Böyrəklərin morfostrukturu və yerləşməsi

Böyrəklərin morfostrukturu və yerləşməsi

Böyrəklər - cüt orqan olub, özünəməxsus görünüşə malik - lobya formasındadır.Hər bir böyrəyin yuxarı və aşağı qütbü, medial (iç) və lateral (bayır) kənarları, ön və arxa səthləri vardır.Medial kənarın ortasında böyrək qapısı-hilus renalis yerləşir, buradan orqana böyrək arteriyası, sinirlər daxil olur və orqandan böyrək venası, limfa damarları xaric olurlar.Burada həmçinin, böyrək ləyəni yerləşir.
Normal şəxslərdə böyrəklərin uzunluğu 12 sm (11-14 sm), eni 6 sm (5-7sm), qalınlığı 3-4 sm-ə bərabərdir.Böyrəklərin normal ölçülərini bilməklə onların polikistoz, pielonefrit və başqa xəstəliklər zamanı (bir və ya ikitərəfli) kiçilməsi və ya böyüməsi düzgün təyin etmək mümkün olur.
Hər bir böyrəyin yaşlı insanda çəkisi 150-160 qramdır.Böyrəklər peritonarxası sahədə, onurğa sütunun yanında, yuxarı qütbü XII döş fəqərəsinin yuxarı kənarı, aşağı qütbü III bel fəqərəsinin yuxarı kənarı səviyyəsində yerləşir. Sağ böyrək qaraciyər tərəfindən aşağı sıxışdığından 1/2 fəqərə aşağı yerləşə bilər.Böyrəklərin boylama oxu fəqərənin oxuna nisbətən çəp yerləşir, belə ki, yuxarı qütblər fəqərəyə yaxın, aşağı qütblər uzaq yerləşir. Normada vertikal vəziyyətdə böyrəklər 1/2 fəqərə hündürlüyü qədər yerini aşağı dəyişə bilər.Böyrəklərin peritonarxası sahədə stabil vəziyyəti qarın divarının əzələsinin tonusu nəticəsində meydana çıxan qarın boşluğu daxilindəki təzyiq nəticəsində təmin olunur.Böyrəklərin vəziyyətinin qorunub saxlanmasında böyrək damarları və böyrəkətrafı piy toxumasının da rolu vardır.Qarın boşluğu divarının əzələlərini tonusunun asağı düşməsi, böyrəkətrafı toxumanın xeyli azalması, böyrək damarlarının uzanması böyrəklərin (bir və ya ikitərəfli) müxtəlif dərəcəli sallanmasına səbəb olur.
Böyrəklərin üstü sərt birləşdirici toxumadan ibarət kapsula ilə örtülmüşdür.Böyrək səthi hamar qəhvəyi rəngdədir.Kəsikdə böyrəyin iki qatı-qabıq və beyin maddəsi ayırd edilir.Bu iki qatın arasında qövs arteriyaları və venaları, limfa damarları, sinirlər keçən birləşdirici toxuma qatı yerləşir.Qabıq maddədə lupa altında diqqətlə baxdıqda çoxlu sayda qırmızı rəngdə nöqtəvari törəmələr - böyrək cisimcikləri (corpuscularis renis) və ya malpigi cisimcikləri (corpuscularis Malpighii) görünür.Qabıq maddəsinin qalınlığı 7-8 mm olur, amma çoxlu yerdə o beyin maddənin dərinliyinə, radial yerləşmiş sütunlar şəklində daxil olur.Axırıncılar böyrəyin beyin maddəsini böyrək piramidlərinə (pyramides renalis) bölür ki, bunların da əsası xaricə, zirvəsi daxilə yönəlmişdir.Belə piramidlərin sayı hər böyrəkdə 8-18-ə qədər olur.Piramidlərin zirvələri sərt birləşdirici toxuma futlyarına, kiçik böyrəyin kasacıklarına (calycex) geyindirilir.Bir kasacıq iki-üç piramidin zirvəsini əhatə edərək məməciyi əmələ gətirir və odur ki, kasacığın sayı piramidlərin sayından az olur.Hər bir məməciyin səthində yığıcı borucuqların (Bellini kanalcıqları) açıldığı 13-15 dəlik vardır, bunlardan sidik axaraq kiçik kasacıqlara və sonra ləyənə tökülür.

Müəllif: Mehman Ağayev
Kitab: Nefrologiya
Top