Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə «Qrammofon» şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı. Deyilənə görə, Seyidin səsi yazılan vallar əl-əl gəzərdi...
Seyidin çox ürəyəyatımlı səsi vardı. Varlılar bir-birinin bəhsinə onu övladlarının toyuna aparar, qızılları başından ovuc-ovuc tökər, toyu qapadanda isə qiymətli hədiyyələrlə yola salardılar.
Tağıyev də Seyid Mirbabayevin səsinin vurğunu idi. Tez-tez onu evinə dəvət edər, səsinə qulaq asar, birə-üç haqqını verib, sonra da tapşırardı:
— Seyid, səsindən muğayat ol, korlanmasın. Bu səs Allahın sənə verdiyi elə nemətdir ki, qədrini bilməsən, bir də ələ düşməz. Sənin səsin pulla alınası mümkün olmayan nemətdir.
Seyid də eşitdiyi xoş sözlərdən, tərifdən və aldığı yüksək puldan razı qalıb əlini gözünün üstünə aparardı:
— Sağ ol, Hacı, Allah səni üstümüzdən əskik etməsin.
— Seyid, iki gün sonra yenə gəl, səni və çalğıçılarını gözləyəcəyəm.
— Hacı, məni məzur tut, gələ bilməyəcəyəm. Həmin vədəni başqasına söz vermişəm. Məhərrəmlik ayı başlayacaq deyə, toylar ara vermir. Milyonçu Şıx Balayevin varı-yoxu, gözünün ağı-qarası oğlunun toy məclisini aparmağa dəvət almışam. əgər əvvəlcədən bilsəydim, təklifi qəbul etməzdim.
— Neynək, Seyid, başqa vaxta qalsın...
Bakıda adları dillər əzbəri olan Şıx Balayev yeganə övladının toy məclisini aparmaq üçün Seyid Mirbabayevi çağırmışdı. Yeni evlənənlərin şərəfinə təmtəraqlı bir məclis qurulmuşdu. Qonaqlar qızıl-cəvahirat içərisində üzürdülər. Onların belinə bağladıqları xəncər, behbud və tapançaların bəzəyinə sərf edilən qızıl-gümüşün qiymətinə əməlli-başlı imarət tikdirmək olardı. Seyid də çağırıldığı məclisin qiymətini bilər, çalğıçıları ilə toyu rövnəqləndirərdi. O, toy məclislərində çox iştirak etdiyindən anlayırdı ki, düşdüyü yer ayrı aləmdir.
Seyid Mirbabayev tarzən Şirin Axundova musiqini başlamaq üçün işarə etdi. Tarzənlər tarzəni də işarəni anlayıb tarını sinəsinə basdı. «Segah» muğamı toyda iştirak edənləri feyziyab etdi.
Seyid məclisi necə şənləndirdisə, hər havanı oxuyub qurtardıqdan sonra çalğıçılar qavalın içinə atılan əsginasları və qızıl pul şabaşlarını yığıb-yığışdıra bilmirdilər. Çalğıçılar bundan cuşa gəlib musiqini-musiqiyə calayır, dayanmadan məclis iştirakçılarının sifarişlərini yerinə yetirirdilər.
Neft milyonçuları, tacirlər, gəmi, ticarət və mülk sahibləri bir-birinin bəhsinə var-dövlətlərini, səxavətlərini və toy sahibinə hörmətlərini göstərmək üçün xanəndənin başından durmadan pul tökürdülər. Bu azmış kimi, yer-yerdən deyirdilər:
— Seyid, sən Allah, «Segah»ı bir də oxu!
O da əlini gözünün üstünə aparıb sifarişçiləri razı salmağa çalışırdı.
Elə bu vaxt toy sahibi xanəndəyə bəytərifinə başlamaq vaxtı çatdığını dedi:
— Seyid, gərək mənim oğlumu elə tərif edəsən ki, dillərdə əzbər olsun...
