Prostat vəzin böyüməsi. Prostat vəzin böyüməsi yaxud xoşxassəli hiperplaziyası

Prostat vəzin böyüməsi. Prostat vəzin böyüməsi yaxud xoşxassəli hiperplaziyası

Prostat vəzin adenoması 40 yaşdan yuxarı kişilərdə müşahidə olunur və yaş artdıqca daha çox aşkarlanır.Prostat vəzin böyüməsi 50 yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən uroloji xəstəlik olmaqla yanaşı həm də ən çox əməliyyata səbəb olan xəstəlikdir. Prostat vəzin adenomasına prostat vəzin xoş xassəli hiperplaziyası da deyilir. Bu xəstəlik prostat vəzin həcminin böyüməsi nəticəsində sidik kisəsi boynunun deformasiyası, sidik kanalının prostatdan keçən hissəsinin daralması, uzanması və bununla əlaqədar olan şikayatlərin müydana çıxması ilə müşahidə olunur. Sidik kisə, sidik kanalı və prostat vəzin yerləşməsini, mövqeyini təsəvvür etməklə hətta həkim olmayan insan prostat adenomasının əlamətlərinin necə yarandığını anlaya bilər. Prostat vəzin böyüməsi.
Əvvəlcə prostat vəzini təsəvvür edin
Prostat vəzi sidik kisəsinin altında, sidik kanalının başlanğıc hissəsini mufta şəklində əhatə edən orqandır. Məhz ona görə də prostat vəzinin böyüməsilə müşahidə olunan xəstəliklər sidik ifrazının çətinləşməsinə, az – az qırıq – qırıq, haçalanma, duşdan gəlməni xatırladan səpələnməyə, sidiyin şırnağının zəifləməsinə, hətta sidk ifrazının mümkün olmamasına səbəb ola bilir. Bir çox insanlar bu əlamətləri yaşlanma ilə əlaqələndirir və onu cərrahi müdaxilə ilə düzələ biləcəyinə inanmır. Düzdür, xəstəliyin inkişafı yaşla əlaqədar  kişilərin orqanizmində gedən hormonal dəyişikliklərlə əlaqəlidir, hansı ki, 45 – 50 yaşlı kişilərin demək olar böyük əksəriyyətində rast gəlinir. Kişilərdə belə hormonal dəyişiklik andropauza yaxud  kişi klimaksı adlanır.
Vaxtaşırı olaraq prostat vəzin böyüməsi sidik kanalının sıxılmasına səbəb olur və xəstənin sidik ifrazı çətinləşir. Prostat vəzin həcmindən və xəstəliyin dərəcəsindən asılı olaraq, xəstənin sidik ifrazının cüzi çətinləşməsindən tutmuş, sidik ifrazının mümkün olmaması kimi, hətta təcili tibbi yardım tələb edən müxtəlif əlamətlər ola bilər.
Təəssüflər olsun ki, bir qrup xəstələr, hətta bəzi həkimlər cərrahi əməliyyata axırıncı çıxış yolu kimi baxırlar. Hətta konservativ müalicənin əks göstəriş olduğu hallarda bəzi xəstələr həkimi təhrik edirlər ki, nə edirsə etsin, ancaq əməliyyat deməsin və onlara müalicə yazsın. Belə olduğu halda isə, xəstələr öz vəziyyətlərini daha da çətinləşdirirlər və gecikmiş vəziyyətdə, sidik ifrazının mümkün olmadığı ( kəskin sidik ləngiməsi ), böyrək çatışmazlığı ilə ağırlaşmış halda cərrahi müdaxilə üçün müraciət edirlər.
Başqa bir tərəfdən isə nisbətən cavan xəstələri narahat edən odur ki, prostat vəzidən əməliyyat olunduqdan sonra cinsi əlaqədə ola bilməyəcəklər. Bu kökündən səhv fikirdir. Çünki, prostat vəzidə aparılan müasir əməliyyatlar cinsi orqanın sərtləşməsinə ( ereksiyaya ) xidmət edən sinir və damarların tam qorunması şəraitində aparılır. TUR əməliyyatından sonra bir çox pasientlərdə cinsi funksiyaların daha da yaxşılaşması müşahidə olunur.
İnsan prostat vəzin adenoması əlamətlərini necə hiss edə bilər?
