Makaron məmulatları

Makaron məmulatları

makaron novləriMakaron məmulatları təsdiq edilmiş qaydalara uyğun olaraq reseptlərin sanitar qaydalarını və texnoloji təlimatlarını gözləmək şərtilə standartın tələblərinə əsasən hazırlanmalıdır. Bu məmulatların əsasən makaron, vermişel, əriştə və s. kimi növləri var.

Təəssüflər olsun ki, əksər hallarda istehlakçılar bu məmulatları alarkən onun hansı əlamətlərinə diqqət edilməsi barədə məlumatsız olur. Keyfiyyətsiz vermişel insan orqanizmi üçün olduqca təhlükəlidir.

Vermişel sapvari uzun, deşiyi boş, yaxud tor formalı sadə bir qidadır. Vermişel qısa və nisbətən uzun formada olur.

Qısa formalının uzunluğu 15 sm-ə qədər, uzununki isə 20 sm-dən az olmamalıdır. Vermişelin torvari, sadə, həvəskar və s. çeşidləri vardır.

Vermişelin tərkibi əsasən un və sudan ibarətdir. Bununla bərabər yumurta, yaxud yumurta məhlulu da müəyyən həcmdə tərkibinə qatıla bilər. Bəzi hallarda istehsalçılar tərəvəz məhlullarından tomat və ya kökün məhlullarından da əlavə kimi istifadə edirlər. Edilən əlavələr hesabına vermişelin rəngi dəyişə bilər. Bu məhsul acı dad verməməli, rəngi bir tonlu olmalıdır. Suda qaynadılan zaman vermişel bir-birinə yapışmamalı, formasını itirməməlidir. Rütubəti 11-13%, turşuluğu 4ºC-dən artıq olmamalıdır.

Vermişeli qablaşdırılmış və çəki halında buraxırlar. Çəkisi 1 kiloqramdan artıq olmayan vermişel çeşidlərini paçkalara, yaxud kartondan olan bəzək vurulmuş qutulara, kağız, sellofan paketlərə yerləşdirirlər. Hər bir qutu, yaxud sellofandan olan paketlərə yerləşdirilən vermişel bir növdə olmalıdır.

Markalanarkən məhsulun üzərində əmtəə nişanı, istehsalçı müəssisə, ölkə adı, məhsulun adı, onun qrupu, dərəcəsi, xalis çəkisi, bişirilmə və hazırlanma qaydaları haqda məlumat öz əksini tapmalıdır. Eyni zamanda vermişelin buğdanın bərk sortlarından hazırlandığı qeyd olunmalıdır.

Vermişel 30ºC-yə qədər olan temperaturda, 70 faizdən artıq olmayan nisbi rütubətdə saxlanılmalıdır. İstehsal günündən etibarən vermişelin saxlama müddəti əlavəsiz olanlarda 1 il, südlü, kəsmikli, yumurtalılarda 5 ay, tomatlılarda isə 3 aydır.

Buğdanın ən bərk növlərindən hazırlanan vermişel ən dadlı, keyfiyyətli və daha xeyirli hesab olunur. Keyfiyyətli vermişelin qidalanma üçün hazırlanması zamanı onun 12 dəqiqə qaynadılması kifayətdir.

Vermişel alarkən onu diqqətlə nəzərdən keçirin. Onun üzərində tünd ləkələr, un tozu olmamalı, görünüşü qızılı olmalıdır. Əgər vermişeldə parçalanma varsa deməli istehsal prosesində onun qurudulma rejiminə düzgün əməl edilməyib. Bu məhsulun keyfiyyətinə xələl gətirən amillərdəndir. Vermişel qablaşdırılan paçkalar cırılmamış olmalıdır. Belə olduğu halda məhsulu almaqdan çəkinin. Ticarət şəbəkəsində bu məhsulun saxlanma şəraitinə, yığılma qaydasına, markalanmasına diqqət edin.

Mənbə: anspress.com
Top