Fikrət Əmirov

Fikrət Əmirov

Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim. Dövlət mükafatı laureatı.
F. Əmirov öz yaradıcılığında daim dahi bəstəkarımız Ü. Hacıbəyovun ənənələrini davam etdirərək milli musiqi sənətimizin inkişafına çalışmışdır. Ideya məzmununun dərinıliyi, insanın daxili aləminin təsviri, melodik üslubun zənginliyi, ahəngdar orkestrləşdirmə Əmirov yaradıcılığına xas olan cəhətlərdəndir. Onun yaradıcılığında ritmik, melodik və məqam-intonasion qanunauyğunluqlar öz əksini tapır. Bəstəkar kiçik həcimli miniatürlardan tutmuş, mahnı, romans, süita, musiqili komediya, simfoniya, sinfonik muğamlar, fortopiano ilə sinfonik orkestr üçün konsert, opera və balet kimi bütün janrlarda özünü istedadlı mütəxəssis kimi tanıtmış və geniş kütlə dinləyicilərinin rəğbətini qazanmışdır.
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə (22/XI) Gəncədə tarzən-xanəndə ailəsində anadan olmuşdur. Onun atası müğənni və tar çalanla olmaqla yanaşı həm də müəllim idi. Uşaqlıq illəri musiqi aləmi ilə əhatə olunmuş F. Əmirov musiqiyə olan həvəsi hələ kiçik yaşlarından özünə biruzə verirdi. O, daima xanəndə və aşıqların, eləcədə instrumentalistlərin ifasını diqqətlə dinləmiş, xalq musiqi yaradıcılığını izləmişdir. Bu da onun musiqi düşüncəsinin formalaşmasını təmin etmişdir. Hələ uşaq yaşlarından tarın yaxşı ifaçısı kimi çıxış edərək öz məharətini nümayiş etdirirdi.
Professional musiqiçi olmaq məqsədilə o, 1938- ci ildə tar ixtisası üzrə Krivabad musiqi texnikumunu bitirdikdən sonra Bakıya gələrək musiqi texnikumunda təhsilini davam etdirir. 1939- cu ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Burada F. Əmirov xarici ölkə musiqi tarixi və ədəbiyyatı ilə yaxından tanış olur. Xarici ölkə bəstəkarlarının müxtəlif janrla əsərlərini dinləyərək öyrənir. Tələbəlik illərində o, “Variasiyalar”, “Romantik sonata”, “Prelüdlər”, “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” simfonik poemasını, eləcə də M. S. Ordubadinin liberettosu əsasında 1946- cı ildə “Gözün aydın” musiqili komediyalarını yazmışdır. Həmin dövrdə o, skripka və fortepiano ilə simfonik orkestr üçün ikili konsert, A. Babayev birlikdə fortepino ilə xalq çalğı alətləri orkestr üçün konsert, görkəmli Azərbaycan şairinə həsr etdiyi “Nizaminin xatirəsinə” sinfoniyasını yazmışdır.
1948- ci ildə F. Əmirov bir pərdəli “Ulduz” operası ilə konservatoriyanın bəstəkarlıq fakultəsini bitirir. O, öz yaradıcılığında milli folklorun öyrənilməsinə xüsusi diqqət yetirir. Xalq muğamlarını dərindən öyrənir, onların məqam xüsusiyyətlərini təhlil edir. Bəstəkar Azərbaycan muğamlarının simfonikləşdirilməsi sahəsində yeni naliyyətlər qazanmışdır. O, muğam improvizasiya üsulundan, eləcə də muğamın ritmik xüsusiyyətlərindən, həmçinin xalq mahnılarından istifadə edərək “Şur” və “Kürd...Ovşarı”simfonik muğamlarını yaratmışlar. Bu simfonik muğamlarda bəstəkar xalq musiqisinin inkişaf prinsipindən istifadə etmişdir. Həmin simfonik muğamlar 1949- cu ildə Dövlət mükafatına layiq görülmüşdür.
F. Əmirov xalq mahnılarının toplanması, nota salınması sahəsində də fəaliyyət göstərərək külli miqdarda Azərbaycan xalq mahnılarını nota salaraq tərtib etmişdir.Məsələn, “Küçələrə su səpmişəm”, “Gözəlim sənsən” və s. Bəstəkarın opera janrına müraciət etməsi onun ən böyük, naliyyətlərindən idi. Azərbaycanın görkəmli dramaturqu C. Cabbarlının eyni adlı əsəri əsasında yazılmış “Sevil” operasının ilk tamaşası 1953- cü ildə Bakıda çox böyük müvəffəqiyyətlə keçmişdir. Milli xasiyyət daşıyan bu opera Azərbaycan qadınının azadlıq mübarizəsi mövzusuna həsr olmuşdur. Operada bəstəkar Azərbaycan xalq milli məqam xüsusiyyətlərindən geni. Surətdə istifadə etmişdir.
F. Əmirov bir sıra dram tamaşalarına da musiqi yazmışdır. Məsələn S. Vurğunun “Xanlar”, “Vaqif”, H. Cavidin “Şeyx Sənan”, “Cavanşir”, və s. O, həmçinin Ü. Hacıbəyovun ənənələrini davam etdirərək bir sıra kamera- instrumental əsərlər də yazmışdır. Fortepianonun müşayiətilə skripka və violonçellər unisonu üçün Ü. Hacıbəyova həsr olunmuş “Xatirə” elegiyası,
A. Zeynallının xatirəsinə violençel və fortepiano üçün romans, E. Nəzirova ilə birlikdə alban xalq mövzuları əsasında iki fortepiano üçün süita, eləcə də fortepiano üçün 12 miniatür bəstəkarın kamera musiqisinin parlaq nümunələrindəndir.
1957- ci ildə E. Nəzirova ilə birlikdə fortepiano ilə simfonik orkestr üçün yazdığı konsert çox böyük müvəffəqiyyət qazanmışdır.
F. Əmirov həmçinin vokal musiqisi sahəsində də geniş surətdə fəaliyyət göstərmişdir. O, Nizami Gəncəvi, M, Lermonatov, A.S.Puşkin eləcə də S.Rüstəm, M.Dilbazi poeziyalarının təsiri nəticəsində bir sıra mahnı və romanslar yazmışdır. Məsələn, Nizami Gəncəvinin sözlərinə “Gülüm” M.Y.Lermontovun sözlərinə “Ulduz” romansları, A.S.Puşkinin anadan olmasının 150 illik yubileyi münasibətilə şairin sözlərinə simfonik orkestrin müşayiətilə fenor və bariton üçün “Qış yolu” vokal poemasını yazmışdır.
1961-ci ildə F.Əmirov simfonik orkestr üçün “Azərbaycan kapriççiosu”nu, həmçinin simfonik orkestr üçün”Azərbaycan qravürlərini”, “Nəsimi” vokal-simfonik poemasını, 1973-cü ildə yeni tembr-koloritə əsaslanan “Gülüstani-Bayatı Şiraz” simfonik muğamını yazmışdır. Əsərdə vokal və simfonik-orkestr ifasının tembr ahəngdarlığının xalq milli janr və formaları ilə vəhdət təşkil etməsi milli simfonizmin inkişafına imkan yaradır.
Bəstəkarın balet janrındakı fəaliyyəti 70-ci illərin axırlarına təsadüf edir. O, xalq nağıllarına müraciət edərək “Min bir gecə” nağılı əsasında R. Və M.İbrahimbəyovların librettosu əsasında eyni adlı balet yazmışdır. Azərbaycan milli musiqisi və muğam improvizasiya üsulu ilə klassik balet janrının formasına istinad edən bəstəkar milli kaloritli, klassik balet qayda-qanunlarına əsaslanaraq dramaturji cəhətdən böyük inkişafa malik olan səhnə əsəri yaratmışdır.
F.Əmirov bəstəkar olmaqla yanaşı pedaqoji sadədə də fəaliyyət göstərmişdir. O, həmçinin mətbuatda bir sıra məqalələrlə çıxışlar etmiş, ictimai işlərdə yaxından iştirak etmişdir.
1956-cı ildə Azərbaycan Opera və Balet teatrının direktoru vəzifəsində çalışmış, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuş, SSSRİ Bəstəkarlar İttifaqının ikinci ümumittifaq qurultayında Rəyasət Heyətinin üzvü olmuşdur. Musiqi sənətinin inkişafı sahəsində böyük nailiyyətlərə görə F.Əmirov 1955-ci ildə Az.SSR-nin Əməkdar incəsənət xadimi, 1958-ci ildə Az.SSR-nin xalq artisti fəxri adına layiq görülmüşdür. O, 1947-ci ildə “Qafqaz uğrunda”, “Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbə” medalları ilə təltif edilmişdir. 1982-ci ildə Sosialist Qəhrəmanı adına layiq görülmüşdür. Bəstəkar həmin ildə Bakıda vəfat etmişdir.

Top