Balıq əti

Balıq əti

Balıqçılıq insanın qədim məşğuliyyətlərindən biridir. Göllərin, çayların sahillərində yaşayan qədim tayfalar üçün balıq, tısbağa, timsah, köpək balığı və bir sıra başqa su heyvanlarının ərzaq kimi böyük əhəmiyyəti olub. İnsanlar su heyvanlarından həm gündəlik yemək üçün istifadə edir, həm də onları hisə verib, qurudub, duzlayıb, qaxac edib ehtiyat kimi saxlayırdılar.
Balıq və su heyvanlarının ovlanma tarixi on min ildən çox deyil. Çünki balıq tutmaq üçün qarmaq kəşf olunmalı idi. Bu, neolit dövründə baş verir. İnsan bu dövrə qədər okeanın, dənizin sahilə atdığı balıqları və su heyvanlarını yığıb, qida kimi istifadə edirdi.
Dəniz kənarında yaşayan ayrı-ayrı tayfalar dalğaların sahilə aldığı suitilərinə də qida məhsulu kimi baxırdılar.
İnsan balığı təqribən 8 min il bundan əvvəl öz qida məhsulları sırasına daxil etməyə başlayıb. Bunu Nil çayı vadisində tapılmış sümük qarmaqlar və nizələr sübut edir.
Burada balıqla yanaşı, digər dəniz və su heyvanları da ovlamaqla məşğul olurdular. Nil ovçuları, əsasən timsah əti ilə qidalanırdılar. Afrikanın digər ərazilərində yaşayan insanlar su heyvanlarını ovlamaqla yanaşı, molyuskları, xərçəngləri yığıb, ondan qida məhsulu kimi istifadə edirdilər.
Bizim eradan əvvəl, VI əsrdən etibarən Nil çayından külli miqdarda balıq tutulurdu. Bərəkətli Nil çayında balıq ehtiyatları həmişə bol olurdu. Bu barədə yunan tarixçisi Diodor da xəbər verir.Keçən əsrin axırlarında suyu bol olan bu çayda 80-a yaxın balıq növü qeydə alınmışdır.Hələ səkkiz əsr bundan əvvəl tarixçi Əl-İdrisi Nil çayından tutulan balıqları və su heyvanlarını öz əsərlərində ətraflı təsvir etmişdir.
ƏI-İdrisi öz kitabında dadlı balıqlar haqqında yazırdı ki, «əl-lami» ətli balıqdır, «əl-bramis» böyük ağ balıqdır. O, yumru olmaqla quyruğu qırmızıdır. Balıqların şahıdır. Onu təzə və ya qurudulmuş şəkildə yemək məsləhətdir. «Ər-rayy» qırmızı rəngdə iri balıqdır. «Əl-balta» yumrudur, sümüyü azdır. «Əl-lutis» (misirlilər ona farx deyir) çox yağlıdır. «Əl-labis»in əti bərkdir, odda bişirəndə onun iyi itir.
Qədimlərdə Aralıq dənizi də balıqla zəngin olub. Qədim Misir papiruslarının birində yazılıb ki, Tirdə qum dənələrindən çox balıq vardır.
Bizim eradan əvvəl, XXVII-XXVI əsrlərdə Fərat çayı sahilində yerləşən Şuruppak şəhərinin əhalisi üçün balıqçılığın böyük əhəmiyyəti olub. Orada balığı çəngəl, qarmaq və tor vasitəsilə tuturdular. Onlar balığı qaynadır, qızardır, duzlayır və qurudurdular.
Yaponlar ən çox balıq yeyən xalq sayılır. Ölkədə balıqçılıq neolit dövründən başlayıb. O zamanlar balığı bitki liflərindən toxunulmuş torlarla tuturlarmış.
İndoneziya xalqları da böyük balıq həvəskarı sayılır. Onlar balığı müxtəlif şəkildə — yağda qızardır, duzlu suda qaynadır, duzlayıb gündə qurudur, hisə verir, həm də çiy yeyirdilər. İndoneziyalılar Yava dənizində və Sumatra yaxınlığında 1500 növdən çox balıq ovlayırdılar. Məsələ burasındadır ki, İndoneziyada balıqçılıq həmişə əhəmiyyətli rol oynamışdır. İndoneziyalıların süfrəsində bitki ərzaqları ilə yanaşı, balıqdan hazırlanan müxtəlif növ yeməklər də özünə layiq yer tuturdu.
