Şövkət Məmmədova dahi Azərbaycan opera müğənnisidir. Klassik Avropa üslubunda oxuyan və opera partiyaları ifa edən ilk peşəkar milli sənətkarımızdır. Görkəmli musiqi xadimi, pedaqoq və təşkilatçı idi. Yüksək səhnə mədəniyyəti vardı. Həssas və zərif musiqi duyumu, səsinin lirik axıcılığı ilə seçilirdi.
Şövkət Həsən qızı Məmmədova 18 aprel 1887-ci ildə Tiflis şəhərində doğulub. Atası Həsən Məmməd oğlu nəslən Borçalı qəzasının Qoşa kilsə kəndindən idi. Tiflis şəhərinə 1889-cu ildə köçmüşdü və burada kiçik çəkməçi dükanı açıb kustar istehsalla məşğul olurdu. Ailəsinə sadiq olduğu general Yadigarovgildə həmyerlisi, imkanlı ailədən olan Xurşud xanım Sultanova ilə tanış olmuş və onunla evlənmişdir. Bu izdivacdan Şövkət və Muqbil dünyaya gəlmişlər. Musiqi istedadı ona ana südüylə keçmişdir. Dayısı və xalası qarmon və dəf çalır, çoxlu Azərbacan xalq mahnıları bilirdilər. Anası Xurşud xanım və qardaşı Muqbil də qarmonda çalırdılar. Balaca Şövkət, necə deyərlər, gözünü nəğməylə açıb mahnı ilə yuxuya gedirdi və buna görə də 6 yaşından peşəkar musiqi ilə məşğul olmağa başlayıb. Əvvəlcə onu A.Kitesin Ev məktəbinə veriblər. Bir il sonra Müqəddəs Nina məktəbində oxuyub. Həmin məktəbin rəhbəri Peterburqda musiqi təhsili almış Yelena Kandelaki idi və bu xanım Şövkətin istedadına, mehribanlığına, diribaşlığına heyranlıqla vurulmuşdu. O, pianoçu Levinanın müşayiəti ilə Şövkətlə özü məşğul olurdu. Qızın bütün tapşırıqları məharətlə yerinə yetirməsi müəllimlərini heyrətə gətirmişdi. Buna görə də onu 1859-cu ildə təşkil edilən Romanovlar (İmperiya) Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin fortepiano sinifinə veriblər. Müəlliməsi Tamara İosifona Stepanovna idi. Dayısı Əmir onun üçün fortepiano almışdı ki, evdə də müstəqil məşğul ola bilsin. Qısa müddətdə o, İohan Sebastian Baxın fuqa və prelyüdlərini, Volfqanq Amadey Motsartın və Frans Yozev Haydnın sonatalarını sərbəst çalırdı. On yaşında olanda Şövkət xanım ilk dəfə opera teatrına gedib və burada italyan müğənnisi Aida Qonzalın (Cilda) ifasında Cüzeppe Verdinin "Riqoletta" operasına baxıb. Sonra o, üğəninin ifasında Leo Delibin eyniadlı operasında Lakmenin partiyasını dinləyib. Bundan sonra evdə "Küçələrə su səpmişəm", "Qalanın dibində", "Ay bəri bax" Azərbaycan və Suliko gürcü xalq mahnılarını, Aleksandr Rubinişteynin "Əzra" romansını tez-tez oxuyub. Hətta fortepianoda özü öz ifasını müşayiət edib. Atası Həsən kişi 1910-cu ildə qəfildən vəfat edib. Sarsılmış qızcığaz anasının və müəlliməsinin nəvazişli qayğıları ilə musiqi təhsilindən ayrılmayıb. Həmin ili Novruz bayramında Tiflisin Artistlər cəmiyyətində (bugünkü Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram Teatrının binası) qrafinya Vorontsova-Dalikovanın təşkil etdiyi bayram konsert-mərasimində italyan və rus romansları, Azərbaycan xalq mahnısı oxuyub və böyük uğur qazanıb. Elə bu il də musiqi məktəbini bitirib. Nənəsi ilə Bakıya gələn Şövkət xanım yerli maarifçi ziyalıların, ilk növbədə Üzeyir bəy Hacıbəyovun, Məmmədhənifə Terequlovun, Hüseynqulu Sarabskinin, Müslüm bəy Maqomayevin köməkliyi ilə müəyyən