Bax sənəti dünya musiqi mədəniyyətinin bəlkə də ən yüksək, əlçatmaz zirvəsidir. Bu ecazkar musiqinin fəlsəfi dərinliyi, bədii kamilliyi, yüksək peşəkarlığı əsrlər boyu insanları həyəcanlandırır, düşünməyə vadar edir. Bax polifonik musiqinin dahi nümayəndəsidir. O bu mürəkkəb bədii üslubun yaradıcılıq imkanlarını xeyli zənginləşdirərək onu yeni zirvələrə yüksəltmişdir. Bəstəkar Almaniyanın məşhur musiqiçilər nəslinə mənsub olmuşdur. Bu ölkədə yarıciddi, yarızarafat hər musiqiçini Bax adlandırır, soyadı Bax olan hər kəsi isə musiqiçi bilirdilər. İohann Sebastyan Bax (1685-1750) olduqca sadə, təvazökar həyat sürmüşdür. Maraqlıdır - o cür rəngarəng, mürəkkəb hisslərlə dolu musiqini yaradan bir insan həyatı boyu bir dəfə də olsun Almaniyanı tərk etməmiş, Arnştadt, Veymar, Köten, Leypsiq və ölkənin başqa şəhərlərində yaşamış, orqançalan, dirijor, xor rəhbəri vəzifələrində çalışmışdır. Bax çox vaxt dini mövzulara müraciət etmişdir. Məsələn, "Matfey əzabları", "İoann əzabları" kimi irihəcmli vokal-instrumental əsərlərində İsa Məsihin sarsıntılarından bəhs olunur. Baxın çoxsaylı messalarında, kantatalarında katolik musiqisinin ənənəvi formaları canlanır. Lakin eyni zamanda, bəstəkar öz musiqisində şən, məzəli obrazların təcəssümünə də geniş yer vermişdir. Məsələn, onun "Qəhvə" kantatasında qəhvə içkisinin yenicə dəbə minməsi və insanların buna müxtəlif münasibətləri, "Sevimli qardaşımın gedişinə həsr olunmuş kapriççio" pyesində isə ailə üzvünün yola salınması ilə əlaqədar evdə baş verən təlaş, vurnuxma incə yumor hissi ilə ifadə olunur. Bax vətənində öncə məharətli orqan ifaçısı kimi böyük rəğbət qazanmışdır. Onun virtuoz orqan improvizasiyalarının təsirli gücü haqqında hətta əfsanələr gəzirdi. Deyirdilər ki, bir gün Bax məşhur fransız orqan çalanı Lui Marşanla müsabiqə keçirmək üçün Drezdenə dəvət edilir. Yarış ərəfəsində keçirilən qısa məşqlərdən sonra Baxın tərəf-müqabili Drezdendən gizlincə çıxıb getmiş və bununla da Baxın qələbəsini etiraf etmişdir. Baxın orqan əsərləri - məşhur tokkata və fuqası, passakalya və başqaları əzəməti və dinləyicilərə dərin hisslər aşılaması ilə diqqəti cəlb edir. Bax irsinin mühüm hissəsi klavir alətinə yönəldilmişdir ("klavir" sözü klavesin və klavikord alətlərinin ümumi adı mənasında işlənir). Klavir o dövrdə xeyli təkmilləşdirilmiş və yaxud musiqiçilərin dili ilə desək, temperasiya olunmuşdur. Elə Baxın həmin alət üçün yaratdığı məşhur məcmuə də "Yaxşı temperasiya olunmuş klavir" adlanır. Burada toplanmış prelüd və fiıqa adlanan polifonik əsərlər Baxın fortepiano musiqisinə bəxş etdiyi zəngin, misilsiz bir xəzinədir. Klavir üçün bəstəkar həmçinin "Fransız" və "İngilis" süitaları, konsertlər, xromatik fantaziya və fuqa, invensiyalar və başqa əsərlər yaratmışdır.
