Azərbaycanın musiqi mədəniyyətinin inkişafı daim zənginləşən, cilalanan və irəliyə doğru yönəlmiş prosesdir. Bu inkişafın istiqaməti bir tərəfdən milli ənənələrin özündəki imkanlar və bu imkanların reallaşması, digər tərəfdən zaman-zaman dəyişən, yeniləşən tarixi-mədəni kontekstin diktə etdiyi proseslərin məcmusu ilə şərtlənmişdir. Onun xarakteri və mündəricəsində XX əsrədək şifahi ənənəli aspekt aparıcı rol oynamışdır. Peşəkar klassik milli musiqi irsinin günümüzədək gəlib çatmış incilərinin yaradıcılarını tarix anonimləşdirmiş, onların ifaçılıq fərdiliyinin hüquqlarını ön plana çəkmişdir.
XX əsrdə bu inkişaf artıq yaradıcı şəxsiyyətin — bəstəkarın iradəsi, təxəyyülü və enerjisi ilə istiqamətləndirilməyə başlayır. Beləliklə, hər iki ənənənin paralel və çarpazlaşan hərəkəti Azərbaycan musiqi mədəniyyətinin XX əsrdəki səciyyəviliyini yaradır. Tarixin bu mərhələsində gedən proseslərin təsir və dəyər miqyasının həm lokal, həm də qlobal müstəvidə güclü əks-səda oyatmasının nə əlavə isbata, nə də müzakirəyə ehtiyacı yoxdur.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan musiqisində iki konteksti — həm Şərq, həm də Qərb mədəni çevrəsini əhatə edərək, ortaq məxrəc axtarışlarında inkişafa başlayır.O, çoxəsrlik mirası, formalaşmış musiqi təfəkkürü sistemi, mövcud potensialı ilə Qərb-Şərq mədəniyyətlərinin qarşılıqlı inteqrasiyası prosesinə, yeni ümumbəşəri mədəni ənənələrin yaranması, qurulması probleminin həllinə qoşularaq iki qüdrətli peşəkarlıq ənənələri ilə — ənənəvi klassik (şifahi) və bəstəkarlıq (yazılı) sahələri ilə yeni səviyyəyə qədəm qoydu. Bu dövrdə yaranan bəstəkar yaradıcılığı Azərbaycan musiqisində Qərb-Şərq mədəniyyət konteksti yaratdı. Beləliklə, XX əsrdə Azərbaycan musiqisində ümumdünya musiqi mədəniyyəti üçün getdikcə aktuallaşan Qərb-Şərq və ya Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsirinə və bu təsirin nəticələrinə əsaslanan bir inkişaf konsepsiyası reallaşmağa başladı.
XIX əsrdən başlayaraq Azərbaycanda təşəkkül tapan maarifçilik tendensiyaları milli musiqi yaradıcılığının Azərbaycan üçün yeni forması olan bəstəkarlıq ənənəsinin də yaranmasına mənəvi tələbat mühitini formalaşdırdı. XIX əsrin sonu XX əsrin əvvəllərində ilk faciə (N.Vəzirov və Ə.Haqverdiyev), ilk milli roman (N.Nərimanov), ilk realist povest (C.Məmmədquluzadə), publisist bədii nəsr nümunələri (S.M.Qənizadə), ilk tarixi roman (Ə.Gorani) yarandığı kimi musiqi yaradıcılığı da yeni janrlar və üslub yeniləşməsi ərəfəsini yaşayırdı. Üzeyir bəy Hacıbəylinin fitri istedadı, qüdrətli yaradıcılığı ilə Azərbaycan mədəniyyətində maarifçiliyin təkan verdiyi yeniləşən sahələr sırasına musiqi də daxil oldu. Ü.Hacıbəyli mühitin yenilikçi enerjisini musiqi sahəsinə yönəldərək Azərbaycanın ilk bəstəkarı, ilk klassiki kimi tarixə düşdü.