Prostat adenomasının ilk əlamətlərinə sidik ifrazındakı dəyişikliklər aiddir: 
– gecələr sidik ifrazına durma
– sidiyin şırnağının zəifləməsi, nazikləşməsi, haçalanması və duşdan gələn kimi səpələnməsi, sidik ifrazının qırıq – qırıq və ya fasiləli olması, əsasən də sidik ifrazının axırında
– sidik ifrazı qurtardıqdan bir neçə saniyə sonra az miqdarda sidiyin kanalda qalaraq sonradan alt paltara axması.
– sidik ifrazı vaxtının uzanması
– sidiyin sidik kisəsindən qovulmasına kömək edirmiş kimi sidik ifrazı zamanı qarının əzələlərinin gərginləşməsi
– sidik ifrazından sonra sidik kisəsinin tam boşalmaması hissiyyatı ( qalıq sidiyin qalması )
Sadalanan bu əlamətlər o qədər zəif sürətlə inkişaf edir, artır ki, insanın diqqətini cəlb eləmir. Prostat vəzin ölçüsü böyüdükcə sidik kisəsi və qarın əzələlərinin gərginləşərək sidiyi qovması daha da çətinləşir  və nəticədə sidik kisəsində sidiyin bir hissəsi qalır. Buna qalıq sidik yaxud xroniki sidik ləngiməsi deyilir. Prostat vəzi böyüdükcə qalıq sidik artır və prostat adenomasının digər əlamətləri meydana çıxır, yaxud vaxtaşırı olan əlamətlər daha daimi  və dayanıqlı xarakter alır.
Prostat vəzin adenoması zamanı gecikmiş əlamətlər.
– tez – tez və az – az sidik ifrazı
– gecələr bir və ya bir neçə dəfə sidik ifrazına durma
– qalıq sidik artır və sidik ifrazı zamanı kisədə qalan sidiyin miqdarı xaricə çıxan sidiyin miqdarından çox olur.
– qarının aşağısında, qasıqüstü nahiyyədə küt ağrının və diskomfortun olması və daha daimi xarakter alması
– bel nahiyyəsində böyrəklərin proyeksiyasında ağrı
– xayalarda və aralıq nahiyyədə ağrının yaranması
Xəstəliyin gecikmiş mərhələlərində sidik kisəsi dolu olduğu halda sidik ifrazı damcı – damcı olur və ani olaraq sidik ifrazına çağırış itir. Prostat vəzi sidik kisəsinə doğru  böyüdükcə sidik kanalını və sidik axarlarını sıxır və sidiyin böyrəklərdən sidik kisəsinə, sidik kisəsindən xaricə boşalmasını ləngidərək həm sidik daşı xəstəliyinin həm də iltihabı xəstəliklərin ( sistit, pielonfrit ), hidronefroz, xroniki böyrək çatışmazlığının ( xbç ) yaranması üçün şərait yaradır.
Əgər prostat vəz adenoması vaxtında aşkarlanaraq müalicə olunarsa insan bu xəstəliyin ağırlaşmalarından uzaq olar və həyat  keyfiyyəti  yüksələr.
Prostat vəzin böyüməsi yaxud xoşxassəli hiperplaziyası
Prostat vəzin adenoması zamanı xəstənin müayinəsi
Xəstəliyin diaqnostikasında xəstədən soruşulan şikayətlərin düzgün toplanmasının mühüm əhəmiyyəti vardır. Həmçinin yanaşı olaraq ultrasəs ( узи ) müayinəsi, per rektum müayinə ( bağırsaqdan barmaqla prostat vəzin müayinəsi ) çox böyük informativliyə malikdir.
Prostat vəzin adenoması zamanı xəstənin şikayətlərinin əsas səbəbi prostat vəzin həcminin böyüməsi nəticəsində sidik kanalının sıxılması və xəstənin sidik ifazının çətinləşməsidir. Ona görə də prostat adenomalı xəstələrin müayinəsində ən əsas məqam prostat vəzin həcminin dəqiqləşdirilməsidir. Məhz prostat vəzin həcmindən asılı olaraq təyin olunacaq müalicə və  hətta cərrahi  müdaxilənin növü müəyyən olunur. Prostat vəzi həcminin ən dəqiq müayinə metodu usm müayinəsidir. USM müayinəsində prostat vəzə həm qarının ön divarından həm də düz bağırsaqdan baxmaq olur. Prostat adenomalı xəstələrdə daha dəqiq və daha informativ olanı  transrektal aparılan ultrasəs müayinəsidir. Transrektal usm müayinəsi dedikdə prostat vəzin düz bağırsaqdan müayinəsi başa düşülür. Bunun üçün usm aparatında xüsusi transrektal təyinatlı datçik vardır. Ultrasəs müayinəsində sidik ifrazından sonra kisədə sidiyin qalmasını da asan müəyyənləşdirmək olur. ( Prostat vəzin adenoması, Prostat vəzin böyüməsi )
Aparılan çoxsaylı tədqiqatlarda kişinin cinsi aktivliyi ilə prostat adenomasının yaranması arasında ciddi bir əlaqənin olması aşkarlanmamışdır.
