Tale elə gətirmişdir ki, Georq Fridrix Hendelin həyat və yaradıcılıq yolu bir çox cəhətləri ilə Baxın tərcümeyi-halı ilə səsləşir. Bu iki nəhəng alman bəstəkarı dövrün ən məharətli polifoniya ustaları kimi tanınmışdır. Onlar eyni ildə anadan olmuş, həyatlarının son çağlarında ağır göz xəstəliyindən əzab çəkərək kor olmuşlar. Lakin Hendelin sənət yolu, yaratdığı musiqinin ab-havası və quruluşu Baxın musiqisindən tamamilə fərqlidir. Hendel 27 yaşında Almaniyanı tərk edir, İngiltərəyə köçür və öz yaradıcılıq axtarışlarını bu ölkənin musiqi mədəniyyəti ilə bağlayır. Burada o, krallar və başqa dövlət xadimləri ilə sıx ünsiyyətdə olur, İngiltərənin musiqi həyatına mühüm təsir göstərir. Yaradıcılığının ilk mərhələsini Hendel operaya həsr edir (xatırladaq ki, Bax heç zaman bu janra müraciət etməyib). Bəstələdiyi 40-dan artıq iri-həcmli (əsasən opera-seria janrında yazılmış əsərlər) operaları — «Yuli Sezar», «Rinaldo» və başqaları Hendelə geniş şöhrət qazandırır. Lakin yaradıcılıq yolunun müəyyən məqamında Hendel operadan tamamilə uzaqlaşır və diqqətini bütövlüklə oratoriya janrına yönəldir. Onun oratoriyalarının əksəriyyəti İncil mövzularından bəhrələnir. Bu müqəddəs kitabda əks etdirilmiş qəhrəmanlıq və şəhidlik ideyalarını Hendel musiqi dili ilə canlandırır. Bəstəkarın «Məsihə», «Samson», «Saul», "İsrail Misirdə" oratoriyaları həmin janrın mükəmməl, qüsursuz nümunələridir. Hendelin möhtəşəm, əzəmətli musiqisi tez-tez saraylarda keçirilən təntənəli mərasimlərdə səslənirdi. Belə əsərlər sırasından orkestr üçün bəstələnmiş «Su üzərində musiqi», «Fişəng musiqisi» açıq havada ifa olunmaq üçün nəzərdə tutulmuşdur. «Fişəng musiqisi» həmçinin bayram atəşfəşanlığı ilə müşayiət olunurdu. Hendel də Bax kimi orqan və klavesin ifaçılığının görkəmli nümayəndəsidir. Oratoriyalarının ifası zamanı kiçik fasilələrdə o, orqanda improvizə edər, öz virtuoz məharətini nümayiş etdirərdi. Odur ki, Hendelin orqan üçün gözəl konsertlər, eləcə də klavir süitaları bəstələməsi çox təbiidir. Baxdan fərqli olaraq Hendel sənəti hələ bəstəkarın sağlığında ona ümumavropa şöhrəti gətirmişdir. Sonrakı nəsillər də bu ecazkar musiqiçinin əsərlərində yeni çalarlar aşkar edir.
Bu əsərlərlə tanış olun:
✓ «Samson» oratoriyasi: «Matəm marşı»
✓ 7 N-li klavir süitası
Mənbə: Musiqi-səmimiyyət məbədi (Ayna uşaq ensiklopediyası)
Müəllif: Aida Hüseynova