vəsait toplaya bilib və ali vokal təhsili almaq üçün İtaliyanın Milan şəhərinə yola düşüb. Messenat, Bakı milyonçusu Zeynalabdin Tağıyev hər ay ona xüsusi təqaüd göndərirdi. Arada bu təqaüd gəlmədiyinə görə tələbə qız maddi çətinliklərlə üzləşib və təhsilini yarımçıq qoymalı olub. Şövkət Məmmədovanın ilk sənət müəlliməsi məşhur opera müğənnisi, uzun illər Milanın "La Skala" teatrında işləmiş, əlli yaşına çatmasına baxmayaraq ifa və səhnə təravətini itirməyən Dotti Ambrozio olub. O, gənc müğənni ilə səkkiz ay məşğul olub və həmin vaxtın tamamında Şövkət xanım XVII və XVIII əsr İtaliya bəstəkarları Montverdinin, kovallenin, krassiminin, Perqolezinin mürəkkəb əsərlərini məharətlə ifa edə bilirdi. Belə bir vaxtda Şövkət Məmmədovanın maddi vəsaiti tam tükənib və o, nicat üçün, yenidən təhsilini davam etdirmək naminə Bakıya gəlib. 1912-ci ilin 13 aprelində Üzeyir bəyin rəhbərliyi, həkim A.Axundovun qayğısı ilə Tağıyev teatrı binasında "Ər və arvad" operettası oynanılıb və yığılan vəsait bütünlüklə Şövkət xanıma verilib. Hətta tamaşadan sonra verilən konsertdə Şövkət xanım ilk azərbaycanlı qadın müğənni kimi səhnəyə çıxıb (Yakov Lyubarskinin akkomonentliyi ilə). Konsert Bakı qoçularını bərk qəzəbləndirib və mənzilində yaşadığı həkim Axundovun riski ilə müğənni gizlin yolla teatrdan çıxarılıb və Biləcəri stansiyasından Tiflisə yola salınıb. Tiflisdə Şövkət Məmmədova musiqi təhsilini davam etdirib. 1915-ci ildə müğənninin əri Yakov İsayeviç Lyubarski Tiflisə gəlib. O, Kiyevdə Politexnik institutunda təhsil almaq üçün yola düşəndə gələcəyin qüdrətli opera solisti də onunla gedib. Orada Şövkət xanım böyük musiqi xadimləri ilə, o cümlədən Reynqold Qlierlə, opera solistləri Flora Paşkseniya Dzejinskaya, Vorents Motvid, gələcəyin yazıçısı, tələbə Yusif Vəzir Çəmənzəminli ilə tanış olub. Kiyev konservatoriyasında A.Şperlinqin vokal sinifində oxuyub. Qlierlə birlikdə verdiyi konsertlərdə həm kiassik Avropa operalarından ariyalar, həm də Azərbaycan xalq mahnıları ifa edib. 1920-ci ildə Kiyevdə tələbələrin təşkil etdikləri Gürcü dərnəyində hazırlanan Valerian Qunianın "Qardaş və bacı" (Marina), David Eristavinin "Vətən" operalarında, Şalva Dadianinin "Şeni çiri me" ("Qadan alım") komediyasında, Valerian Qunianın "Vəkilin yanında" (Naznani), "Vəba vaxtı" (Eteri) məzhəkəİərində çıxış edib. 1921-ci ildə Şövkət Məmmədova Bakıya gəlib. Uzeyir bəy Hacıbəyov, Müslüm bəy Maqomayev, Zülfüqar bəy Hacıbəyov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Cəfər Cabbarlı ilə yaradıcılıq ünsiyyəti onun geniş sənət yoluna çıxmasına zəmin yaratmışdır. Həmin illərdə Azərbaycan opera truppası Milli Dram Teatrı nəzdində fəaliyyət göstərirdi (1925-ci ilin avqustuna qədər). Əvvəlcə Rus Operası, sonra Böyük Dövlət Opera Teatrosu adlanan kollektiv indiki Opera və Balet Teatrının binasında fəaliyyət göstərir, yalnız Avropa və rus operalarını tamaşaya hazırlayırdı. 1925-ci ildə Azərbaycan truppası da bu kollektivə daxil edildi, daha neçə il keçəndən sonra balet truppası təşkil olundu və sənət ocağı Azərbaycan Dövlət Opera və Balet Teatrı adlandı.
