Debüssinin yaradıcılıq axtarışlarının davamçısı Moris Ravel impressionizm estetikasını özünəməxsus, fərdi tərzdə təcəssüm etmişdir. Musiqidə daim yenilik sorağında olan bəstəkar, eyni zamanda, həm klassisizm cərəyanının prinsiplərinə sadiq qalmış, həm də xalq musiqi qaynaqlarından bəhrələnmişdir. Ənənə ilə novatorluğun bu cür orijinal uzlaşması Ravelin çoxşaxəli irsinin bütün sahələrində - opera və baletlərində, instrumental və vokal musiqisində aşkar sezilir.
Ravelin bir çox əsərləri - məsələn, fortepiano üçün yazdığı "Suyun oyunu", "Əksolunma", "Gecə kabusları", skripka üçün bəstələdiyi "Qaraçı qız" rapsodiyası bütün dünya ifaçılarının repertuarına möhkəm daxil olmuşdur. Bəstəkarın ən məşhur əsəri, heç şübhəsiz, orkestr üçün yazılmış "Bolero" pyesidir. Eyniadlı ispan xalq rəqsinin ritminə əsaslanan "Bolero" xüsusi daxili ekspressiya və zəngin tembr çalarları ilə seçilir. Məhz bu cəhətlərinə görə əsas mövzunun dəfələrlə müəyyən dəyişikliklərlə təkrar olunması heç də yeknəsəq, darıxdırıcı səslənmir, əksinə, dinləyiciləri əsər boyu intizarda və gərgin vəziyyətdə saxlayır. "İspaniya vaxtı" operası, "İspan rapsodiyası" ilə yanaşı, "Bolero" da Ravel yaradıcılığına xas olan "ispan" xəttinin təzahürüdür. Ravelin ispan musiqisinə bəslədiyi bu maraq bəlkə də bəstəkarın ana tərəfdən ispan mənşəli bask xalqına mənsub olması ilə bağlıdır. Ravel yaradıcılığında, ümumiyyətlə, müxtəlif qədim və müasir rəqslərin oynaq və ifadəli ritmlərindən fəal istifadə olunmuşdur. "Dafnis və Xloya" baleti, fortepiano üçün bəstələdiyi "Nəcib və sentimental valslar", "Övlad və sehrbazlıq" operası, məşhur "Vals" xoreoqrafik poeması gözəl rəqs ritmləri ilə aşılanmışdır. Ravelin əsərlərində caz musiqisinin əlamətləri də müşahidə olunmaqdadır. Həmin meyl bəstəkarın skripka və fortepiano üçün sonatasında, fortepiano və orkestr üçün konsertlərində öz bariz əksini tapır. Ravelin fortepiano və orkestr üçün 1-ci konsertinin bir qeyri-adi xüsusiyyəti var. Birinci Dünya müharibəsində sağ əlini itirmiş Avstriya pianoçusu Paul Vitqenşteynin sifarişi ilə yazılmış bu əsər yalnız sol əl üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, Ravel özü də Birinci Dünya müharibəsində könüllü olaraq sürücü və sanitar kimi iştirak etmişdir. Sonralar bəstəkar "Kuperenin məqbərəsi" adlı fortepiano üçün süita yazmış və onu müharibə zamanı həlak olmuş dostlarının xatirəsinə ithaf etmişdir. Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Ravel irsi dünya musiqi mədəniyyətinin xəzinəsini dəyərli töhfələrlə zənginləşdirmiş və müasir musiqinin inkişafında böyük rol oynamışdır.
Düzdür,orijinalın yerini heç cür verə bilməz.amma gitarada da gözəl alınır:
Amma bəlkə də Bolero ən yaxşı ifada məhz aşağıdakı şəkildədir. Super;
Müəllif Aida Hüseynova