Ətin saxlama müddəti

Ətin saxlama müddəti

Sağlam və ləzzətli yeməklərin hazırlanması, ilk növbədə, qidalardan və keyfiyyətdən asılıdır. Qidaları isə təzə və tər saxlamaq bacarıq tələb edir. Soyuducu bəzi qida məhsullarını uzun müddət saxlamaq üçün ideal bir yerdir. Amma hansı ərzağın, necə və nədə soyuducuya qoyulmasından çox şey asılıdır.

Məsələn, Pakistan alimlərinin gəldiyi nəticəyə görə, əti soyuducuda 10 gündən artıq saxlamaq zərərlidir. Onlar bu müddətdən artıq ətin soyuducuda saxlanılmasından imtina etməyə çağırırlar. Məhsul 10 gündən artıq soyuducuda saxlanarsa, ondakı zülal tamamilə məhv olur. Bu da qida zəhərlənməsinə və mədə-bağırsaq traktının pozulmasına səbəb ola bilər.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin açıqlamasında bildirdi ki, ət soyuq temperaturda uzun müddət saxlanıla bilər. Belə olan halda, ətdə qida maddələri bir ilə qədər qalır.

Bölmə müdiri deyir ki, sadəcə, ətin saxlanmasına düzgün əməl etmək lazımdır: "Əti saxlamaq üçün qaydalara düzgün əməl olunmalıdır. Ətin donu açıldıqdan sonra dondurmaq düzgün deyil. Əti 1 ilədək mənfi 18-25 dərəcə temperaturda saxlamaq mümkündür. Bu temperaturda ət özünə məxsus xüsusiyyətlərini özündə saxlayır. Ətin donu açılaraq yenidən dondurulursa, hüceyrələrdə partlama əmələ gəlir və tərkibində olan qida madələrinin bir hissəsi məhv olur. Toyuq və balıq ətində züllalar bir qədər yumşaqdır. Saxlama müddəti və rejimləri daha ciddidir".

İ.Abdullayevin fikrincə, ətin tərkibindəki xeyirli maddələrin 10 gündən sonra məhv olması kimi hala elmdə rast gəlinməyib: Əgər belə müddət olsaydı, dünyada ət qıtlığı olardı. Bütün dünyada ət uzun müddət saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tez xarab olan məhsulların saxlanma müddəti və rejimi müəyyən olunub. Buna əməl olunarsa, məhsul keyfiyyətini qoruyub saxlamış olur.
Mağazalarda vaxtı keçmiş ətlərin olmasına gəlincə, İ.Abdullayev qeyd etdi ki, artıq ölkə mağazalarında nəinki vaxtı keçmiş ətə, heç donmuş ətə rast gəlinmir. Ancaq xaricdən gətirlən sümüksüz ətlər var ki, onlar da dondurulmuş bloklarda gəlir.

Qastroenteroloq Səbirə Səfərova açıqlamasında ətin saxlanıldığı zaman tərkibindəki qidalı maddələrin ölməsi fikrini təsdiqlədi. Onun sözlərinə görə, ətdə xüsusiyyətlərini itirmiş zülal mənbəyi olduğundan, onu uzun müddət saxladıqda, amin turşularının parçalanması, geniş də olmasa, çürümə prosesi gedir:
«Hətta ətdə elə infeksiyalar var ki, mənfi 20 dərəcədə temperaturda da inkişaf edə bilər. Ona görə də, ailmlərin fikirlərinə haqq qazandırmaq olar. Əgər ətdə əvvəldən hansısa bakteriya varsa, ətin tərkibində qalır. Ət soyuducuda çox saxlanılan zaman keyfiyyəti aşağı düşür, qidalandırıcı qabiliyyəti aşağı düşür».
S.Səfərova məsləhət görür ki, insanlar təzə ətə üstünlük versinlər. Eyni zamanda əti donu açılandan sonra dondurmasınlar.

 

Top