Yoqurt

Yoqurt

yoqurtSüd məhsulları qrupuna daxil olan yoqurt zülal və kalsiumla zəngin olan qida məhsuludur. Yoqurtlar müxtəlif formalarda südlü, kərəli, meyvəli, diabetli xəstələr üçün dietik və s. formalarda olurlar. Onu hər gün 200 qramdan çox olmamaq şərtilə yemək məsləhətdir. Yoqurtun qəbulu immun sistemini gücləndirir və sümüklərin möhkəmlənməsinə kömək edir. 

Lakin yoqurtun xeyirli olması ilə yanaşı insan orqanizminə zərəri də ola bilər. Keyfiyyətsiz yoqurt yemək insan sağlamlığı üçün təhlükəlidir. Tez xarab olan məhsullardan olduğuna görə, yoqurt alarkən xüsusilə onların saxlanma müddətinə, qabının əzilməsinə, cırılmasına, onların saxlanma şəraitinə və temperaturuna diqqət etmək lazımdır.

Yoqurt istehsalı nəzərdə tutulmuş texniki və texnoloji qaydalara, sanitar normaları gözləmək şərtilə standartın tələblərinə uyğun olaraq hazırlanmalıdır. Yoqurt sadə, şirinləşdirilmiş və meyvə təamları əlavə edilməklə istehsal olunur. Yoqurtlardan uşaq qidalarının hazırlanmasında da istifadə edilir. İstehsal müəssisəsindən onlar 4±2ºC temperaturda çıxmalıdır.

Yoqurt dövlət orqanlarının icazəsilə qablaşdırma materiallarına müxtəlif tutumlarda yerləşdirilir. Onu məhsulun saxlanmasını təmin edəcək səviyyədə qablaşdırırlar. O kombinə olunmuş materiallardan kağız paketlərə, korobkalara, stakanlara və s. qablaşdırılaraq markalanır. Markalanarkən məhsulun etiketində istehsalçının adı, ünvanı, əmtəə nişanı, saxlama şəraiti, yararlılıq müddəti, məhsulun xalis və tara ilə çəkisi, standartı, uyğunluğunu təsdiq edən məlumat öz əksini tapmalıdır.

Yoqurtu tez xarab olan məhsulların daşınması ilə bağlı qaydalara uyğun olaraq xüsusi nəqliyyat vasitələrində daşınması təmin olunmalı və bu nəqliyyat vasitələrinin üstü bağlı olmalıdır.
uşaqların sevimlisi - yoqurt
Ticarət şəbəkəsindən bu məhsulu əldə edərkən mütləq onların saxlama müddətinə diqqət yetirmək lazımdır. Adətən yoqurtların saxlama müddəti 5-7 gün olur. Lakin bəzi növ yoqurtlar düzgün saxlama şəraitində 30 günədək qala bilərlər.

Qeyd edək ki, ticarət şəbəkələrində yoqurtlar soyuducuda saxlanmalıdırlar. Bu məhsullar üçün optimal saxlanma temperaturu müsbət 4-6ºC-dir. Yoqurtdan olan məhsullara gəldikdə isə onlar müsbət 4-25ºC temperaturda saxlanıla bilər. Alındıqdan sonra ev şəraitində də yoqurtları qeyd olunan temperatur rejimində saxlamaq məsləhətdir. Soyuducunun qapısındakı gözlər bu məhsulları saxlamaq üçün uyğun deyil.

Mənbə: anspress.com
Top