İlk romantik bəstəkar avstriyalı Şuberti (1797 — 1828) onun bilavasitə sələfi Bethovenlə müqayisə etdikdə musiqidə nə dərəcədə əhəmiyyətli dəyişikliklərin baş verməsi açıq-aydın görünür. Bethovenin qəhrəmanı öz üzərinə nəhəng, şəxsi mənafelərindən uzaq məqsədlər qoyub ona kəskin mübarizədən sonra nail olur. Şubertin qəhrəmanı da xoşbəxtlik, səadət sorağındadır, lakin o, bədbinliyə, ümidsizliyə qapılır və axırda tənha qalır. Şubert musiqisinin obrazlar dünyası bəstəkarın öz həyatı ilə də səsləşirdi. Belə ki, dostlarının söylədiklərinə görə, son dərəcə təvazökar, hətta utancaq olan Şubert çox vaxt mənəvi sarsıntılar keçirir, öz mənafeyini qoruya bilmirmiş. O, daim maddi ehtiyac içində yaşamış və bəzən fortepianosunu girov qoymalı, musiqini alətsiz bəstələməyə məcbur olmuşdur. Lakin heç bir çətinlik Şuberti seçdiyi yoldan döndərə bilməmişdir.
Şubert musiqisinin əsas cəhəti onun son dərəcə səmimiliyidir. Doğrudan da, əsərlərini dinləyərkən özünü sanki bəstəkarın həmsöhbəti hiss edir, onun ürək çırpıntılarını, keçirdiyi emosiyaları duyursan. Bu, ilk növbədə Şubert irsinin ən çoxsaylı və zəngin sahəsi olan mahnılarına aiddir. Şubertin yaratdığı 600-dən artıq mahnı içərisində «Forel», «Səhər serenadası», «Ave Mariya», «Meşə çarı» kimi dünya musiqisinin nadir incilərini göstərmək olar. Bəstəkarın mahnıları bəzən vokal silsiləsi şəklində cəmləşdirilmişdir. Buna misal V.Müllerin sözlərinə yaratdığı «Gözəl dəyirmançı qız» və «Qış yolu», eləcə də vəfatından sonra dostları tərəfindən tərtib edilmiş «Qu quşu mahnısı» silsilələrini göstərmək olar. 9 simfoniya müəllifi Şubert bu janrı romantik sənətin özünəməxsus çalarları ilə zənginləşdirmişdir. Bəstəkarın ən məşhur, lirik əhval-ruhiyyəli 8-ci simfoniyası «Tamamlanmamış» adlanır. Əsərin cəmi iki hissədən ibarət olmasına baxmayaraq, onun məzmunu tam dolğunluğu ilə əks etdirilmişdir və dinləyicidə qətiyyən əsərin natamam olması təsəvvürü yaranmır. Görünür, adətən dörd hissədən ibarət olan klassik simfoniyanın ənənəvi quruluşundan uzaqlaşdığına görə bəstəkar simfoniyasını elə bu cür adlandırmışdır. Şubert fortepiano musiqisinə də müraciət etmişdir. Bu da təbiidir — bəstəkar özü məharətli pianoçu olmuş, istedadlı gənclərin "şubertiada'lar adlanan yığıncaqlarında tez-tez iştirak etmiş və öz əsərlərini çalmışdır. Şubertin «Musiqi anları», «Ekspromtlar»ı, rəqsləri, «Macar divertismenti» dünya pianoçularının ən çox sevdikləri və ifa etdikləri əsərlər sırasındadır.
Bethovenin vəfatından bir il sonra — 1828-ci ildə 31 yaşlı Şubert də dünyasını dəyişir. Bəstəkarın istəyi ilə dostları onu Bethovenin basdırıldığı qəbiristanlıqda dəfn edirlər.
Bu əsərlərlə tanış olun
«Forel», «Səhər serenadası», «Meşə çarı», «Ave Mariya» mahnıları
«Tamamlanmamış simfoniya»: 1-ci hissə
«Musiqi anı» fa minor Vals si minor
Ave Maria mahnısının videoparçasını sizə təqdim edirəm:
Çox gözəl musiqi olan Ave MArianın skripkada olan ifasını görmək üçün isə bu videoya baxın:
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova