Qədim vaxtlarda çörəyi hər ailə özü üçün bişirərdi. Lakin müəyyən dövr keçəndən sonra ictimai çörəkbişirmə meydana çıxır.
Şumerdə un «üyütmə evləri» yaranır, sonra çörəkbişirmə əməliyyatı da xüsusi «müəssisələr»də ixtisaslaşır. 4500 il bundan əvvəl Şumerin Ur şəhərinin məbəd təsərrüfatında kütləvi çörəkbişirmə tərəqqi tapır. Şumerin Laqaş şəhərində çörəkbişirmə müəssisəsinin fəaliyyəti haqqında tapılmış bir sənəddə deyilir ki, iki ay ərzində çörək bişirmək üçün 1000 «qur»dan (200 ton) çox müxtəlif un növləri sərf edilmişdir.
İxtisaslaşdırılmış çörəkbişirmə müəssisələri və peşəkar şatırlıq sənəti bizim eradan əvvəl V əsrdə Yunanıstanda meydana gəlib. Yunanıstanda sənətkar çörəkçiyə o qədər hörmət olub ki, onun yüksək dövlət vəzifəsinə qədər qalxmasına hüquq verilib.
Romada çörəkçilik sənəti bizim eradan əvvəl II əsrdə yaranıb. Əhali üçün böyük miqdarda çörək bişirib satışa buraxan çörəkxanalar meydana çıxıb. Evdə çörək bişirmək tədricən aradan çıxır. Pompey şəhərinin xarabalıqlarında çörək bişirmək üçün istifadə olunan sobaların tapılması buna misaldır.
Romada çörəyin istehsalı və satışı ilə məşğul olan «kombinat»lar var idi. Belə kombinatlar müxtəlif narınlıqda dən üyüdən bir neçə dəyirmandan, çörək sobasından, xəmir qarışdıran «maşından», xəmiri yaymaq üçün masadan, yayğıdan, hazır məhsul üçün anbardan və onu satmaq üçün dükandan ibarət idi.
ÇÖRƏYƏ HÖRMƏT
Çörək ərzaq növləri arasında yenə də ən qiymətli nemətlərindən biri olaraq qalır. Bu hörmətin və səcdənin tarixi qədimdən də qədimdir. Onun insanlara allahlar tərəfindən göndərilməsinə şübhə etmirdilər. Romalılar çörəyi yunanların meşə allahı Panın şərəfinə «panis» adlandırırdılar.
Çörəyə verilən yüksək qiymət xalqın hikmətində öz əksini tapmışdır. «Bərəkət haqqı» andı bunun ən gözəl ifadəsidir.
Zaqafqaziya xalqları arasında çörək həmişə xüsusi hörmətə layiq görülmüşdür. Maraqlıdır ki, azərbaycanlılar, eləcə də digər müsəlman xalqlarının çörəyə ənənəvi səcdəsi bir-birinə çox oxşayır.
İrəvan azərbaycanlılarının maddi mədəniyyətindən bəhs edən S.D.Limisian yazır: «Qədimdə çörəyi bıçaqla kəsməzdilər. Belə bir inanc var idi ki, əgər çörək bıçaqla kəsilsə, o evin bərəkəti itər. Ona görə də çörəyi mütləq əllə doğradırlar. Kiminsə çörəyini bıçaqla kəsmək, onun var-yoxuna toxunmaq sayılırdı. Yaşlı adamlar çörəyi yeməzdən əvvəl alınlarına aparırdılar. Onlar çörəyin üstündə and içərdilər. Hər hansı bir yeməyin əsas hissəsini çörək təşkil edərdi, ona görə yemək yeməyə «çörək yemək» deyərdilər. Bir adam haqqında «duz-çörəkli adam»dır deyəndə, onun qonaqpərvər olduğunu diqqətə çatdırmaq istərdilər… Çörəyi yerə salmaq, ya tapdalamaq günah sayılırdı. Onun qırıntıları belə yerdən yığılmalı idi».
Qeyd edək ki, Qafqazda bir sıra xalqlar, o cümlədən azərbaycanlılar, ləzgilər, darginlər, avarlar qida qəbuluna «çörək yemək» deyirlər. Bu Avropa xalqlarından litvalılarda belədir.
Çörəyə çox təriflər vermək olar. Fikrimizi görkəmli alim A.N.Baxın sözləri ilə bitirmək istəyirik. O, yazırdı:
«Bişmiş çörək istehsalı dünyanın ən başlıca kimyəvi istehsalıdır».
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı