Bənövşəyi kartof — bu tərəvəz həmçinin «qaradərili qadın», "Çin trufflesi" və ya «mavi Fransız truffle kartof»u adlanır.
Adi kartofa bənzəsə də, tərkibi çox fərqli olan bənövşəyi kartofun vətəni Cənubi Amerikadır. Adi kartofdan on dəfə artıq antioksidan və antosiyana malik olan bənövşəyi kartof hazırda dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyədə, Rusiyada da becərilir.
Bənövşəyi kartof antik dövrün qidası hesab olunur. İlk dəfə 7 min il əvvəl Cənubi Amerikadakı İnk krallarına məxsus, tanrıların qidası kimi qəbul edilən bənövşəyi kartof Amerika qitəsinə məxsusdur. Orta ölçülü kartofun uzunluğu təxminən 10 sm, çəkisi isə 70 q-dır.
Bənövşəyi kartof karbohidrat, kalsium, C vitamini, fol turşusu və dəmir mənbəyidir. Hüceyrələri qoruyan, vücudu gəncləşdirən kartof göz və ürək xəstəliklərinin dərmanıdır. Çox şirin olan bənövşəyi kartof xərçəng hüceyrələrinin artmasının qarşısını alır, qan damarlarını təmizləyir və qan təzyiqini daim tənzimləyir. Bu kartofu adi kartofdan fərqləndirən bir cəhəti də var. Tərkibində hüceyrələri qoruyan və orqanizmi yaxşılaşdırmağa kömək edən antosiyanın kimyəvi birləşmələri də var.