Üzeyir bəy Hacıbəyli bəstəkar, müəllim, alim, publisist, ictimai xadim kimi çoxşaxəli yaradıcılığı və fəaliyyətinin xüsusi çəkisi və miqyasına görə təkrarolunmaz şəxsiyyətdir. O, nəinki musiqi, ümumiyyətlə, XX əsr Azərbaycan gerçəklikləri miqyasında milli tariximizdə yeni inkişaf konsepsiyasının fəal yaradıcılarından biridir. «Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai» kimi mətbuat meydanına atılan 20 yaşlı Üzeyir müasir düşüncə tərzinə malik, savadı, geniş mütaliəsi olan analitik təfəkkürü, sərrast mülahizələri, ən əsası isə vətənpərvərliyi və millətsevərliyi ilə diqqəti çəkdi. Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirovun yaşayıb-yaratdığı yaradıcı mühit gənc Üzeyirin publisist, ictimai xadim kimi yetişməsində həlledici rol oynadı. Şuşadakı ailə mühitində, Qori seminariyasındakı təhsil illərində təməli vətənsevərlik, maarifçilik, yenilik təəssübkeşliyi kimi keyfiyyətlərlə qoyulan gəncin dünyagörüşü yeni impulslarla, ideyalarla zənginləşir, xarakterindəki cürət, döyüşkənlik, prinsipiallıq və qorxmazlıq kimi cizgilər möhkəmlənirdi.
Üzeyir Hacıbəyli məktəbdə müəllimlik etmiş, Azərbaycan dilində ilk «Hesab» dərsliyinin, «Rus-türk, türk-rus» lüğətinin, dövri mətbuatda çap olunan ən müxtəlif mövzularda yazılmış, aktuallığı, kəsəri, dərin təhlili ilə fərqlənən, məntiqli, incə yumorlu, kəskin satiralı, cəsarətli yüzlərlə məqalələrin müəllifi, «Tərəqqi», «Həqiqət», «Azərbaycan» qəzetlərinin redaktoru olmuşdur. Cəmiyyətin ən ağrılı məqamlarından, aktual mövzularından qibtə ediləcək cəsarətlə bəhs edən Üzeyir Hacıbəylinin Qarabağı, Zəngəzuru, Naxçıvanı qan içində boğmağa çalışan erməni fitnəkarlıqları haqqında yazdığı, həmvətənlərini ayıq və oyaq olmağa çağıran məqalələri bu gün də tarixi sənəd kimi üzləşdiyimiz işğal və haqsızlıqların mahiyyətini anlamaq, yenə də millətini ayıq və oyaq saxlamaq missiyasını daşıyır.
Lakin Ü.Hacıbəyli dühasının tam açıldığı təkrarsız, əvəzolunmaz sahə musiqi olmuşdur. Müasir Azərbaycanın tarixi inkişaf istiqamətini müəyyənləşdirən, «türkləşmək, islamlaşmaq, müasirləşmək» sütunlarına dayaqlanan yeni məfkurənin musiqi sahəsində reallaşması və gerçəkləşməsi Üzeyir bəyin adı və yaradıcılığı ilə bağlıdır. O, yeni təfəkkür tərzi və dünyagörüşünə dayanan milli tərəqqi məfkurəsini musiqi mədəniyyətində həyata keçirmiş, XX əsrin birinci yarısında bu sahədə gedən taleyüklü yeniliklərin təşəbbüskarı və icraçısı olmuşdur. Milli musiqi mədəniyyətində yeni sahənin — Avropa anlamlı peşəkar bəstəkarlıq məktəbinin, ifaçılıq fəaliyyəti növlərinin, musiqi təhsili sisteminin, çağdaş musiqişünaslıq elmi-estetik baxışların yaranması və təşəkkülü Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. O, dünya musiqi mədəniyyəti miqyasında müsəlman Şərqində yeni tipli bəstəkarlıq ənənəsinin banilərindəndir.
