Pivə

Pivə

Yay digər fəsillərlə müqayisədə pivənin ən çox içildiyi mövsümdür. Zəif alkoqollu içki növü olan pivə ən qədim içki növlərindəndir. Bu içkinin hələ bizim eradan əvvəl Qədim Misir, Babil, Çin dövlətlərində istifadə edilməsinə dair tarixi məlumatlar var. Bu gün dünyada müxtəlif adda və çeşiddə pivə istehsal olunur.  

İndi hamının içkisi


Pivə buğda, arpa, mayaotu, yulaf, çovdar, darı, düyü, qarğıdlı kimi dənli bitkilərin səmənilərindən istehsal edilir. Amma əksər pivə istehsalçıları onun hazırlanmasında ən çox arpa səmənisinə üstünlük verirlər. Qədim dövrlərdə pivə daha çox kasıb içkisi sayılıb, varlılar isə daha çox çaxıra üstünlük veriblər. Sonralar pivə tədricən varlıların da süfrəsinə yol tapıb və tezliklə hansı təbəqəyə mənsub olmasından asılı olmayaraq hamı bu içkidən istifadə etməyə başlayıb.
Pivə açıq və tünd rəngdə olur. Hazırda dünyanın müxtəlif ölkələrində tərkibində alkoqolun dərəcəsi 3, 6, 9 və 12 faiz olan pivələr istehsal olunur. Bundan başqa spirtli içkilərdən imtina edən şəxslər üçün tərkibində alkoqol olmayan xüsusi pivə növü də hazırlanır.

İngilislər isti pivə içirlər

Bu içki sərin və ya soyuq halda içilməlidir ki, insana keyf və ləzzət versin. Ümumiyyətlə dünyanın bütün ölkələrində pivə soyuq halda içilir. Yalnız ingilislər isti pivə içməyə meyllidirlər ki, bu da dünyada təəcüblə qarşılanır. Bir sözlə, pivə təkcə məstedici deyil, həm də sərinləşdirici içkidir.

Pivə köpüyü və keyfiyyət

Pivənin əsl keyfiyyətini yalnız dequstasiya posesi ilə təyin etmək mümkündür. Baxmayaraq ki, bir çoxları elə hesab edir ki, pivənin keyfiyyətini onun köpüyünün çox və dayanıqlı olması ilə təyin etmək olar. Bu cür düşünənlərin fikrincə, köpüyü çox və daynıqlı olan pivə yaxşı keyfiyyətə malikdir.
Mütəxəssislər isə belə yanaşmanı düzgün hesab etməyərək bildirirlər ki, köpüyə görə əsl keyfiyyəti təyin etmək olmaz. Çünki istənilən pivəni elə süzmək olar ki, onun köpüyü çox olsun və ya əksinə.
Bununla belə mütəxəssislər köpüyün dayanıqlı olmasını, yəni pivə süzüldükdən sonra uzun müddət qalmasını keyfiyyətlilik əlaməti  hesab edirlər. Amma son hökm pivənin yoxlanıldığı dequstasiya prosesinindir.

Dünyanın ən çox pivə içən xalqı

Müasir dövrdə hər il dünyada 120 milyard dekalitr pivə istehsal olunur. Hazırda ABŞ və Çin ən böyük pivə satışı bazarı hesab olunur.
Dünyada ən çox pivə içən xalq isə çexlər sayılır. Təsadüfi deyil ki, bu gün dünyada ən yaxşı pivə də Çexiya pivəsi sayılır.
Ondan başqa hazırda Almaniya, Avstraliya, Fransa Avstriya, İngiltərə, Belorus, Belçika, Hollandiya, İrlandiya, Lüksemburq, Rusiya, Yeni Zellandiya, Cənubi Afrika, Yaponiya pivələri də keyfiyyətinə görə dünyada məşhurdur. Bu gün dünyada «Bavariya», «Baltika», “Müller”, «Boçkarev», «Efes Pilsner», «Bakler», «Budvayzer» kimi məşhur brend-nişanlı pivələr tanınır.
Dünyada ölkələr arasında ən çox pivə 1998-ci ildə Çexiyada içildiyindən bu fakt Ginnesin Rekordlar Kitabına düşüb. Belə ki, həmin il Çexiyada 1653 milyon litr pivə içilib, bu, hər bir vətəndaşa 160 litr pivə deməkdir.  