Toy sahibindən gördüyü hörmət və izzətə sayğı göstərən Seyid böyük məharət və şövqlə «Segah» muğamı üstündə təzəbəyi tərifləməyə başladı. Qollarına qırmızı bağlanmış sağdış və solduşun müşayiəti ilə məclisə daxil olan təzəbəy onunçün hazırlanmış qırmızı məxmərli kürsüdə yerini rahatladı. Seyid isə tərifindəydi: — Xoş gəlmisən bu məclisi-ürfanə, a bəy,
Layiqdir hər qədəmin qurbanə, tazə bəy.
Məst eləyir xumari-gözün aşinaları,
Ola gər əlində bir dolu peymana, a bəy.
Yusifmisal təxtdə hökmün rəvan ola,
Yetsin sədayi-Misirdə soltanə, tazə bəy...
Toyda iştirak edənlər xanəndəni necə alqışladılarsa, "əhsən, əhsən!" sədaları yeri-göyü titrətdi. Xanəndə də başına yağan şabaşın çoxluğundan vəcdə gəlib ilhamla məclis iştirakçılarını tərif edib xələt verməyə çağırdı. Aradabir şuxluq edir, onu kamançada müşayiət edən erməni Vardana işarəylə deyirdi: Dəryada çox olar nəhəng balıq,
Bəladan saxlasın Həzrəti-Xalıq...
Bizim kamançaçıya da alın bir çarıq...
Alqış və gülüş sədaları qopar, əl çalınar, kamançaçı Vardanı şabaş yağışına tutardılar. Seyid isə öz aləminə qapılıb bəyin qohum-əqrəbasını tərif edir, xələt istəyərdi: Gözəl olar gəmilərin gəmisi,
Bizə xələt versin bəyin əmisi.
Görüm, a bəy, toyun mübarək olsun,
Qohumun, qardaşın, əmin sağ olsun...
Seyid hələ tərifini bitirməmiş təzəbəyin əmisi ağır-ağır yerindən durdu, iki barmağı arasında tutduğu beşyüzlük əsginasları qavala atdı və səxavətindən razı halda lovğa-lovğa yan-yörəsinə nəzər saldıqdan sonra keçib yerində əyləşdi. Seyid Mirbabayev coşdu, nə coşdu: Gözəl olur mayislərin mayisi,
Bizə xələt versin bəyin dayısı.
Görüm, a bəy, toyun mübarək olsun,
Qohum-qardaşına görüm borc olsun.
Amma nədənsə bəyin dayısından xəbər çıxmadı.
Demə, bəyin dayısı havasını dəyişmək üçün bayıra çıxıbmış, ikinci çağırışda özünü tələsik içəriyə saldı. Belində qızıl kəmər — üstündə qızıl xəncər, tapança, boynundakı qızıl zəncirdən sallanan brilyant və zümrüd medalyonlar işıq altında bərq vurur, dayının imkanının əmininkindən daha artıq olduğunu göstərirdi. Ağayana toy mağarının ortasında dayanan təzəbəyin dayısı da tərifdən özünü göyün yeddinci qatında hiss edirdi:
— Seyid, ana babamdan mənə miras qalmış «Bala şoranlıq»da qazdırdığım yeni quyunu sənə xələt olaraq verirəm. Nə çıxsa, sənin bəxtinə. Quyu hasilə gələnədək lazım olacaq xərclər də mənim boynuma. Amma səndən bir xahişim var: cəddinə qurban olum, oxu yetərincə, «Segah» üstündə təriflə məni....
Belə hədiyyədən sonra Seyid Mirbabayev daha da həvəslə oxumağa başladı. Qavalı atıb-tutduqca etdiyi tərif göylərə ucaldı. Xanəndəni müşayiət edən çalğıçılar havanı dəyişib «Vağzalı»ya keçdilər. Təzəbəyin dostları onu toy mağarının ortasına çəkib başından şabaş tökdülər.
