Yağ: başa bəla
Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində 100 qramdan artıq yağ qəbul etməlidir. Qəbul edilən yağın 60 faizi isə mütləq kərə yağı olmalıdır. Çünki onun tərkibi insan orqanizmi üçün lazım olan A, E, D vitaminləri ilə zəngindir. Ancaq yağı normadan artıq qəbul etmək də bədənə mənfi təsir göstərə bilər.
Yağlı yeyək, yoxsa yavan?
Həkim-qastroenteroloq Gülçöhrə Müslümovanın dediyinə görə, yağdan ifrat dərəcədə istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın əmələ gəlməsinə şərait yaradır: «Kərə yağının tərkibində insan orqanizmi üçün faydalı olan mineral maddələr, vitaminlər var. Bu səbəbdən də yağdan tamamilə imtina etmək düzgün olmaz. Ancaq kərə yağından həddən artıq istifadə də orqanizm üçün zərərlidir. Xüsusilə də keyfiyyətsiz kərə yağlarından.
Keyfiyyətsiz kərə yağlarından istifadə zamanı mədədə ağrılar, mədə bulanması kimi hallar müşahidə olunur. Həzm prosesi düzgün getmədiyi üçün mədədə göynəmələr, ağırlıq ortaya çıxır. Zərərli yağlardan istifadə nəticəsində yaranan mədə-bağırsaq xəstəlikləri zamanı xəstədə ilkin olaraq mədə bulanması, epiqastral nahiyədə ağrılar, iştahsızlıq və halsızlıq kimi hallar müşahidə edilir. Bir müddət sonra isə xəstənin vəziyyəti ağırlaşır və daha ciddi problemlər ortaya çıxır. Ağır yeməklər yeyəndə mədədə kəskin ağrılar baş qaldırır».
Xolesterinin miqdarı niyə artır?
Həkim-qastroenteroloq vurğulayır ki, qida rasionunda yağdan həddindən çox istifadə zamanı orqanizmdə olan xolesterinin miqdarı artmağa başlayır ki, nəticədə ürək-damar sisteminin fəaliyyətində problemlər yaranır, qan təzyiqi yüksəlir, damarlar kirəcləşir:
«Orqanizmdə xolesterinin miqdarı artanda damarların divarlarında, əsasən də ürək və beyin damarlarında o, yığıntı şəklində toplanaraq aterosklerozun yaranmasına səbəb olur. Aterosklerozun ən təhlükəli fəsadları isə miokardın infarktı, insultdur. Düzdür, xolesterin orqanizm üçün, onun normal fəaliyyəti üçün önəmli olan maddələrdən biridir. Hüceyrələrin xarici örtüyü, tamlığı, normal fəaliyyəti xolesterin vasitəsilə təmin edilir. Ancaq onun orqanizmdə həddən ziyadə olması ciddi problemlər yaradır».
Başlıca hədəf — qaraciyər
Həkim deyir ki, yağdan həddən artıq istifadə edəndə orqanizmin ən vacib orqanlarından sayılan qaraciyərdə müəyyən problemlər ortaya çıxır. Tərkibi naməlum, keyfiyyətsiz yağlardan istifadə zamanı isə qaraciyər ciddi zərər görür:
«Qaraciyər orqanizmin ən davamlı orqanlarından biri sayılır. Zədələndikdən qısa müddət sonra qaraciyər özünü bərpa etməyə başlayır. Heç bir orqan qaraciyər kimi öz hüceyrələrini bərpa edə bilmir. Ancaq qaraciyər orqanizmin çox həssas orqanlarından biridir. Ciddi zərər gördükdə özünü bərpa etmək xüsusiyyətini itirir. Bu zaman onun fəaliyyətində müəyyən problemlər ortaya çıxır».
Qastroenteroloq qeyd edir ki, keyfiyyətsiz zeytun, günəbaxan və digər yağlardan da istifadə orqanizm üçün zərərlidir: «Keyfiyyətsiz yağların tərkibində olan zərərli maddələr orqanizmdə toplanır və tədricən bir sıra xəstəliklərin yaranmasına səbəb olur».
Aşı bişirən yağdır, gəlinin üzü ağdır...
Keyfiyyətsiz və tərkibi naməlum olan yağların mənfi təsiri mətbəximizdən də yan keçmir. Belə ki, naməlum tərkibli yağlar zəhmətlə hazırladığımız xörəklərə xoşagəlməz dad verir.
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun sözlərinə görə, hazırlanan hər bir xörəyin ləziz alınması üçün istifadə olunan yağın keyfiyyətinin böyük əhəmiyyəti var:
«Xörək hazırlanmazdan öncə istifadə olunacaq ləvazimatların, xüsusilə də yağın keyfiyyətinə diqqət yetirmək lazımdır. Çünki xörəyin dadlı alınması üçün yağın keyfiyyətli və təmiz olması mühüm şərtdir. İstər kərə, istərsə də bitki yağı, əgər düzgün seçilsə və keyfiyyətli olsa, xörək bir o qədər dadlı alınar. Keyfiyyətsiz yağdan hazırlanan xörək dadsız, tamsız olur».
T.Əmiraslanov qeyd edir ki, kərə yağını əridilmiş vəziyyətdə istifadə etmək lazımdır: "İsti odda əridilən zaman yağın tərkibindəki su, lazımsız maddələr ayrılır və nəticədə yerdə təmiz yağ qalır".
Yağın təmiz olub-olmamasını necə müəyyən etmək olar?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, satışda olan yağların 85 faizi təmiz deyil. Kərə yağı adı altında əhaliyə satılan «yağ»lar bitki, heyvan, marqarin mənşəli tərkibə malikdir:
«Təəssüflər olsun ki, Azərbaycanda bu cür məhsulları analiz edəcək və müəyyənləşdirəcək bir qurum mövcud deyil. Bu səbəbdən də bəzi işbazlar rahatlıqla keyfiyyətsiz yağları keyfiyyətli adı ilə insanlara satırlar. Keyfiyyətsiz yağlar topdansatış mərkəzlərində daha çox satılır».
E.Hüseynovun dediyinə görə, kərə yağının ərimə temperaturu insan orqanizminin temperaturundan daha aşağı olduğundan, o, mədədə və ya bağırsaqlarda qalmamalı, əriməlidir. Yağın necə həzm olunmasından asılı olaraq, onun təmiz olub-olmamasını müəyyən etmək olar.