İnvensiyalardan, eləcə də "Anna Maqdalena Baxın not dəftəri" adı ilə tanınan kiçik məcmuədən Bax öz uşaqları ilə keçirtdiyi klavir dərslərində istifadə edirmiş. Onu da qeyd etmək lazımdır ki, Bax, doğrudan da, qayğıkeş bir müəllim olmuşdur; onun üç oğlu - Filipp Emmanuil, Vilgelm Frideman və İohann Xristian Almaniyanın istedadlı bəstəkarlarından sayılırlar. Bax həmçinin skripka, violonçel, eləcə də orkestr üçün gözəl əsərlər yaratmışdır. Onun məşhur "Brandenburq konsertləri" barokko musiqisinin misilsiz abidələrindəndir. Əfsuslar olsun ki, Bax yaradıcılığı bəstəkarın sağlığında layiqincə qiymətləndirilməmişdir. Yalnız XIX əsrin ortalarında görkəmli alman bəstəkarı Feliks Mendelsonun təşəbbüsü ilə və onun idarəçiliyi altında "Matfey əzabları" əsəri ifa olunduqdan sonra Baxın zəngin irsinə maraq oyanmışdır. O vaxtdan bəri hər yeni nəsil bu bənzərsiz xəzinəyə müraciət edir, orada özü üçün yeni aləmlər açır. Bax musiqisi həmişəyaşar və həmişəcavan olaraq qalır! YUXUSUZLUGUN ƏLACI İ.S.Baxın məşhur "Holdberq-variasiyaları" əsərinin maraqlı yaranma tarixi var. Rusiyanın Almaniyadakı səfiri qraf Kayzerlinq tez-tez yuxusuzluqdan əziyyət çəkir və gecə saray musiqiçisi İohann Teofıl Holdberqdən klavesində mülayim, "yuxu gətirən" musiqi əsərləri çalmasını xahiş edirmiş. Holdberqin repertuarı tədricən tükəndiyindən qraf Kayzerlinq Baxa yeni əsər sifariş edir. Bax da ariya və 30 variasiyadan ibarət bir silsilə bəstələyib həmin əsərə onu ifa edəcək Holdberqin adını vermişdir. Beləliklə, qraf Kayzerlinqin yuxusuzluğu dünya musiqisinin gözəl incilərindən birinin yaranmasına səbəb olur. Bu əsərlərlə tanış olun: ✓ Tokkata və fuqa re minor ✓ "Sevimli qardaşımın gedişinə həsr olunmuş kapriççio" ✓ "Mükəmməl temperasiyalı klavir", 1-ci cild: Prelüd və fuqa do major, do minor
✓ Orqan xoral prelüd fa minor ✓ 1 N-li "Brandenburq konserti": 2-ci hissə
Mənbə: Musiqi-səmimiyyət məbədi (Ayna uşaq ensiklopediyası) Müəllif: Aida Hüseynova
UPD. Baxın arvadı ərinin əvəzinə musiqi yazmışdır Avstraliyalı tədqiqatçı bəyan etmişdir ki, İohan Sebastyan Baxın bir sıra əsərlərinin əslində onun arvadı tərəfindən yazıldığı barədə təkzibolunmaz sübutlar tapmışdır. Kriminologiya anlayışından istifadə etməklə aparılmış 30 illik tədqiqatdan sonra professor Martin Carvis Baxın violonçel üçün suitasının əslində onun ikinci arvadı Anna Maqdalena Uilke tərəfindən yazıldığını sübut etməyə hazırdır. Darvin orkestrinin dirijoru Carvis bunun belə olduğundan hələ Londondakı Kral Musiqi Akademiyasının tələbəsi olan vaxt şübhələnmişdir. "2001-ci ildə mən violençel üçün suitanı analiz etdim və onun Bax tərəfindən yazılmadığının 18 əlamətini tapdım" - Carvis demişdir. Tədqiqatların gedişində Carvis Baxın 1713-cü il tarixli və Anna Maqdalenanın xətti ilə yazılmış iki məşhur manuskriptini tapdım. Manuskriptlərin onların görüşündən bir il əvvələ aid tarixə malik olmasını nəzərə alaraq, belə sual yaranır - nə baş verir?. Bundan başqa, Carvis manuskriptlərdən birində fransız dilində Baxın dostunun xətti ilə yazılmış "Madam Baxen tərəfindən yazılmışdır" - sözlərini aşkar etmişdir. "Əgər bunların hamısını bir yerə cəmləsək, bunun qadın tərəfindən yazıldığının şahidi olarıq" - Carvis demişdir. Bax və Anna Maqdalena Uike 1721-ci ildə evlənmişlər. Bəstəkar 1750-ci ildə ölmüşdür.