Urofloumetriya. Sidik ifrazının qrafik təsviri.
Urofloumetriya aşağı sidik yollarının dinamik müayinə metodu olub, sidik ifrazının dəyişikliklərini qeydə alan müayinə metodudur. Prostat adenoması ilə yaxud sidik ifrazında hər hansı dəyişikliklə müraciət edən xəstənin urofloumetrik göstəriciləri xəstəliyin diaqnostikasının əsasını təşkil edə bilər.
Urofloumetriya zamanı xəstə, urofloumetr adlanan xüsusi ölçücü cihaza boru ilə birləşmiş qaba işəyir. Müayinə sidik kisənin dolmuş vəziyyətində və xəstə üçün rahat şəraitdə aparılmalıdır. Başqa heç bir xüsusi hazırlıq tələb etmir. Ölçücü cihaz ifraz olunan sidiyin miqdarını, sidiyin maksimal və orta sürətini, sidik ifrazının davametmə müdətini ölçərək xüsusi qrafik əyri şəklində təsvirini çıxardır, həkim uroloq isə bu qrafikə əsasən sidik ifrazında olan dəyişikliyin xarakterini, səbəbini müəyyənləşdirir. Urofloumetriyanın nəticəsinə əsasən aşağı sisik yollarının ( sisik kisə, sidik kanalı ) fəaliyyəti barəsində dolğun məlumat ala bilirik.
PSA ( prostat spesifik antigen ) və prostat vəzin adenoması
Prostat spesifik antigen, prostat vəzidə hazırlanan və prostat vəzin xoşxassəli hiperplaziyası yaxud adenoması adlanan xəstəliklə prostat vəzi xərçənginin fərqləndirilməsi üçün yoxlanılan
Prostat vəzin xəstəliklərindən ən çox yayılanı prostatit, prostat adenoması və prostat xərçəngidir. Prostatın hər üç xəstəliyi əksər hallarda postat vəzin həcminin böyüməsi ilə müşahidə olunur və demək olar ki hər üç xəstəlikdə qanda PSA səviyyəsi az və ya çox dərəcədə yüksəlir. Lakin statistik məlumatlar onu göstərir ki, əksər hallarda prostat adenoması və prostatit zamanı PSA – nın qandakı səviyyəsi müəyyən limiti keçmir, bundan fərqli olaraq prostat xərçəngində isə əksər hallarda PSA – nın səviyyəsi bu limitin üstündədir.
Düzdür bəzi hallarda prostat adenoması çox böyük olduqda PSA səviyyəsi limiti nisbətən keçir, lakin bu hal böyük adenomalarda həmişə müşahidə olunmur. Limit dedikdə PSA – nın qanda səviyyəsinin 4 nq / ml – ə qədər olan səviyyəsi başa düşülür. Məhz bu xüsusiyyətinə görə də PSA müayinəsi prostat vəzin onkomarkeri hesab olunur. Bu səbəbdən də prostat vəzə aid şikayətlərlə müraciət edən və 40 yaşdan yuxarı bütün kişilərdə PSA müayinəsi yoxlanmalıdır.
Per rektum müayinə – düz bağırsaqdan barmaqla müayinə
Per rectum müayinə dedikdə düz bağırsaqdan prostat vəzin müayinəsi başa düşülür. Barmaqla müayinə zamanı prostat vəzin ağrılı olub – olmaması, böyüməsi, kiçilməsi, səthinin hamar yaxud kələ – kötür, konsistensiyasının sərt yaxud yumşaq olması, paylar arası şırımın normal olması yaxud hamarlaşması, düz bağırsağın selikli qişasının prostat vəzi səthində hərəkətli olması yaxud prostat vəzə bərk yapışması və.s digər xüsusiyyətləri müəyyən olunur.
Prostat vəzin adenoması ilə oxşar əlamətlər verən xəstəliklər
Prostat adenomasının aşağıdakı xəstəliklərdən fərqləndirmək çox vacibdir, çünki eyni əlamətlərlə yaxud çox oxşar əlamətlərlə müşahidə olunurlar.
– sidik kanalının daralmaları ( striktura)
– prostatit ( prostat vəzin iltihabı )
– prostat xərçəngi
– prostat vərəmi
– sidik kisəsi xərçəngi
– sidik kisə vərəmi
– sidik kisəsinin daşı
– sidik axarlarının aşağı 1/3 – nin daşları
– neyrogen sidik kisəsi ( sidik kisəsinin atoniyası, qeyri – stabil sidik kisəsi )
– sidik kisəsinin yad cismi
Məsələn: əgər 40 yaşa qədər cavan kişi sidik ifrazının çətinləşməsi, şırnağının zəifləməsi və.s adenomaya xas əlamətlərlə müraciət etmişdirsə və usm müayinəsi zamanı prostatın həcminin normal göstəricilər daxilində olmasına baxmayaraq sidiyin şırnağı, sürəti zəifdirsə, qalıq sidik  müəyyən olunursa, deməli bu insanda sidik kanalı daralmasından şübhələnmək lazımdır, adenomadan yox. Əlavə olaraq cinsi yolla yoluxan xəstəliklərin yoxlanılması məsləhətdir.
Prostat vəzin adenoması – Ağırlaşmaları ( fəsadları )
1. kəskin sidik ləngiməsi
2. xroniki böyrək çatışmazlığı
3. sidik kisəsinin daşı
4. sidik kisənin divertikulu
Kəskin sidik ləngiməsi nədir? prostat vezin böyüməsi
Ağırlaşmalardan biri və çox tez – tez rast gəlinəni kəskin sidik ləngiməsidir. Bu zaman xəstənin sidik kisəsi dolu olduğu halda sidik ifrazı mümkün olmur. Sidik kisəsi dolu olduğu halda xəstənin sidiyə gedə bilməməsi halı kəskin sidik ləngiməsi adlanır. Müasir təbabətin bu qədər geniş imkanlarının olduğu şəraitdə çox təəssüflər olsun ki, prostat vəzi adenomasının ağırlaşmış formalarına biz hələ də tez – tez rast gəlirik.
kəskin sidik ləngiməsi
Buna səbəb isə, prostat vəzi adenomasının ilkin mərhələsinin sidik ifrazında yaratmış olduğu dəyişikliklərə kişilərin laqeyid yanaşmasıdır. Kəskin sidik ləngiməsi olan xəstələrin əksəriyyətində çox böyük ölçüdə prostat vəzi olur. Onlar sidik ifrazına çıxa bilmədikləri halda həkim uroloq sidik kanalına kateter ( şlanq, boru ) daxil edib sidik kisəni boşaltmalıdır. Bəzən prostat vəzin böyük olması ilə əlaqədar bu kateteri keçirtmək memken olmur. Bu halda yeganə çıxış yolu xəstənin qarnından sidik kisəyə kateter qoyulur. Buna episistostoma deyilir. Qarının öndivarından sidik kisənin proyeksiyasına mənfəzi olan deşici alətlə drenaj kateter yerləşdirilir. Əlbəttə ki, o nahiyyəyə keyidici maddə ( novokain, lidokain və.s ) yeriddikdən sonra.
Kəskin sidik ləngiməsi ehtimalı yüksək olan kişilər.
– 50 yaşdan yuxarı və prostatın həcmi 50 sm3 – dan böyük olan kişilər
– 50 yaşdan yuxarı vaxtaşırı olaraq alkoqol qəbul edən
– 50 yaşdan yuxarı kəskin ədviyyatlı yeməklər yeyən
– stresli vəziyyətlər
– bir sıra psixotrop dərman qəbul edən
– sidikqovucu dərmanların qəbulu
– sidik kisəsinin vaxtında boşaldılmaması
– soyuqdəymə, qəbzlik və s. aiddir.
Bir sıra hallarda isə kəskin sidik ləngiməsi  xəstəliyin ilkin əlaməti kimi yaranır.
Xroniki böyrek çatışmazlığı
I dərəcə prostat adenomasında 18 – 20 %  hallarda böyrək funksiyasının pozulmasına rast gəlinir. II dərəcə adenomada 75 % – ə qədər xəstələrdə XBÇ ( xroniki böyrək çatışmazlığı ), III dərəcə adenomada bütün xəstələrdə ( 100 % ) XB
Sidik kisesinin daşı
Xüsusən də adenoma olan xəstələr gecələr bir neçə dəfə sidik ifrazına durduqları üçün gün ərzində az maye qəbul eləməyə çalışırlar. Nəticədə isə sidik qatılaşır və daşın əmələ gəlmə ehtimalı yüksəlir.
Sidik kisə divertikulu nədir ?
