Böyrəklərin limfa sistemiBöyrəklərin qabıq maddəsində
limfa sistemi periqlomerulyar və peritubulyar zonadan kiçik kapillyarlarla başlayır. Tədricən böyüyərək və birləşərək paycıqlararası qövs və payarası limfa damarlarını təşkil edir, müvafiq arteriya və vena damarlarının yanında yerləşir. Böyrək qapısı nahiyəsində böyük limfa damarı əmələ gətirir, bu da aortayanı limfa düyünlərinə tökülür. Limfa damarları beyin maddədə qabıq maddəyə nisbətən azdır, onlar düz arteriya və vena boyu yerləşir, sonra birləşərək böyük limfa damarı şəklində qövs limfa damarlarına tökülürlər.
Böyrək limfa damarları paycıqarası, qövs, payarası arteriya və venalarla birlikdə birləşdirici toxuma yatağında yerləşir, bir damar dəstəsi əmələ gətirirlər. Böyrək limfa sistemi interstisial toxuma ilə birlikdə reabsorbsiya iştirak edən ikinci həlqədir.Bu funksiyanın pozulması böyrək toxumasının ödeminə və hipokisyasına səbəb olur, kanalcıq epitelisinin distrofiyasına, zülalın kanalcıqda reabsorbsiyasının pozulmasına, proteinuriyanın peyda olmasına və sonda böyrək sklerozuna səbəb olur.
Böyrəklərin innervasiyası
Böyrəklərin simpatik və parasimpatik sinir lifləri ilə zəngin təchiz olunmuşdur.Simpatik innevasiya böyük və kiçik qarın sinirləri hasabına və həmçinin doqquzuncu döş və dördüncü bel seqmentləri səviyyəsində simpatik sinir qanqlionların hesabına təmin olunur.Parasimpatik sinir lifləri azan sinirlərindən ayrılır.Böyrək qapısından orqana keçən simpatik və parasimpatik sinir lifləri böyük və kiçik damarların ətrafında tor kimi hörülərək damar gedişi boyunca onu müşayiət edir və kapillyar damarlara qədər davam edir, o cümlədən, gətirici və çıxarıcı arteriya, yumaqcıq kapillyarlarının, kanalcıqlarının bazal membranasına qədər çatır.
Müəllif: Mehman Ağayev
Kitab: Nefrologiya