Şövkət Məmmədova bu teatrın səhnəsində ilk dəfə Cüzeppe Verdinin "Traviata" operasında Violeninanın partiyasını oxuyub. 1948-ci ilə qədər müxtəlif fasilələrlə teatrın solisti olub. 1927-1929-cu illərdə ikinci dəfə İtaliyaya gedib. Burada həm peşəkarlıq ustalığını təkmilləşdirib, həm də Roma, Venetsiya, Neapol, Florensiya, Piza şəhərlərinin musiqi və memarlıq incəsənətini görüb, sevib, öyrənib. Dünyanın ən məşhur kiassik və müasir bəstəkarlarının əsərlərindən, milli xalq mahnılarından ibarət zəngin konsert repertuarı yaradıb. Azərbaycan qadın peşəkar vokal məktəbinin bünövrəsmi qoyub, onu inkişaf etdirib, formalaşdırıb. Bununla belə, opera teatrının solisti kimi keçdiyi yaradıcılıq yolu öz əzəməti və vüsəti, monumental sənət nailiyyətləri ilə dünya səviyyəsində tanınıb, sevilib və şöhrətlənib. Zəmanəsinin canlı klassiklərinin incilərindən oxuduğu əsas partiyalardakı ifa mədəniyyəti günü bu gün də çağdaşlıq təravətini, sənət hüsnünü qoruyub saxlayır. Gənclər ondan bir məktəb, bir xəzinə kimi bəhrələnirlər. Təkcə bu rolların siyahısı bir sənətkar ömrünün cahan-şümul təntənəsi üçün yetərincə görünür: Violetta, Cilda ("Traviata" və "Riqoletto", Cüzeppe Verdi), Rozina ("Sevilya bərbəri", Coakkino Rossini), Lakme ("Lakme", Leo Delib), Olimpiya ("Hofmanm nağılları", Jak Offenbax), Qar qız ("Qar qız", Nikolay Rimski-Korsakov), Marqarito ("Qugenotlar" Coakomo Meyerber), Antonida ("İvan Susanin", Mixail Qlinka), Nərgiz ("Nərgiz", Müslüm bəy Maqomayev), Gülzar ("Şahsənəm", Reynqold Qlier), Gülçöhrə ("Arşın mal alan" Üzeyir bəy Hacıbəyov). Şövkət xanım Məmmədova dahi opera solistliyindən görkəmli vokal ustalığından əlavə, həm də məşhur teatr xadimi idi. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakıda Mirzə Fətəli Axundzadə adına Türk Dövlət Teatr Məktəbi açılıb. Özü 1923 - 1925-ci illərdə məktəbin direktoru işləyib. Azərbaycanın, həmçinin Özbəkistanın, Türkmənistanın və Dağıstanın ən məşhur səhnə ustaları məhz bu məktəbin yetirmələri olublar. İyirminci illərin əvvəllərində Şövkət xanım Bakıda ilk not nəşriyyatını təsis etmişdir. 1939 - 1945-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında direktor işləyib. Məhz onun təşəbbüsü ilə Əfrasiyab Bədəlbəylinin ilk Azərbaycan baleti "Qız qalası"nın ilk tamaşası 18 aprel 1940-cı ildə bayram təntənəsi ilə keçmişdir. Vaxtilə Azərbaycanda müxtəlif teatr cəmiyyəti və ittifaqı fəaliyyət göstərmişdir. 1945-ci ildə bu qurumlar Azərbaycan Teatr Cəmiyyəti adı ilə yenidən təsis edilmiş və onun ilk sədri Şövkət xanım olmuşdur. O, bu vəzifədə 1952-ci ilə qədər ehtiraslı enerji ilə çalışmışdır. Hazırda həmin cəmiyyət Azərbaycan Teatr Xadimləri İttifaqı adlanır. 1945-ci ildə Teatr Cəmiyyətinə sədr seçilən Şövkət Məmmədova Üzeyir bəy Hacıbəyovun rektor olduğu Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlayıb. Vokal Kafedrasının müdiri (1946 - 1947) və dekanı (1946 - 1950) olub. Vokal təhsil sisteminin dünya sənət ölçüləri səviyyəsində qurulmasında böyük işlər görüb və 2 iyul 1949-cu ildə professor elmi rütbəsinə yiyələnib. SSRİ xalq artistləri Firəngiz Əhmədovanın və Müslüm Maqomayevin yetişib formalaşmasında Şövkət xanımın müstəsna rolu var. Birincidən başlayaraq dörd çağırış Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilib. Ən müxtəlif Beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü seçilib. Konservatoriyada işinin çoxluğu və vaxtının azlığı ilə bağlı Şövkət xanım 1948-ci ildə opera teatrının solistliyindən çıxıb. O, özünün qu nəğməsi üçün Cüzeppe Verdinin "Traviata" operasını seçmişdi. Teatra gəlişi və vidası Violettanın partiyası olan sənətkar böyük Konsetrlərdə müğənni kimi nümunəvi çıxışlar etmişdi. 1938-ci ilin aprelində Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadası keçirilib. Orada Üzeyir bəy Hacıbəyovun "Koroğlu", Müslüm bəy Maqomayevin "Nərgiz" və Reynqold Qlierin "Şahsənəm" operaları və Üzeyir bəyin "Arşın mal alan" operettası göstərilib. Şövkət xanım Şahsənəmin və Nərgizin partiyalarını misilsiz füsunkarlıqla ifa edib. Dekadanın böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə 17 aprel 1938-ci ildə Şövkət xanım Məmmədova SSRİ xalq artisti fəxri adı ilə təltif olunub. Şövkət Məmmədova Tiflisin, Odessanın, Moskvanın, Kiyevin, Peterburqun, Daşkəndin, Parisin, Təbrizin ən böyük opera teatrlarında və nəhəng Konsert salonlarında Kamera-vokal nümunələri ifa etmiş, opera qəhrəmanlarının partiyalarını oxumuşdur. Azərbaycan və Dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri Şövkət xanımın ifasında lentə alınmış və vala yazılmışdır. Şövkət xanım Məmmədova 8 iyun 1981-ci ildə Bakida vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Adına Bakıda Opera studiyası və küçə var.