Qara duz

Qara duz

Qara duz — ənənələrdən gələn ərzaqdır. Müasir qastronomiyada özünəlayiq yer tutub, kifayət qədər maraq doğurur və ondan çəkinmədən istifadə etmək  olar. Hazırda Rusiya və MDB-nin slavyan ölkələrindəki marketlərdə və mətbəxində yer alan Qara duz xristian dini ritualı və inancı ilə bağlıdır.

Pravoslavların Pak Cümə axşamı adlı xüsusi günü var ki, bu gün məxsusi olaraq “tilsimləri açan” duz hazırlanır. İnanca görə, bu duz qeyri-adi dərəcədə təmizləyici, qoruyucu və şəfaverici gücə malik olur. Tarixən kəndli ailələrində ildə yalnız bir gün olan bu axşamda duz hazırlığına başlanardı.

Qara duzu hazırlamaq üçün adi xorək duzu və ya iri duz kristalı götürülüb, döyülür. Onu kvas suyunda isladıb, sobanın kənarında 6-7 saat qurudurlar. Ona qara çörək ovuntusu qatıb, tordan keçirirlər. Tavada qovurub qaraya çalan və ya tund-qəhvəyi rəngdə duz alırlar. Duzun dadı da maraqlıdır: kvasda olan bütün dad və qoxu fermentləri duza hopur. Ondan həm qara çörək, həm kvasda olan quru meyvələrin, həm də qıtıq otunun (xren) tamı gəlir.

Qara duzun hətta çox az dozası belə qatıldığı yeməyin və ya ərzağın dadına çox təsir edir. Ədviyyat olaraq ən çox yumurtadan hazırlanan yeməklərdə istifadə olunur. Qayğanaq və omletə çox az miqdarda qara duz qatmaq kifayətdir ki, adi qayğanaq özəl dad alsın. Qara duz (əgər o Pak cümə axşamında hazırlansa) bir çox xəstəliklərin dərmanıdır.

İndiyə kimi pravoslav bayramlarında kilsədə insanları bu duzla ağır neqativ və şər qüvvələrin təsirindən təmizləyiblər. Qara duz həll olunmuş suda çimmək, onunla baş yumaq, qara duzdan dilin altına qoymaq ritualı bu gün də aktualdır.

Resept:
Qara duzda alabalıq

Ərzaqlar:
• Dondurulmuş alabalıq (və ya digər balıq) – 300 qr.

• Qara duz – 5 qr.

• Qara istiot toxumu — 5 qr.

• Yaşıl soğan – yarım dəstə

Hazırlanması:
Yeməyi hazırlamaq üçün mutləq mümkün qədər aşağı temperaturda dondurulmuş balıq götürülməlidir. Yaxşı olar ki, o, isidilmədən və temperaturunu dəyişmədən hazırlansın ki, ətin teksturası pozulmasın.

1. Balığı iti bıçaqla, ehtiyatla nazik lay kimi dilimləmək lazımdır.

2. Onu əvvəlcədən soyuducuda saxlanmış boşqabın içinə qoyub, üzərinə qara duzla qara istiot qarışığı səpin. Doğranmış yaşıl soğanları da üzərinə töküb, dərhal süfrəyə verin. Yeməyi soyuq halda, temperaturu dəyişmədən yeməlisiniz ki, o ləzzəti duya biləsiniz.

Top