İndoneziya ən qədim balıqçılıq ölkələrindən biridir. Müasir dövrdə bu ölkənin xalqları balıqdan rəngarəng şəkildə istifadə edirlər. İndoneziyalılar balıqdan başqa digər dəniz heyvanlarından xərçəng, krevetka, trepanq, molyuska, tısbağa, köpək balığı və balinadan qida məhsulu kimi istifadə olunmasına böyük əhəmiyyət verirlər.
Surabon öz yazılarının birində belə qeyd edir İxtiofaqlar (balıqyeyənlər) suyun çəkilməsi zamanı sahildə qalan balıqları yığıb daşların üzərinə düzür və günəş altında bişirirlər. Bişmiş balıqların sümüklərini qalaqlayır, ətini isə ayaqları ilə tapdalayaraq ondan kökə hazırlayırdılar. Sonra onu qızmar günün altında bişirib yeyirdilər.
Ədən şəhəri ilə bağlı məlumat verən Marko Polo yazırdı ki, burada həddindən çox ucuz qiymətə yaxşı balıq satılır. Əhali tərəfindən balıq parça-parça doğranır, gün altında qurudulur və ilboyu suxarı kimi yeyilir.
Ərəb müəlliflərindən biri yazırdı ki, Ar-Rass çayında cürbəcür balıq növləri vardır. Bu çayda insanın heç yerdə rastlaşa bilmədiyi «turşahı» adlı balığa rast gəlmək olar.(bizim Araz çayı)
Keçən əsrdə Türkiyənin Tərsə bazarında çəkisi 55 kiloqramdan artıq olan orkinos balığı qeydə alınmışdır. Orkinos Aralıq dənizi balığıdır. Əti çox bərk olur. Bu balıqdan Siciliya sahillərində yaşayan əhali çox istifadə edirdi.
Aristotelin məlumatına görə burada çəkisi 220 kiloqramdan artıq olan orkinos balığı tutulmuşdur.
Qədim Avropa xalqlarından sayılan yunanlar, romalılar balıq və digər dəniz heyvanlarından — tısbağa, xərçəng və molyusklardan hazırlanın yeməkləri daha çox xoşlayırdılar. Afinalılar — da təzə balıq ətinə hədsiz dərəcədə maraq göstərirdilər.
Müasir dövrdə balıqçılıq sahəsində Avropa ölkələrindən öncülləri İsveç, Hollandiya və s. öncül hesab olunur.
Xəzər dövlətində əkinçiliklə yanaşı balıqçılıq da mühüm yerlərdən birini tuturdu. Buna sübut Xəzərlilərin ağ balıqdan hazırladıqları yapışqanı digər ölkələrə ixrac etməsi ən gözəl sübutdur.Xəzər dövlətinin xalqları Volqa və Xəzərin sahilləri boyu balıq tutmaqla məşğul olurdular. Sözsüz ki, balıq onlar üçün əsas ərzaq növlərindən biri idi.
Məlumdur ki, Xəzər dənizi dünyanın balıqla zəngin olan ən böyük hövzələrdən biridir.
XVI əsr ingilis səyahətçisi yazırdı: «Xəzər dənizi son dərəcədə balıqla zəngindir. Mənim məlumatlarıma görə bu dənizdə əcaib ölçülü balığa rast gəlməzsən. Amma orada elə növ balıq yaşayır ki, bizim dənizlərdə beləsi yoxdur».
Yunanlar və romalılar Bosfor dövlətinin balıq sərvətlərinə yaxşı bələd idilər. O zaman bu sərvətlər böyük zinət sayılırdı. Yunan yazıçıları qida üçün yararlı olan balıqların adını öz əsərlərində tez-tez çəkirdilər. IV əsrdə yaşamış yunan şairi Arxestrat «Bosforun duzlanmış balığı haqqında qeydlər» adlı əsər də yazmışdı.
