ki, qocanı buraxsınlar. Sonra bağbanın könlünü alıb, onu əvvəlki işinə qaytardı, bağbana böhtan atan əyanı isə cəzalandırdı.

Top