Sidik kisənin divertikuku dedikdə, sidik kisə divarından çıxan yırtıqşəkilli qabarmalar başa düşülür. Prostat adenoması uzun müddət qaldıqda sidik kisə divarında divertikul yarana bilir.
Prostat vəzin adenoması – lazerlə endoskopik müalicə
Məqalədə yazılanları həkim məsləhəti olmadan özbaşına qəbul etmək olmaz. Çünki hər bir konkret situasiyada dərman, preparatlarının seçimi, dozası, hansı dərmanların yanaşı qəbulunun mümkün olması yalnız müalicə həkimi tərəfindən təyin oluna bilər.
Prostat  adenomasının müalicəsndə müxtəlif cərrahi müdaxilələrdən və dərman preparatlarından istifadə olunur. Prostat adenomasının ilkin mərhələlərində konservativ ( dermanla ) müalicə kifayət qədər effektli olur.
Prostat adenomasının daha effektiv radikal müalicə yolu cərrahi müdaxilədir. Əvvəllər aparılan açıq əməliyyatlar çoxdan artıq keçmişdə qalıb. Müasir dövrümüzdə çox nadir hallarda, məsələn prostat vəzin həcmi 150 sm3 – dan böyük ölçüdə olduqda açıq əməliyyat icra olunur. Son bir neçə ildə demək olar bütün hallarda prostat vəzin böyüməsi ilə müraciət edən pasientləri tam qapalı üsulla, yəni sidik kanalından keçməklə cərrahi müdaxilə edirik. Bu əməliyyatlar yüksək dəqiqlik və aydın görünüş verən kameralarla təchiz olunmuş xüsusi endoskopik cihazlarla həyata keçirilir və TUR ( transuretral rezeksiya – sidik kanalından keçməklə aparılan ) əməliyyatı adlanır. TUR əməliyyatı haqqında daha ətraflı məlumat aşağıdakı linkdə: androloq.az/uslugi/lazerl-prostat-m-liyyati/
TUR əməliyatları prostat vəzi xəstəliklərinin cərrahi müalicəsinin qızıl standartı olaraq qəbul edilmişdir və heç bir kəsik aparılmadan icra olunur. ( Prostat vəzin adenoması, TUR )
Prostat vəzin adenoması – transuretral rezeksiya ( TUR ) əməliyyatı
TUR  nədir?Prostat vəzin adenoması
Prostat vəzin TUR əməliyyatı dedikdə, yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş cihaz vasitəsilə ( endoskop yaxud rezektoskop ) sidik kanalından keçməklə prostat vəzin böyümüş hissəsinin yaxud tamamilə prostat vəzi toxumasının xaric edilməsi əməliyyatıdır. TUR əməliyyatı adətən spinal keyitmə ( bel nahiyyədən aşağı hissənin hissiyyatsızlaşması ilə ) altında icra olunur. Əməliyyat təqribən 1 saat davam edir. Əməliyyat zamanı xəstənin istəyi ilə ekranda əməliyyatın gedişini seyr etmək imkanı vardır. Xəstə əməliyyat günü daxil olmaqla 2 gün ərzində xəstəxanada qalır.Prostat vəzin adenoması
Bədəndə heç bir kəsik aparılmadan, dəlik açılmadan sidik kanalının xarici dəliyinin diametrinə uyğun olaraq, uc hissəsi kamera və kəsici- yandırıcı ucluqla təchiz olunmuş rezektoskop adlanan boruşəkilli alət vasitəsilə sidik kanalına daxil ounur. Alətin ucundakı kamera vasitəsilə sidik kanalının daxilinin görüntüsü ekranda əks olunur və bu görüntüyə əsasən həkim sidik kanalı boyunca aləti gəzdirir və sidik kanalının başlanğıc hissəsinə çatır.
Sidik kanalının başlanğıc hissəsi və prostat vəzin böyüməsi ( adenoma ) ekranda aydın müşahidə edilir. Prostat adenomasının rezeksiyasına başlamazdan əvvəl sidik kisəsinə daxil olunur, sidik kisə vizual müayinə olunur və sonra prostat adenoması rezeksiya olunur. Rezeksiya dedidə kanalın daralmasına səbəb olan adenoma toxumasının qat – qat qaşınıb götürülməsi ( kəsilərək ) başa düşülür. Nəticədə isə sidik kanalının daralmış hissəsi genişlənir.
TUR zamanı təkcə adenoma toxuması deyil, prostat vəzin toxuması da rezeksiya olunur. Əməliyyat zamanı xaric edilən  toxumanın miqdarı prostatın həcmindən asılıdır.

Mənbə: androloq.az
Top