Bu hadisədən sonra təzəbəyin əmisi yaman dilxor oldu. Qardaşının qaynının belə əliaçıqlığı sanki onu namdan saldı. Qaşqabağı yer süpürür, aradabir də yan-yörəsindəkilərə eşitdirirmiş kimi deyirdi:
— Əşşi, üç aydır «Bala şoranlıq»da qazmadıqları yer yoxdur, bir qətrə də neft çıxmayıb. İndi özünü belə göstərməyinə baxmayın, sözdür də deyir. Xəsisin biridir, yüz manat çıxarıb verməyin dərdindən camaatın içərisində belə deyib namını qaldırmaq istəyir.
Bəytərifi bitər-bitməz təzəbəyin dayısına «Bala şoranlıq»dan xəbər gəldi:
— Ağa, muştuluğumu ver, quyu fantan vurdu!..
Hamı ağzını açıb heyrətlə xəbər gətirənə baxırdı. İçini çəkib həsəd aparan kim, bunu Yaradanın möcüzəsi sayan kim… Təzəbəyin dayısı üzünü xanəndə Seyid Mirbabayevə tutub sakitcə dedi:
— Seyid, sənin cəddinə qurban olum, buyur min mənim faytonuma, get işinin üstünə!
Quyu elə fantan vurmuşdu ki, «qara qızıl»ı yığıb-yığışdırmaq mümkün deyildi. «Bala şoranlıq»da fəhlələrdən, dartıçılardan və nöyütü daşıyan arabalardan tutmuş hər şey qap-qara qaralmışdı.
Beləliklə, təzəbəyin dayısı vədinə əməl edib ertəsi günü xanəndə Seyid Mirbabayevlə notarius idarəsinə getdi və sənədləri rəsmiləşdirdi. O gündən xanəndə Seyid dönüb oldu «xozeyin» (sahibkar) Seyid Mirbabayev…
Qəfildən milyonçu olması məşhur xanəndəni bir anın içərisində dəyişdirdi. İndi o, keçmişindən, əlində qaval «Segah» deyib varlı balalarının toyunu aparmasından xəcalət çəkirdi...
Onun bu hərəkəti sənətinin vurğunu Hacı Zeynalabdın Tağıyevi yamanca sarsıtmışdı. Hətta Hacı özünü saxlaya bilməyib deyinirdi:
— əşşi, belə şey olar, bülbülləri geridə qoyan səsi ilə fəxr etmək əvəzinə, xəcalət çəkir? Ağa Musa, Vallah, bunun başı xarab olub. Heyf o səsdən. Daha oxumayacağı bəs deyilmiş kimi, hələ Varşavada səsi yazılmış qrammofon vallarını da satışdan yığışdırıb.
— Niyə, ay Hacı?
— Eh, fani dünya! Demə, «xozeyin» olandan sonra Seyid səsindən utanarmış… Balam, bir bundan soruşan yoxdur ki, ay kişi, məgər səni milyonçu edən indi rişxəndlə yanaşdığın xanəndəliyin olmadı? O gün yanıma gəlmişdi ki, Hacı, Sizdən xahiş edirəm: mənim səsim olan qrammofon valını satın almaq istəyirəm. Çox əsəbiləşdim. Necə yənı «satın»? Dedim ki, bala, məndəki qrammofon valı xanəndə Seyid Mirbabayevindir, sənin yox… Nə qədər yalvarıb-yaxarsa, qiyməti birə-yüz artırsa da, valı ona satmadım. O gün yenə təkrar gəlmişdi ki, Hacı, bəs hamıdan vallarımı geri aldım, səndən savayı. Cavab verdim ki, bala, hər axşam Seyidə qulaq asıb feyziyab oluram. Sonra da ona təklif etdim ki, sonuncu dəfə bir xeyriyyə konserti versin, oradan yığılan pulu qız balalarımızın təhsilinə sərf edək. Razılaşdı. Axırda soruşdum ki, Seyid, baha qiymətə geri aldığın valları neylədin? Başını aşağı dikib susdu və dedi: «Hacı, hamısını sındırdım»...
