KLASSİSİZM DÖVRÜ
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən itirməyə başlayır. Daha dürüst, tarazlaşdırılmış musiqi formalarına meyl yeni, klassisizm cərəyanının bərqərar olmasına gətirib çıxarır. O zaman Avropanın "musiqi paytaxtı" sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Haydn, Mosart və Bethoven yaradıcılığı klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri adı ilə daxil olmuşlar. Vyana klassiklərinin bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də onun "yaxın qohumlar"ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə çatdırılmışdır. Avropa musiqisinin yaraşığı və fəxri olan simfonik orkestr də Haydn, Mosart və Bethovenin əsərlərində formalaşmışdır. Vyana klassik məktəbini təmsil edən hər bəstəkar özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir.
Haydn irsi dünya musiqi mədəniyyətinin ən nikbin, işıqlı səhifələrindəndir. Doğma Avstriyanın gözəl təbiətini, kəndlilərin məişət və əmək lövhələrini təsvir edən bəstəkar həyatın kəskin dramatik təzadlarından, faciəvi tərəflərindən sanki kənarda qalır. Hərçənd Haydnın özü heç də asan həyat keçirməmişdir. On yeddi yaşından o, evsiz-eşiksiz qalmış, sonrakı on il ərzində isə yalnız təsadüfdən-təsadüfə iş tapıb pul qazanmışdır. 1761-ci ildən etibarən təxminən otuz il o, varlı macar knyazları Esterhazilərin sarayında kapelmeyster (o vaxt dirijoru belə adlandırırdılar) və bəstəkar kimi çalışmışdır. Haydnın işi çox çətin və məsuliyyətli idi - o həm orkestrə rəhbərlik etməli, həm də knyazın zövqünü oxşayan əsərlər yaratmalı idi. Üstəlik, musiqi alətlərinin və partituraların səliqə ilə saxlanması və hətta musiqiçilərin geyimlərinə nəzarət də ona tapşırılmışdı. Lakin bütün bu çətinliyə və işin çoxluğuna baxmayaraq, Esterhazilərin malikanəsində Haydnın bəstəkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılmışdı.
Yozef Haydnı "simfoniyanın atası" adlandırırlar. Doğrudan da, 100-dən artıq simfoniya bəstələmiş Haydn faktik olaraq bu janrın təməlini qoymuş, onun gələcək inkişafına dəyərli töhfələr vermişdir. O, yüksək peşəkarlıqla bəstələdiyi simfoniyalarında incə yumor hissi də nümayiş etdirir. Məsələn, "Ayı" simfoniyasında ayının ağır, yöndəmsiz hərəkətləri, "Toyuq" simfoniyasında toyuğun qaqqıldaması məharətlə verilmişdir. Məşhur "Vida" simfoniyasında isə Haydn musiqinin dili ilə knyaz Esterhaziyə özünün, eləcə də bütün saray musiqiçilərinin arzusunu bəyan etmişdir. Esterhazi uzun müddət imiş ki, orkestr üzvlərinə məzuniyyət vermirmiş. Haydn da musiqiçilərin istirahətə möhtaclığını knyaza bildirməkçün orijinal bir yol seçir; simfoniyanın son hissəsində musiqiçilər növbə ilə öz alətlərini götürüb səhnəni tərk edirlər. Əsər iki skripkanın qəmli, lirik dueti ilə bitir. Knyaz Esterhazi bu eyhamı başa düşüb musiqiçiləri məzuniyyətə buraxır.
Haydn həmçinin "kvartetin atası" hesab olunur. 100-dən artıq kvarteti, eləcə də trioları, fortepiano sonataları, konsertləri klassisizm dövrünün instrumental musiqisinin ən gözəl səhifələrindəndir. Həyatının son çağlarında Haydn bütün Avropada böyük şöhrət qazanır. Onun əsərləri bir çox ölkələrdə, xüsusən də səfər etdiyi Fransada, İngiltərədə səslənir, böyük rəğbətlə qarşılanır. Həmin səyahətlərdən aldığı təəssüratları əks etdirən "Paris", "London" simfoniyaları, "Dünyanın yaranması" və "İlin fəsilləri" oratoriyaları dahi sənətkarın son yaradıcılıq zirvələri olmuşdur.
SÜRPRİZ
Londonda işlədiyi zaman Haydn fikir verir ki, sakit, mülayim xarakterli, ağır templi əsərlərin ifası zamanı bəzi dinləyicilərin diqqəti musiqidən yayınır, hətta onlar yatırlar. Belə saxta musiqisevərlərin dərsini vermək məqsədilə bəstəkar növbəti simfoniyasında bir məzəli ideya tətbiq edir. Simfoniyanın 2-ci, ağır hissəsində musiqi get-gedə sakitləşdiyi halda, litavra alətinin birdən səslənən gur, ildırımabənzər akkordu zalda bütün yatanları oyadır. O vaxtdan Haydnın 94-cü simfoniyası "Litavranın zərbəsi ilə" və yaxud "Sürpriz" adı ilə tanınır.
Bu əsərlərlə tanış olun:
✓ 103 N-li simfoniya ("Litavraların tremolosu ilə")
✓ 94 N-li simfoniya ("Litavraların zərbəsi ilə"), 2-ci hissə
✓ 45 N-li simfoniya ("Vida"), 5-ci hissə
✓ Fortepiano sonatası re major (or. 30 N 3)
Müəllif: Aida Hüseynova