Varikosele - toxum ciyəsi venalarının genişlənməsidir. Ən çox 10 - 15 yaşlı oğlanlarda təsadüf edilir. Toxum ciyəsi venalarının genişlənməsi birincili və ikincili olur. Birincili və ya idiopatik varikoselenin etiologiyası bu günə kimi bəlli deyil. İkincili varikosele çox vaxt peritonarxası şişin sol böyrək venasını sıxması nəticəsində baş verir.
Xayalarda qan üç vena istiqamətində hərəkət edir: kremaster, toxumçıxarıcı axacaq və xaya (daxili toxum ciyəsi venası) venaları vasitəsilə. Xaya venası sağ tərəfdə bilavasitə aşağı boş venaya, sol tərəfdə isə sol böyrək venasına açılır.
Son zamanlar varikoselenin etiopatogenezində embriogenez dövründə salxımvari venanın anadangəlmə zəifliyinə mühüm yer verilir. Sol böyrək venasında venoz qanın axmasının çətinləşməsinə başlıca səbəb həmin venanın aorta və yuxarı müsariqə arteriyasın ilə sıxılmasıdır. Bundan əlavə xayadan venoz qanın axmasının çətinləşməsi qalça arteriyası vasitəsilə qalça venasının daralmasıdır. Klinik olaraq varikoselenin 3 dərəcəsi ayırd edilir: I dərəcə - xəstə ayaq üstə durduqda yalnız xayanı palpasiya etdikdə və gücəndikdə müəyyən etmək olar. II dərəcə - bu zaman xaya venasının genəlməsini və qıvrılmasını baxma zamanı görmək olur, palpasiyada xaya dəyişməmiş qalır. III dərəcə - bu zaman isə xaya venalarının kəskin genəlməsi nəticəsində xayanın ölçüləri kiçilmiş və sallanmış olur. Bu dərəcədə genəlmiş venalar xayanın arxa tərəfindən xayanın dibinə enir və onu önə doğru əyir. Tədricən sol xayalıq dərisi dartılır, sallanır və kremaster refleksi zəifləyir. Varikosele zamanı uzun sürən venoz durğunluq nəticəsində hematotestikulyar sistemdə keçiricilik artır və baryer funksiyası pozulur ki, bu da spermatogenezin pozulmasına gətirib çıxarır. Uzun ürən proses sağ xayaya təsir edərək ümumən spermanın əmələgəlmə və hərəkətetmə prosesinə təsir göstərə bilər ki, bu da nəticə etibarı ilə kişi sonsuzluğuna gətirib çıxarır. Kişilərdə varikosele zamanı ümumi spermatogenez prosesinin pozulması 70 - 90 % çatır. Müalicə cərrahi yolladır. İki əməliyyat üsulu mövcuddur. 1.Ən geniş yayılan üsul İvanseviç üsuludur. Bu əməliyyatda məqsəd retroqrad olaraq sol böyrək venasından qanın xaya venasına axmasının qarşısını almaqdır. Bunun üçün sol qasıq nahiyəsində 7 - 8 sm uzunluğunda kəsik aparılır. Qarnın çəp əzələsi içəriyə doğru itələnir. Periton qişasından xaricdə lateral tərəfdə genəlmiş xaya venası əldə edilərək iki tərəfdən liqatura ilə möhkəm bağlanaraq kəsilir. Proksimal güdülə bir tikiş qoyularaq bağlanır. Yara qat - qat tikilir. Bu əməliyyatdan sonra xəstələrin 1/3 - də residiv baş verir ki, onun da səbəbi xaya venasından əlavə xaya venası ilə əlaqələndirən kiçik vanaların bağlanmamasıdır. 2.Bu isə Palomo üsuludur. Bu üsulda hən xaya venası, həm də xaya arteriyası eyni vaxtda bağlanır ki, bununla da qanın xayaya genəlməsini azaltmaq olur.
Müəllif: Çingiz Quliyev Kitab: Uşaq cərrahlığı
Cərrahi əməliyyatdan sonra limfa damarları da bağlandığından xəstələrin 1/4 - də hidrosele inkişaf edir.Cərrahi əməliyyatdan sonra venanın genəlməsinin normal hala keçməsi 3 - 6 aya kimi çəkə bilər.