Keçmişinə arxa çevirən xanəndə Seyid Mirbabayev də digər milyonçular kimi cah-cəlal yığmağa başladı. «Xozeyin» Mirbabayev yaşadığı evi özünə yaraşdırmayıb, milyonçulara layiq imarət almaq istədi. Bunun üçün də Hacı Zeynalabdin Tağıyevin yanına gedib məsləhət istədi:
— Hacı, Siz şəhərdə olan bütün mülkləri və imarətləri tanıyırsınız. Mənə yeni ev almaq üçün kömək edin.
Tağıyev onu sakitcə dinləyib dedi:
— Seyid, bilirsən ki, indi sənin bəyənmədiyin səsinin vurğunuyam. Şəhərdə çoxlu mülküm və imarətlərim var. Doğulduğum və yaşadığım evlərdən savayı hansını istəyirsən seç, qurbandır sənə!
Hacının münasibətindən razı qalan Seyid Mirbabayev dedi:
— Hacı, Sizin mülklərinizdə gözüm yoxdur.
Hacı Zeynalabdin Tağıyev bir az düşünüb-daşındıqdan sonra cavab verdi:
— Seyid, gəl sənə məktub verim, Tiflisə get. Erməni milyonçusu Aramyan dəniz qırağındakı mülkünü satmaq istəyirdi. Bildiyimə görə elə də baha satmır. İstəsən ala bilərsən. Çox qəşəng memarlıq üslubunda tikilib. Mənim imarətimdən heç nəyi ilə geri qalmaz. Çox da ruzulu evdir. Evim hazır olanadək mən də o mülkdə yaşamışam. Sonra dostum Ağa Musa Nağıyev də neçə illər elə mənim yaşadığım otaqlarda yaşayıb.
— Nə deyirəm, Hacı. Məsləhət gördüyün kimi edərəm.
Hacı Zeynalabdin Tağıyev Tiflisdə Aramyanla alış-veriş etmək üçün kontorunda hesabdar çalışan Mirhəbib Seyidməmmədovu da Seyid Mirbabayevə qoşdu. Bundan əlavə Qafqaz Canişinliyinə də bir məktub yazıb verdi:
— Bu məktubu aparıb verərsən Qafqaz Canişinliyi İdarəsinə. Deyərsən ki, Qori Seminariyasını hamiliyə götürürsən. Bax, Seyid, ildə bir neçə min xərcin çıxsa da, üzün Nikolay padşahın yanında ağ olacaq, sözün yanında keçəcək. Gələcəkdə daha artıq müsəlman uşağını təhsil almaq üçün göndərə biləcəyik. Elə buna görə özüm də Bakı Texniki Məktəbinin xərcini çəkib, himayəmə aldım. Binanın bir neçə min manatın ucbatından üç il idi tikintisi yarımçıq qalmışdı. Altmış beş min manat verdim və binanın tikintisini başa çatdırdım. Sonra da oldum hamisi. «Kommerçeskaya» qimnaziyasına da doxsan min manat xərc çəkdim. Ağa Musa da «Realnaya gimnaziya» məktəbinə himayədarlıq edir. İndi orada oxuyanların yarısı müsəlman balalarıdır. Di çox düşünmə, gördüyün işin savabı qazandığın pulların miqdarından çox olacaq...
Seyid Mirbabayev Hacının məsləhətinə əməl etdi. Tiflisə gedib, Qori Seminariyasını hamiliyə götürmək üçün Qafqaz Canişinliyi İdarəsinə müraciət etdi. Tiflis şəhərində keçmiş xanəndənin atdığı addım böyük bir hadisəyə çevrildi. Yerli qəzetlər Bakı milyonçusunun əliaçıqlığından xeyli yazdı, hamı ondan danışdı: «Varşavada səsi qrammofon valına yazılan ilk azərbaycanlı, təsadüf nəticəsində neft milyonçusuna çevrilmiş Seyid Mirbabayev elmin tərəqqisi üçün yüksək məbləğli ianə verdi...».
Haqqında yazılanlardan fərəhlənsə də, «xanəndə» sözü Seyidi yamanca dilxor etdi.
