Dmitriy Şostakoviç

Dmitriy Şostakoviç

Dahi rus bəstəkarı Dmitri Şostakoviç XX əsr dünya musiqisinin ən nəhəng nümayəndələrindən biridir. Onun kəskin dramatik, hətta faciəvi musiqisi zorakılığa, qəddarlığa qarşı çıxır, insanın xoşbəxt gələcəyinə inadkarlıqla can atmasını tərənnüm edir. Şostakoviç dünya simfonik musiqisinin Bethoven, Çaykovski və Maler kimi böyük ustadları ilə bir sırada duran sənətkardır. Simfoniyalarında insan varlığının ən mürəkkəb problemlərinə toxunan bəstəkar özünəməxsus, fərdi yaradıcılıq üslubu nümayiş etdirir.
ДМИТРИЙ ДМИТРИЕВИЧ ШОСТАКОВИЧ.
Bu üslub artıq Şostakoviçin diplom işi olan 1-ci simfoniyada özünü büruzə vermişdir. Bəstəkar şah əsərlərindən sayılan 5-ci simfoniyası ilə yaradıcılığının yetkinlik dövrünə qədəm qoyur. Şostakoviçin İkinci Dünya müharibəsi illərində yaratdığı 7-ci simfoniya isə sənət fədakarlığının əsl nümunəsidir. Əsər almanlar tərəfindən mühasirəyə alınmış, arasıkəsilməyən bombardmanlara, aclığa məruz qalmış Leninqradda (Sankt-Peterburqda) yazılmış və elə bu şəhərdə də ifa olunmuşdur. O zaman bütün dünya bu bənzərsiz hadisəyə mat qalmışdı — xarici qəzetlərdən biri yazırdı: «Ağır, dəhşətli bir zamanda bu cür simfoniya yaradan xalqı heç bir qüvvə diz çökməyə məcbur edə bilməz».
1948-ci ildə Profokyevlə birgə totalitar sovet rejimi tərəfindən kəskin tənqidlərə məruz qalan Şostakoviç yaradıcılıqda bəzi güzəştlərə getməli olur və inqilab mövzusuna həsr etdiyi 11-ci və 12-ci simfoniyalarını yazır. 13-cü və 14-cü simfoniyalara gəlincə isə bunlar Şostakoviçin simfonik üslubunda maraqlı yeniliklərlə seçilir — hər iki əsərdə bəstəkar vokal partiyalardan istifadə edir. Nəhayət, 15-ci simfoniyasını yazmaqla dahi bəstəkar yaradıcılıq axtarışlarına layiqli yekun vurmuş olur.


MUSİQİLİ İMZA
Şostakoviç öz adının və familiyasının ilk hərflərini latınca yazıb (DSch) onları musiqi dilinə çevirmiş, nəticədə «re — mi bemol — do — si» mövzusunu almışdır (D — re, S (və ya es) — mi bemol, S — do, N — si). Həmin motivdən Şostakoviç bir neçə əsərində — 8-ci kvartetində, 10-cu simfoniyasında, skripka və orkestr üçün 1-ci konsertində istifadə etmişdir.


Şostakoviç müxtəlif alətlər üçün də dəyərli əsərlər yaratmışdır. Belə ki, o, fortepiano üçün 24 prelüd və fuqa, bir neçə konsert və digər əsərlərin müəllifidir. Şostakoviç dövrümüzün böyük sənətkarı Mstislav Rostropoviçlə sıx yaradıcılıq ünsiyyətində olmuş, violonçel və orkestr üçün yaratdığı hər iki konsertini ona həsr etmişdir. Şostakoviçin musiqili teatrda, xüsusilə də opera janrında apardığı bədii axtarışlar Sovet İttifaqının incəsənətə nəzarət edən rəsmi dairələri tərəfindən mənfi qarşılanır; «Burun» (N.Qoqolun povesti əsasında) və «Msensk qəzasından ledi Makbet» (N.Leskovun hekayəsi əsasında) operaları musiqi baxımından həddindən artıq mürəkkəb elan olunur və səhnədən çıxarılır. Bu əsərlər yalnız 60-cı illərdə həyata qayıdır və XX əsr dünya opera sənətinin parlaq nailiyyətləri kimi layiqincə qiymətləndirilir. Şostakoviçin müxtəlif teatr tamaşalarına, «Ovod», «Hamlet», «Kral Lir» və başqa kinofilmlərə yazdığı musiqi, eləcə də A.Blokun, M.Svetayevanın sözlərinə bəstələdiyi romansları bəstəkar irsinin dəyərli səhifələridir. Şostakoviç Azərbaycan musiqisinin inkişafına da böyük təsir göstərmişdir. Qara Qarayevin dediyinə görə, «Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasından danışarkən ilk növbədə Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçin — bu iki klassikin adlarını çəkməliyəm». Onu da qeyd edək ki, Qara Qarayev Cövdət Hacıyevlə birgə Şostakoviçin sinfındə təhsil almış, onunla sıx yaradıcılıq və dostluq münasibətində olmuşlar.

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova
Top