Bosfor balığının duzlanmasını, əsasən Tiritaka şəhərində aparmışlar. Arxeoloji tədqiqatlar göstərir ki, I-III əsrlərdə burada altmışa yaxın balıq duzlama məntəqəsi olmuşdur. Duzlanmış balığı saxlamaq üçün orada çox saylı anbarlar da var idi.Tiritakanın elə dövrü olmuşdur ki, orada ildə 12800 sentner duzlu balıq istehsal edilmişdir. Bunun üçün 300 tona yaxın duz istifadə olunmuşdur. Bu, kiçik bir şəhər üçün böyük həcmdir. Duzlanan balıqlar, əsasən nərə və karp balıqları idi.Bosforun Fanaqariya şəhərində isə III-IV əsrlərdə uzunburun, nərə, çapaq, çəki və sufi balıqları ovlanırdı.
baliq eti
Balıqçılıq qədimdən Rusiyanın cənub ərazilərində də inkişaf etmişdir. Bu barədə 1883-cü ildə çap edilmiş kitabların birində oxuyuruq: «Terek çayının sularında balıq qaynaşır. Onu paroxodlar hələ qorxudub qaçırmamışdır. Balıq Xəzər, Qara dəniz və Azov dənizlərinin körfəzlərində, Açuyev və Kuban limanlarında, habelə Həştərxan körfəzində daha boldur».
XIX əsrə aid məlumatların birində göstərilir ki, Kerç əhalisinin ən çox xoşladığı məşğuliyyət balıq ovudur. Yazda orada çoxlu nərə və siyənək balığı tutur, kürü hasil edilir. Tutulan balığın bir hissəsini qurudurlar.
XIX əsrin birinci rübündə Rusiyada qara kürü istehsal olunurdu. Onu çəlləklərə yığıb, uzun müddət üçün saxlayırdılar. Məlumata görə, 1828-ci ildə Volqaboyu vətəgələrdə tutulmuş balıqdan təqribən 370 ton kürü alınmışdır.
Qara kürü bir zamanlar yunanların ən çox xoşladığı yemək sayılırmış.Deyirlər ki, ispan-zeytun yağından, finlandiyalı-kərə yağından, alman-şərabından, irlandiyalı-südlü sıyıqdan əl çəkər, amma yunan qara kürüdən əl çəkməz.
Süni balıq yetişdirməyə hələ bizim eradan əvvəl başlanmışdır. Mesopotamiya ilk süni balıq yetişdirən ölkələrdən biri olmuşdur.
Roma varlıları öz malikanələrində hovuzlar tikdirir. Bu hovuzlar şirin su ilə, yaxud dəniz suyu ilə doldurulur, orada rəngarəng balıqlar, habelə tısbağa saxlayırdılar. Bu qayda ilə il boyu onların əli altından dəniz məhsulları əskilmirdi.
Süni şəraitdə yetişdirilib artırılan ən əlverişli balıqlardan biri karpdır. Vətəni Çindir. Onu min ildən çoxdur ki, yetişdirirlər. XIII əsrdə Çexiyada, XVI əsrdə İngiltərədə, daha sonralar isə Skandinaviya ölkələrində süni yaradılmış nohurlarda karp bəsləyirdilər. Yaponlar karpı süni göllərdə və düyü əkilmiş sahələrdə yetişdirirdilər. Onlar balıqla yanaşı, tısbağa da çoxaldıb bəsləyirdilər.
XVI əsrdə süni balıq yetişdirmək barəsində kitab da çap edilib.
Balıq yetişdirmə Asiyada da qədimdən məlumdur. Məsələn, İndoneziyada bu məqsədlə XVI əsrə qədər duzlu və şirin süni su nohurları yaratmışdılar. Bəzi məlumatlara əsasən süni balıqyetişdirmə üsullarını səkkiz əsr bundan əvvəl Hindistandan İndoneziyaya burada yaşayan hindlilər gətirmişlər.
Qədim mənbələrə əsaslanaraq demək olar ki, Havay adalarında süni balıq yetişdirmənin minillik tarixi vardır.
İlk süni balıqyetişdirmə təşəbbüsçülərindən biri alman alimi S.L.Yakobi (1711-1784) olmuşdur. O, balıq kürüsünü süni surətdə mayalandırma üzrə ilk təcrübələrini 1765-ci ildə qızıl balıq üzərində aparmışdır.
1840-cı ildə Fransa Elmlər Akademiyası J.Reminin süni mayalandırma təcrübələrinə böyük maraq göstərməyə başlayır.
XIX əsrin ikinci yarısı süni balıqyetişdirmə sahəsində müəyyən uğurlar əldə edilir.
Qeyd etmək lazımdır ki, keçən əsrin 90-cı illərində xərçəngkimilər də daxil olmaqla dünya üzrə 85 milyon ton balıq tutulmuşdu.
Hal-hazırda planetimizdə 30 min balıq növü var ki, onun 100-ə yaxını insanların ərzaq menyusuna daxildir.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
Top