Bütün həyatı boyu insan orqanizmində dayanmadan maddələr mübadiləsi gedir. Bunun üçün orqanizmə böyük miqdarda enerji lazımdır. İnsan orqanizminin həyat enerjisinin isə əsas mənbəyini qida təşkil edir.
Dərinin, saçların, dırnaqların sağlamlığı, insanın daxili orqanlarının normal fəaliyyəti düzgün və hərtərəfli qidalanmadan asılıdır. Normal qidalanmayan orqanizm ona lazım olan maddələri almır və getdikcə insanın immuniteti azalır, səhhəti pisləşməyə başlayır. Tez-tez soyuqdəymələr, qanazlığı, yaz yorğunluğu, dişlərdə kariyes halları müşahidə edilir.
Qida məhsullarına zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və su aiddir.
Zülallar orqanizmin hüceyrə və toxumalarının əsasını təşkil edir. Onlar orqanizmin yoluxmalara qarşı mübarizəsində iştirak edir.
Əgər insan qida ilə az zülal alırsa, fiziki və zehni gücü azalır, mədə-bağırsaq sisteminin fəaliyyəti pisləşir, qocalma prosesi tezləşir.
Zülallar heyvan mənşəli və bitki mənşəli olur. Heyvan mənşəli zülallar yumurta ağında, süd məhsullarında, ət və balıqda olur. Bitki mənşəli zülallar isə göbələyin, qozun, fındığın, şabalıdın və paxlalı bitkilərin toxumlarının tərkibində rast gəlinir.
Yağlar orqanizmin əsas enerji mənbəyidir. Onlar hüceyrələrin tərkibinə daxildir və orqanizmin maddələr mübadiləsində fəal iştirak edir.
Yağlar bitki və heyvan mənşəli olur.
Günəbaxan, qarğıdalı, kətan, zeytun, kokos və soya yağları
bitki mənşəli yağlardır. Onlar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır.
Kərə yağı, heyvanın iç yağı və balıq yağı isə heyvan mənşəli yağlardır. Əgər insan qida ilə həddindən artıq çox yağ alırsa və az enerji sərf edirsə, heyvan mənşəli yağlar qalın dərialtı piy qatı yaradır və orqanizmdə yığılır. Bunun nəticəsi olaraq piylənmə və artıq çəki meydana çıxır.
Karbohidratlar. Məlumdur ki, karbohidratların hesabına orqanizmin əsas enerji xərcləri bərpa olunur. Karbohidratlar, əsasən, bitki mənşəli ərzaqlarda olur. Karbohidratlarla ən zəngin qida məhsulu dənli bitkilərdir. Dənli bitkilərdən sonra qidalanmada karbohidratlarla zəngin ikinci yeri tərəvəzlər tutur.
Karbohidrat çatışmazlığı zamanı orqanizm zəifləyir, halsızlıq, başgicəllənmə, tez-tez aclıq halları baş verir.
Karbohidratların artıq qəbulu piylənməyə gətirib çıxardır.
Tərəvəz və meyvələrin tərkibində olan karbohidratlar çox xeyirli hesab olunur. Bu karbohidratlar, demək olar ki, bağırsaqda həzm edilmir və enerji mənbəyi deyillər. Onlar bağırsağın işini tənzimləyir, toxluq hissi yaradırlar.
Vitaminlər insan orqanizmində yaranmırlar, enerji mənbəyi olmasalar da, sağlamlığın və həyatın qorunması üçün olduqca vacibdirlər. Bunun üçün qida ilə bol vitamin almaq lazımdır.
Vitaminlər həb və inyeksiyalar şəklində istehsal edilir. Amma ərzaqların tərkibində olan təbii vitaminləri qəbul etmək daha yaxşıdır. Onlar orqanizm tərəfindən bütünlüklə və tez bir zamanda sorulur. Yalnız orqanizmdə hər hansı bir vitaminin kəskin çatışmazlığı olduqda biz onu həb şəklində qəbul edə bilərik. Kifayət qədər çox vitamin kəşf edilib və öyrənilib.
- Hamının xoşladığı turş dadı olan C vitamini orqanizmin yoluxmalara qarşı müqavimətini artırır. Bunun üçün də onu soyuqdəymə zamanı qəbul edirlər. C vitamininin əsas mənbələri təzə tərəvəz, meyvə, giləmeyvə, xüsusən itburnu, şirin bibər, qara qarağat, sitrus meyvələri və həmçinin turşuya qoyulmuş kələmdir
Bilmək lazımdır ki, C vitamini hava və günəş işığının təsirindən, istidən asan parçalanır, həmçinin uzun müddət saxlandıqda istifadə üçün yararsız olur. - A vitamininin dərinin sağlamlığında böyük rolu vardır. O, gözlərin selikli qişalarının və yaxşı görmənin bərpası üçün olduqca gərəklidir. A vitamini, həmçinin orqanizmin yoluxmalara qarşı müqavimətini artırır, bir çox vacib həyati proseslərə təsir edir.
Bu vitamin xüsusən böyüyən orqanizm üçün vacibdir. A vitamininin çatışmazlığı zamanı görmə qabiliyyəti korlanır və dəri qabıq verməyə başlayır. A vitamini bitki mənşəli ərzaqlarda — çaytikanının, yerkökünün, şirin bibərin və başqa narıncı və qırmızı rəngli meyvələrin tərkibində vardır.
Tərəvəzlər bişirilərkən bu vitamin kifayət qədər yaxşı qalır, amma günəş şüalarının təsiri altında parçalanır. Yağlarla birlikdə qəbul ediləndə yaxşı həzm edilir. Bunun üçün yerkökü salatına mütləq xama və yağ əlavə edirlər. - D vitamini sümüklərin sağlamlığı üçün vacibdir. O orqanizmdə günəş şüaları altında yaranır. Heyvan mənşəli ərzaqlarda — yağlı balıqda, qaraciyərdə, kürüdə, yumurtada və süddə D vitamini var.
- E vitamini əzələlərin möhkəmlənməsi, dərinin normal vəziyyəti üçün lazımdır. O maddələr mübadiləsində iştirak edir və yağların həzm olunmasına kömək edir. Ən çox o bitki mənşəli yağların tərkibində olur. E vitamini isti emala dözümlüdür, amma günəş şüalarının təsiri altında parçalanır.
- B qrupu vitaminləri karbohidratların həzmini tənzimləyir, qan-damar, mədə-bağırsaq və sinir sistemlərinin işinə təsir edir. Bir çox dənli və paxlalı bitkilərin tərkibində B qrupu vitaminləri var.
İsti emal zamanı B qrupu vitaminlərinin 20—40% -i itir. - PP vitamini mədə-bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir, xırda damarları genişləndirir. PP vitaminləri mənbələri ət məhsulları və dənli bitkilərdir. Dondurulmuş ərzaqlarda PP vitamini yaxşı qalır, isti emal zamanı isə onun 15—30% -i itir.
Mineral maddələr sinir, qan-damar, mədə-bağırsaq sisteminin normal işini təmin edir. Onlar, həmçinin orqanizmin müqavimətini artırır, immuniteti yüksəldirlər.
Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik