Zəncəfil bitkisinin faydaları.

Zəncəfil bitkisinin faydaları.

Zəncəfil bitkisi xolesterolun miqdarının azalmasına, qrip və soyuqdəymənin qarşısını almağa kömək edir. zəncəfilin immunitet sisteminə də çox xeyri var.

Cökə ağacının çiçəkləri ilə zəncəfil çayı soyuqdəyməni tez bir zamanda aradan qaldırır. Zəncəfili ədviyyat kimi də yeməklərə qatmaq olur.

Bundan başqa, iştahı az olan və ya kökəlmək istəyənlərə zəncəfil turşusu yemək məsləhət görülür.

Zəncəfil mədə bulanması və qusmalara qarşı çox yaxşı çarədir. Yola çıxmazdan yarım saat əvvəl ağıza alınan 1 qram zəncəfil maşın tutmalarının qarşısını almaqda əla vasitə hesab edilir.

Zəncəfilin digər faydaları:

• Mədə bulanmasının qarşısını alır.

• Qadınlarda dövrü spazmları aradan qaldırır.

• Qanda xolesterolu aşağı salır.

• Soyuqdəymə və qrip zamanı müalicə edici xassələrə malikdir.

• İltihab əleyhinə özəlliklərə malikdir və güclü təbii ağrıkəsici təsir göstərir.

• Migren zamanı qan damarlarının iltihablaşmasına və ağrıya səbəb olan prostaqlandinin inkişafını dayandıraraq xəstəliyi yüngülləşdirir.

• Aparılan araşdırmalar yumurtalıq və yoğun bağırsaq xərçəngi zamanı xərçəng hüceyrələrinin böyüməsinə mane olduğunu və ya tamamilə məhv etdiyini göstərir.

 

 Zəncəfil bağırsaqları xərçəngdən qoruyur

Mütəxəssislər sübut ediblər ki, zəncəfilli əlavələr bağırsaqları iltihabi markerlərdən qoruyur. Onlar belə qənaətə gəliblər ki, zəncəfilin kökündə olan hansısa maddə bağırsaq xərçənginin inkişafının qarşısını almağa qadirdir. Bu barədə «Web MD» yazır.

Miçiqan Universitetinin Tibb Məktəbinin əməkdaşı Suzanna Zik araşdırmanı şərh edib. «Bitki hüceyrələrinin nümunəsində bir çox elmi işlər göstərir ki, zəncəfil iltihab əleyhinə xassələrə malikdir. Aparılan təcrübələr zəncəfilin şişlərin əmələ gəlməsinə mane olduğunu göstərdi», — o deyib.

Tədqiqat zamanı 30 nəfərlik qrupdan ibarət könüllülər arasında sərbəst qaydada 2 qramlıq zəncəfil tozu və plasebo (boş dərman — psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) paylayıblar. Onları dörd həftə ərzində hər gün yeməklə birgə qəbul etmək tapşırılıb. Başqa dərmanları qəbul etmək qəti qadağan olunub.

Bəzi adamlarda əlavə təsirlər qeydə alınıb. Həmin təsirlər sırasında mədə pozğunluğu, qıcqırma və köp nisbətən daha çox yer alıb. Tədqiqatdan əvvəl və sonra ekspertlər analiz üçün bağırsağın divarlarından nümunələr götürüblər. Götürülən nümunələr onlarda eykozanoidlər adlanan birləşmələrin mövcud olub-olmaması ilə bağlı yoxlanılıb. Onlar həzm sistemində iltihabı artırırlar.

Məlum olub ki, zəncəfil tozu qəbul edən adamlardan götürülən toxumalarda daha az bağırsaq markerləri mövcuddur. Həm də xroniki iltihabın xərçəng poliplərinin yaranması ilə əlaqədar olduğu da aşkar edilib.

Top