1908-ci ildə tamaşaya qoyulmuş «Leyli və Məcnun» operası həm Azərbaycanın, həm türk dünyasının, həm də ümumilikdə müsəlman Şərqinin ilk operası oldu. Dünya opera sənətində yeni, unikal bir janrın — muğam operasının nümunəsi kimi «Leyli və Məcnun»un bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti onun 100 illiyinin 2008-ci ildə YUNESKO səviyyəsində bütün dünyada təntənə ilə qeyd olunması ilə bir daha isbat olundu. Hələ 100 il əvvəl məşhur fransız jurnalı «Revü de monde» nömrələrindən birində «gənc müsəlman bəstəkarı Ü.Hacıbəylinin „Leyli və Məcnun“ operasına Şərqin köhnəliyin „tozunu süpürüb atması“ prosesinin musiqidə ümidverici, uğurlu təzahürü kimi baxırdı.
Üzeyir bəy Hacıbəylidən danışarkən „bani“ sözünü kəlməbaşı işlədirik. İlk opera, musiqili komediya, ilk kamera instrumental əsərlər, marşlar, xorlar, Azərbaycan dövlətçiliyinin rəmzi olan hər iki milli himn, orta ixtisas və ali musiqi təhsili sisteminin qurulması, milli musiqi irsinin nəzəri əsaslarının işlənməsi… Böyük bəstəkarın „ümuminsaniyyə üçün mənfəətli“ olan proseslər miqyasında öz dövrü və regionu üçün misilsiz xidməti onun yaradıcılığının amalı ilə ölçülür. Üzeyir bəy Hacıbəyliyə „Şərq sisteminə“ mənsub milli bəstəkarlıq məktəblərinin yaranması və təşəkkülü yolunda meydana çıxan və hələ uzun müddət mübahisə obyektinə çevrilən bir çox problemlərin həlli yollarını tapmaq müvəffəq olmuşdur. Ona xitabən işlənilən „Şərq musiqisinin patriarxı“ müraciəti təsadüfi deyildir. Tanınmış musiqişünas, professor V.Konenin „bundan sonra dünya musiqisi təkcə Avropa musiqisi hesab olunmamalıdır. Avropa və Şərq xalqları arasındakı çin səddi daha yoxdur“ sözlərini təkzibedilməz reallıq kimi təsdiq edən bir ünvan da Ü.Hacıbəyli musiqisidir.
Böyük bəstəkar milli musiqi sənəti qarşısında duran, zamanın irəli sürdüyü zəruri problemləri ümumdünya musiqi proseslərinin məcrasında həll edərək Qərb və Şərq musiqisi münasibətlərində yeni mərhələnin əsasını qoymuş, hər iki tərəfdə mövcud mühafizəkar baxışların mövqelərini sarsıdaraq „çin səddinin“ nisbi, şərti xarakter daşıdığını, qarşılıqlı-faydalı çulğalaşmanın mümkünlüyünü və perspektivliyini sübut etmişdir. Üzeyir Hacıbəylinin yaradıcılığında, musiqi xadimi kimi fəaliyyətində milli ənənələrə söykənən, özünəməxsusluğu və səciyyəviliyi saxlamaq şərti ilə yeni inkişaf səviyyəsinə qalxmağa imkan verən Avropa mədəniyyətinin məqbul formalarından faydalanmaq mövqeyi strateji istiqamətverici xarakter daşıyırdı. Məqalələrinin birində yazdığı kimi: „Böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini tərəqqi etdirib Qərb musiqisinin bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəliləməkdir“.
Bu yolda özünü büruzə verən və ümumiyyətlə, müasir Azərbaycan tarixində zaman-zaman mübarizədə üzə çıxan qatı mühafizəkarlıq, bayağı millətçilik və eyni dərəcədə təhlükəli ənənəvi „manqurtluğ“un musiqidə təsir gücünü zəiflətmək Üzeyir Hacıbəylinin və onun məsləkdaşlarının cəsarətli, məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. „Uca mərtəbələrə“ aparan yolun bir tərəfi milli musiqi, o biri tərəfi Qərb ənənələri idi: „Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsaslarını arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə və onu həqiqətən nəcib və nəfis sənəti-aliyyə məqamına yetirib, bu yolla ümum üçün yeni bir mənbeyi-zövq və mənbeyi-feyz damaqla Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərməkdir“.