Qafqaz Canişinliyində işini bitirən Mirbabayev Hacının verdiyi ikinci məktubu da götürüb Aramyanın evinə getdi. Aramyan qonaqları çox hörmətlə qarşılayıb nökərlərini yolladı ki, onların yükünü mehmanxanadan öz evinə gətirsin:
— Təkcə Hacı Zeynalabdin Tağıyevin Qafqaz xalqlarının uşaqlarına etdikləri bütün erməni milyonçularının öz millətinin balalarına etdiklərindən çoxdur. Hacının göndərdiyi adamların Tiflisdə mehmanxanaya düşməsini özüm üçün ayıb və təhqir hesab edirəm. Nəinki sizin kimi hörmətli adamların, Hacının nökərinin də evimin yuxarı başında yeri vardır.
Aramyan qonaqpərvərlik göstərib Bakıdan gələn müsafirləri bir neçə gün evində saxladı. Onların şərəfinə ziyafətlər verib məclislər qurdu. Qonaqları Tiflis şəhərinin görməli yerlərinə aparıb gəzdirdi. Gələnlərin məramını biləndə isə dedi:
— Bir vaxtlar həmin mülkü satmaq istəyirdim. Sonra fikrimdən daşındım. Çünki bir neçə dəfə qumarda hər şeyimi uduzandan sonra bu evi ortaya qoymuşam, bütün var-yoxumu artıqlaması ilə geri qaytarıb. Bir halda ki sizi Hacı bu məqsədlə göndərib, mülkü satmağa razıyam. əvvəllər satış qiymətini üç yüz min manat məbləğində qoymuşdum. Hacının xatirinə qiymətdə əlli min manat endirim edirəm. Halal xoşun olsun.
Aramyanın bu sözündən sonra Seyid Mirbabayev qiymətdə çənəboğaz etməyib, cibindən çıxardığı bank kitabçasına iki yüz əlli min manatlıq çek yazdı.
Qonaqlarını yola salanda Aramyan Hacının hesabdarına iki zərf verdi:
— Mirhəbib bəy, qırmızı zərfi Hacıya verərsən, göy zərf isə sənə çatacaq. Bakıya çatanda açarsan.
Qonaqlar qatarla Bakıya yola düşdülər. Geri qayıdarkən təşviş içərisində olan Mirhəbib dözməyib zərfin ağzını Bakıya çatmamış açdı və gözlərinə inanmadı. Aramyan onun üçün beş ədəd yüzlük qoymuşdu. Onun üzünün güldüyünü görən Seyid Mirbabayev soruşdu:
— Mirhəbib, Aramyan sənə nə qədər bəxşiş qoyub?
— Seyid, beş yüz manat...
— Bir o qədər də mən sənə bağışlayıram, halal xoşun olsun. Aramyan bir kişi olmasa da, Hacının yaxşılıq etdiyi ermənilərin içərisində yeganə adamdır ki, onun səxavətini unutmayıb.
Seyidin əliaçıqlığı dillər əzbər oldu. O, aprel inqilabınadək Aramyandan aldığı mülkdə yaşadı. 1920-ci il inqilabı zamanı isə digər milyonçular kimi Seyid Mirbabayev də Vətəni tərk etmək məcburiyyətində qaldı və dövlətinin bir hissəsini götürüb Parisə yollandı. Gətirdiyi sərvəti bir neçə il sonra əlindən çıxaran Seyid 1929-cu ildən tamamilə müflisləşdi.
...Bir gün keçmiş xanəndə-milyonçu səfil halda Parisin küçələrini dolaşırdı. Birdən gözünə «Patterqrammofon» şirkətinin elanı sataşdı. Şirkət iqilabaqədərki azərbaycanlı müğənnilərin səsi yazılmış köhnə valları satın aldığını elan edirdi.
Əyin-başı tokülən Seyid cəld özünü şirkətə saldı və qarşısına çıxan ilk adama müraciət etdi:
— Müsyö, mən elanla bağlı gəlmişəm. Sizə səsi Varşavada qrammofon valına yazılmış, tanınmış azərbaycanlı xanəndə Seyid Mirbabayevin valını gətirə bilərəm. Yeganə nüsxədir. Kiminlə danışa bilərəm?
