Böyrəklərin xalq təbabəti üsulları ilə təmizlənmsəi

Böyrəklərin xalq təbabəti üsulları ilə təmizlənmsəi

Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.

Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 l maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insanın orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.

Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq,  uzun gödəkçələrə üstünlük vermək lazımdır.

Böyrəklər hərəkət sevir (bədən tərbiyəsi, idman). Hərəkət onaların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır (xüsusilə ağır çəkilərin qaldırılmasını).

İldə 2 dəfə olmaqla böyrəkləri orada yığılan duz, qum və s. maddələrdən təmizləmək lazımdır.

Yayda bu daha asandır. Böyrəkləri qarpız və xiyar çox yaxşı təmizləyir.

Böyrəklərin təmizlənməsi üçün müxtəlif müalicəvi otlar və s. təbii vasitələr çox geniş istifadə olunur.

1. İtburnu ən tanınmış vasitədir. İtburnu meyvələrini əzin və axşamdan 1 l-lik termosda qaynar suda dəmləyin (1 xörək qaşığı itburnu + 1 stəkan qaynar su). Səhər dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzün (itburnu meyvəsinin içərisində olan xırda tükcükləri dəmləməyə düşməməlidir) və gün ərzində için. Müalicə kursu — 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsini için.

2. Quru nanə, qarğıdalı saçaqları, çobanyastığı, ayıqulağı yarpağı hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 l qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.

3. Ağ turpun, balqabağın, çuğundurun şirələri çox yaxşı sidikqovucu sayılır. 1-2 həftə ərzində hər gün 2 stəkan şirə içmək olar (şirələri növbələşidirn).

4. Dəfnə yarpağı da yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.

5. Tozağacı tumurcuqları çox təsirli sidikqovucu vasitədir. 1 xörək qaşığı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və sonra gün ərzində içilir. 1-2 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə için.

6. Limon, cəfəri və bal qarışığı böyrəkləri yaxşı təmizləyir. 2 dənə limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürün. Limonu qabıqlı şəkildə blenderdə xırdalayın, cəfəri xırda doğrayın və limonla cəfəri qarışdırın. Sonra bal əlavə edin və yenə qarışdırın. Hər gün acqarına bu vasitədən 1 xörək qaşığını yeyin.

7. 1/2 çay qaşığı dazıotu, 1/2 çay qaşığı kəklikotu, 1/2 çay qaşığı adaçayı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində içilir (hər dəfə 1/3 stəkan olmaqla). 1 həftə davam edin, 1 həftə fasilə edin və yenə təkrarlayın.

8. Təmizlənməmiş yulaf böyrəkləri çox yaxşı təmizləyir. 1 xörək qaşığı yulaf götürün 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.

9. Kərəviz, şüyüd, cəfəri kimi göyərtilər böyrəkləri çox yaxşı təmizləyir. Bu göyərtilər mütləq sizin rasionunuzda daim olmalıdır.

10. Süd məhsulları da böyrəkləri yaxşı təmizləyir. Qatıq, kefir, ayran hər gün qəbul edin.

11. Həm qara, həm də yaşıl çay sidikqovucu təsirinə malikdir. Yaşıl çay daha effektlidir.

İstənilən otları qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Böyrək daşı xəstəliyi zamanı bu vasitələrdən istifadə etmək olmaz.

saglamolun.az 

Top