Bəstəkarın bədii kəşfləri musiqi sənətinin ən müxtəlif səviyyələrini əhatə edir. Avropa janrları milli ənənələrlə üzləşmədə sənətkarın istedadı, intuisiya və zövqü ilə yeni təzahür forması alırdı. „Leyli və Məcnun“da operanın janr simasında, dramaturji məzmununda həlledici rol oynayan muğamın yeni keyfiyyətdə istifadə olunması Ü.Hacıbəylinin tarixi kəşfi idi. Klassik Avropa musiqisini — Vyana klassisizmini yeni milli üslub üçün nümunə seçən, Avropa funksional sistemi çərçivəsində melos, ritm, forma, harmoniya kateqoriyalarının milli musiqi xüsusiyyətləri zəminində orijinal təcəssüm formaları da Ü.Hacıbəylinin tarixi bədii kəşfləri qismində milli bəstəkarlıq məktəbinin qidalandığı zəngin qaynaqlara çevrildi.
Üzeyir Hacıbəylinin keçən əsrin əvvəllərində özünə, həmkarlarına, opponentlərinə verdiyi „Azərbaycan türklərinə “yevropeyski» deyilən musiqini öyrənmək lazımdırmı?" sualı ondan sonra da "Şərqə Avropa lazımdırmı?" kimi kəskin mübahisə və fikir ayrılığı doğuran sual kimi dəfələrlə təkrarlanırdı. Elə indi də təkrarlanır… Bu suala XX yüzilliyin əvvəllərində dahi Azərbaycan bəstəkarı aydın cavab vermişdir. Bütün yaradıcılığı, yorulmaz fəaliyyəti ilə təklif etdiyi, müdafiə etdiyi və gerçəkləşdirdiyi yol — faydalı, tərəqqi imkanlı sintez milli bəstəkarlıq məktəbinin sonrakı mərhələlərində də əsas istiqamətverici rol oynamışdır. Bu mənada Ü.Hacıbəyli sağlığında təkcə Azərbaycanda deyil, bütün Qafqazda, İranda, Türkiyədə, Orta Asiyada şəksiz nüfuz sahibi idi.
Azadlığı uğrunda əsrlərlə mübarizə aparan Azərbaycan xalqının qəhrəmanlıq duyğularını, enerjisini musiqidə əbədiləşdirən Ü.Hacıbəylinin yaradıcılıq irsinin əhəmiyyəti təkcə musiqi sənəti, ümummədəniyyət miqyasında deyil, həm də milli istiqlal məfkurəsi kontekstində böyük və əzəmətlidir.
«Leyli və Məcnun»un, Koroğlu«nun, „Sənsiz“in, „Arşın mal alan“ın, „Çırpınırdı Qara dəniz“in sədalarında sezilən, xalq qəlbi və ruhunun ən incə tellərinə toxunaraq güclü əks-səda oyatmaq qüdrəti əsrimizin heç bir sənətkarına Üzeyir Hacıbəyli qədər müyəssər olmamışdır. „Koroğlu“ operası təkcə milli opera sənətinin, musiqi mədəniyyətimizin ən uca zirvəsi deyil. „Koroğlu“ əlçatmaz zirvələrə qalxmağa, dəfedilməz maneələri adlamaqda güc, qüvvə aşılayan, tarixi yaddaşı yaşadan ümummilli həmrəylik və mübarizlik rəmzidir. Bu il xalqımız dahi bəstəkarın anadan olmasının 125 illiyini qeyd edir. Bu müddət tarix üçün bir andır. Amma bu anın içində Vətənindən ilham alaraq yaradan, Vətəni üçün çırpınan, Vətəni üçün yaşayan Şəxsiyyətin bir əsr sambalında ömrü var. Bu ömrün nuru hələ neçə yüzillikləri işıqlandıracaq.