Pivə ilə bağlı ənənələr


Pivə ilə bağlı onun istehsal edildiyi ölkələrdə müxtəlif adət-ənənələr mövcuddur. Məsələn, Almaniyada hər əyalətin öz pivəsi var. Bu ölkədə yazılmamış qanunlardan biri odur ki, əyalətin yerli sakinləri yalnız yerli pivə növlərini içməlidirlər. Pivə və sosiska almanların restoranlarda ən çox sifariş etdiyi yemək-içməkdir. Çexiyada da pivə ilə bağlı müxtəlif ənənələr mövcuddur. Bu ölkədə insanlar hətta pivə  vannasında üzə və xüsusi pivə masajları qəbul edə bilirlər. Buna pivə zavodlarından birinin satışa  «çimmək üçün» adlanan pivə istehsal etməsi şərait yaradıb. 1,5 litrlik butulkalarda satılan pivə vanna qəbul etmək üçün nəzərdə tutulub. Belə pivənin bir butulkası 4 avrodan bir qədər ucuzdur.
“Çodovar” adlanan pivə zavodunun zirzəmisində quraşdırılmış vanna və hovuzlarda bu sərinləşdirici içkinin içərisində üzə və xüsusi pivə masajları qəbul etmək olar. Çexlər pivənin müalicəvi keyfiyyətlərini ciddi qəbul edirlər.
Yeri gəlmişkən, pivəni vanna kimi qəbul etmək əslində qədim romalılara məxsusdur. Qədim Romada hesab olunurdu ki, pivədə çimmək səhhət üçün çox xeyirlidir.

Müxtəlif xalqların təbabətində də pivənin faydalı cəhətlərindən bəhs edilib. Təbabətlə məşğul olan bir çox loğmanlar bildirirlər ki, isti pivə diş ağrısına xeyirdir. Bundan başqa onunla mütamadi olaraq ağzı yaxalamaq da faydalı hesab olunur. Digər tibbi məsləhətdə pivənin böyrək daşlarının əridilməsi məqsədilə qəbul edilməsi tövsiyyə edilir.

Rusiyada isə hər il pivə festivalı keçirilir. Bu festivalların təşkilatçısı məşhur «Baltika» firmasıdır. Firma festivalın keçirildii günlərdə insanları pulsuz pivəyə qonaq etməklə həm də öz məhsulunun reklamını həyata keçirir.

İslandiyada isə hər il 1 mart Pivə günü kimi qeyd edilir. Həmin gün bu ölkədə pivə festifalı təşkil olunur, bütün restoran, kafe və barlarda spitli içki kimi ancaq pivə təklif edilir.
Hər il Almaniyanın Münhen şəhərində də pivə festivalı keçirilir. Fesival 16 gün davam edir. Bu bayrama dünya ölkələrindən 6 milyona yaxın qonaq qatılır. Ötən il bayramda 6 milyon yarım litrdən çox “Bavariya” pivəsi satılıb.

Azərbaycan pivəsi

Azərbaycanda pivə istehsalına ötən əsrin 60-cı illərindən başlanılıb. O zaman ölkəmizdə ilk və kiçik pivə zavodu Abşeronun Zığ qəsəbəsində fəaliyyətə başlayıb. Daha sonra Xırdılanda istehsal gücü artıq olan yeni pivə zavodu tikilib istifadəyə verilib. Lakin sovet dövründə ölkəmizdə də ən məşhur pivə çex pivəsi saylırdı. Amma həmin pivənin qiyməti baha olduğundan çoxları onun dadına baxa bilmirdi. Sovetlər dövründə çex pivəsi daha çox imkanlı adamların süfrəsini bəzəyirdi.

Hazırda isə ölkəmizdə pivə istehsalı ilə məşğul olan bir neç müəssisə fəaliyyət göstərir ki, onlardan da ən böyüyü Xırdalan pivə zavodunun sahibi «Baltika-Bakı”dır. İndi bu zavodun məhsulları Azərbaycan pivə bazarının 75 faizini əhatə edir. Artıq Azərbaycanda bir vaxtların məşhur «Çexoslovakiya pivəsi» ifadəsini çox az adamın dilindən eşitmək olar. Hazırda respublikamıza xaricdən də pivələr idxal olunur.

Adəm Qorxmaz
Top