Şirkətin işçisi nimdaş paltarlı kişini şübhəylə süzüb gözləməsini xahiş etdi və pərdənin arxasında yox oldu. Az keçməmiş o, geri döndü və dedi:
— Müsyö, şərtləriniz necədir?
— Yenidən istehsal edilən valların satışından əldə ediləcək pulun 50 faizi mənə çatacaq.
Həmin an işçinin üzündə yaranan təəccübdolu ifadəni görüb cəld əlavə etdi:
— Çünki o səsin sahıbı mənəm.
İşçinin gözləri böyüdü. O, bir neçə saniyə susub, sakitcə dilləndi:
— O zaman Sizi gözləyirik...
Seyid sevincək şirkətdən çıxıb yaşadığı yoxsul pansiona qaçdı. İllər boyu keçmişindən xatirətək saxladığı valı əşyalarının arasından çıxardı. əzizləyib o üz-bu üzünün tozunu sildi. Sonra pencəyinin ətəyi ilə yaşarmış gözlərini quruladı. Valı astaca bağrına basdı. Bir vaxt ayaqlarının altında xıncım-xıncım edib əzdiyi səs indi onu həyata qaytaracaqdı. Cözlərinin qarşısına ümid elədiyi gələcəyini gətirdi. Ətək-ətək pullar, cah-cəlal, mülklər, bahalı geyimlər, azad, qayğısız həyat…
Valı cəld pencəyinin altına soxub yenidən həmin şirkətə qayıtdı. İndi o, yalnız şirkətin sahibi ilə danışmalıydı. Təmkinlə içəri keçdi. Axı onun həyəcanlı olmasını heç kim duymamalı idi. Dərindən köks ötürdü. Valı aramla sinəsindən ayırdı və şirkətin sahibinə uzatdı. Şirkətin sahibi vala baxdı. Həmin an onun gözlərində də qəribə bir işıltı yarandı. əlini irəli uzatdı və… Müsafirin əli əsdi. Uzatdığı val bir an içərisində titrəyən barmaqları arasından sürüşdü, havada dövrə vurub yerə düşdü və çilik-çilik oldu… Gözlərinə inanmayan Seyidin sinəsindən dəhşətli inilti qopdu. Sonra xanəndə heç bir söz deməyib yerə çökdü və bir müddət beləcə oturdu. Özü də bilmədi ki, bu çömbəlmiş vəziyyətdə nə qədər qaldı. Bircə onu hiss etdi ki, sanki kimsə onu yuxudan oyadıb səslədi:
— Seyid, qalx ayağa, ayıbdır. Sənə ağlamaq yaraşmır!
Qulaqlarına inanmadı, təmiz Azərbaycan dilindəydi müraciət.
Başını qaldırıdı. Qarşısında Bakının tanınmış milyonçularından Teymur bəy Aşurbəyov dayanmışdı...
...Qucaqlaşıb öpüşdülər. Məlum oldu ki, Teymur bəy Tehranda yaşayır, Parisə də alış-verişə gəlib. Daha sonra Teymur bəy Seyidi özüylə geyim əşyaları satılan mağazaya apardı. Burada onun əyin-başın tamamilə təzələdi və qoluna girib yaşadığı mehmanxanaya apardı. Həmin günün ertəsi onlar birlikdə Tehrana yollandılar.
Bundan sonra Seyid Mirbabayev həmişəlik Tehrana köçdü və bu şəhərdə məskunlaşan bakılıların çayxanasında xanəndəlik etdi...
«Subaylıq sultanlıqdır», — deyən Mirbabayev ömrünün sonunadək evlənmədiyindən özündən sonra da övlad qoymadı.
Milyonçu kimi Vətənini tərk edən Seyid Mirbabayev 1953-cü ildə 86 yaşında Tehran şəhərində kasıb xanəndə kimi dünyasını dəyişdi.