Kilkə balığı

Kilkə balığı

Bəzən bəyənmədiyimiz nemətlərdə o qədər faydalar olur ki, bunu biləndən sonra bu qədər vaxt ərzində yeməməyimizə baxıb təəssüf etmişik.

Kilkə balığı Xəzər dənizində bizə verilmiş nemətdir, həm böyüməkdə olan uşaqlar üçün, həm hamilə qadınlar üçün, həm süd verən analar üçün, həm də yaşlılar üçün olduqca faydalı bir nemətdir.

Deməli, kilkə balığında başqa balıqlarda olduğundan qat-qat çox fosfor vardır. Hər 100 qramında təxminən 300 mq, bu isə bizim gündəlik normadan 3 dəfə çoxdur. Fosfor hamilə qadınlarda uşağın beyin inkişafı üçün əvəzolunmaz nemət olmaqla yanaşı, böyüməkdə olan orqanizmə kalsiumdan sonra ikinci lazım olan mineraldır.

Fosfor beyini inkişaf etdirir, bizim hər bir toxumamızda rast gəlinən bir mineraldır. Təxminən 100 kiloqramlıq insanda 1 kq fosfor olur. Bunun da 80 faizi sümüklərdə və dişlərdə olur, fosfor həm zülal, həm də karbohidrat əmələ gəlməsində aktiv rol oynayır.

Fosfor çatışmayan uşaqlarda sümük əyilməsi, arıqlama, gözlərdə zəifləmə və s. kimi hallar baş verir. Bu yazını oxuyan kimi fosfor çox olan dərman həbləri alıb içməyə tələsməyin, çünki fosforun çoxluğu da bir problemdir.

Biz hər gün kilkə balığı yesək də bədəndə fosfor artıqlığı problemi olmaz, amma dərman içsək olacaq. Ona görə də təbii şəkildə qidalanmaq lazımdır. Kilkə balığının qızarması çox dadlı olur, içi təmizlənilir, başla birlikdə sümüklərindən ayrılmadan yeyilir, yaxşı kotleti də olur. Uşaqlarınıza kilkə balığını sevdirin, bunun onlara faydası çoxdur.

Bundan başqa balıqda hər 100 qramda kalsium 300 mq (gündəlik norma 1200), maqnezium 45 (gündəlik norma 280) kimi minerallar da vardır. Çalışın həftədə 2-3 dəfə balıq yeyəsiniz. Balıqdakı omeqa3 yağ turşuları insan beynini normal çalışmasında qarantidir, insanı qocalanda dəli olmaqdan qoruyur, düşüncəni dəqiqləşdirir.

Fizuli Hüseynov
Top