İnsan heyvanı əhliləşdirəndən sonra onun ixtiyarına süd kimi xeyirli ərzaq növü keçir. Süd yüksək qidalığa malik qidadır.
Südün kəşfi insanın həyat tərzinə böyük təsir göstərib. Köçəri və yarımköçəri həyat südlə çox bağlıdır.
Qədim Misirdə südçülüklə tanışlıq 5000 — 5500 il bundan əvvəl başlayıb. Bir qədər sonra mesopotamiyalılar keçi və qoyun südündən istifadə yollarını öyrəniblər.
Təqribən 3500 il bundan əvvəl Hindistanda inəklərin necə sağılması barədə yazılı məlumatlar vardır.
Qədimlərdə həkimlər südü «həyat şirəsi» adlandırırdılar. Onlar müxtəlif heyvanların südü ilə vərəm və başqa xəstəlikləri müalicə etmək üçün üsullar təklif edirdilər. Hippokratın fikrincə, keçi və at südü vərəmin, inək südü podaqranın və qanazlığının, eşşək südü isə müxtəlif xəstəliklərin müalicəsinə köməklik edir.
Məlumdur ki, keçi südündən ishal üçün istifadə olunur. İtaliyada bizim eradan əvvəl III əsrdə müəyyən xəstəliklərdən müalicə olunmaqdan ötrü süddə lazımi tərkibi almaq üçün inəklərin yeminə xüsusi nəzarət edirdilər. İnəyə müxtəlif otların qarışığı (qanotu, dəli böyürtkən, nəfəsotu və sairə) verilirdi ki, süd yüksək müalicə xüsusiyyətinə malik olsun.
Rus terapevti S.P.Botkin (1832-1889) apardığı təcrübələri əsasında bu nəticəyə gəlmişdir ki, bir çox xəstəliklər üçün, o cümlədən böyrək xəstəliyi üçün süd qiymətli vasitədir.
Şəfa gətirən maddə kimi süddən qədim Misir, Roma və Yunanıstanda geniş istifadə edilirdi.
Süddə insan orqanizmi üçün tələb olunan bir çox maddələr vardır. Bu maddələrin sayı az qala yüzə çatır. Əlbəttə, bunların içində zərərlisi də ola bilər. Bu isə inəklərin saxlandığı mühitlə, yemlə, onlara edilən qulluq səviyyəsilə bağlıdır.
Qədim yunan tarixçisi Nikola yazır ki, qalaktofaq skiflərin başqa skif tayfaları kimi evləri yoxdur. Onlar at südü ilə dolanırlar, onu həm içir, həm də ondan pendir hazırlayırlar. Skiflərlə mübarizə çox çətindir. Onlar həmişə özləri ilə yemək gəzdirirlər. Skif tayfaları Daranı məğlubiyyətə uğradaraq, onun döyüşçülərini müharibə meydanından qaçmağa vadar etmişdilər.
Tədqiqatlara görə, Avropada südçülük təsərrüfatının tarixi 9000 ilə yaxındır. Şərq xalqları isə südçülüklə 5500 il əvvəl məşğul olmağa başlamışlar.
Qədim yunanlar inək, qoyun və keçi südü istehsal edirdilər. Ərəblərin dəvə südünü qida kimi məmnuniyyətlə istifadə etməsi barədə Plini öz yazılarında ətraflı söz açır.
Maraqlıdır ki, təqribən 4 200 il bundan öncə Ur şəhəri yaxınlığında ferma saxlayırdılar. Burada çoxlu süd məhsulları, eləcə də müxtəlif pendirlər istehsal edərdilər.
Süd istehsalı sahəsində Avropada əsrlərlə zəngin təcrübə və böyük nailiyyətlər əldə edilmişdir. Bu cəhətdən Şimali Avropa ölkələrindən Hollandiya, Danimarka və İsveç xüsusilə fərqlənir. İndi Hollandiya cins inəyi ildə orta hesabla 4150 litr süd verir.
Maraqlı faktdır ki, Hindistanda baxımsızlıq üzündən inəklərin verdiyi südün miqdarı daş dövrünə uyğun səviyyədə qalmışdır. İndi orta hesabla ildə hər inəkdən 20 litr süd sağılır.
Vəhşi inəkləri əhliləşdirməyə başlayanda onlar təxminən 30-40 litr süd verirdi. Sağılan süd ancaq buzovun əmizdirilməsinə kifayət edirdi. Əhliləşdirmənin ilk mərhələlərində insan yemin tərkibini dəyişdirməklə, inəyin südünü artırmağa müvəffəq olmuşdur.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı