Qara istiotun vətəni Cənubi Hindistandır. Hazırda o Hindistan, İndoneziya, Tailand, Şri-Lanka və Malayziyada becərilir.
Darçın kol bitkisidir və vətəni Şri-Lankadır. Hindistanda, Çində, İndoneziyada, Malayziyada, Braziliyada da əkilib becərilir.
Mixəyin vətəni Molukk adalarıdır. Hazırda isə bu ədviyyatın əsas istehsalı (təqribən 90 faizi) Tanzaniya, Zanzibar və Pemba adalarının payına düşür. Hindistanda və Şri-Lankada da müəyyən miqdar məhsul yığılır.Mixək bizim eradan əvvəl IV əsrdə misirlilərə, bir əsr sonra isə çinlilərə məlum olub. Bizim eradan əvvəl (206-220-ci illər) saray adamları Çin imperatorunun qəbuluna gedərkən ağızları xoş qoxu versin deyə mixək çeynəyirdilər. Hil əsas etibarilə şirniyyat istehsalında işlədilir. Vətəni Hindistan (Malabar sahili) və Şri-Lankadır.
Cövüzün vətəni Moluk adaları sayılır. Moluk adalarından biri olan Banda hündürlüyü 6-8 metr olan cövüz ağaclarına bürünüb.Cövüz İndoneziya və Malayziyada da bitir.
Vanil əsasən şirniyyat hazırlanmasında istifadə olunur. O, şokoladla yanaşı digər şirniyyat məhsullarına da vurulur. Vətəni Meksikadır. İlk dəfə Amerikadan İtaliyaya 1510-cu ildə gətirilib. Vanil üç əsrdən sonra — 1807-ci ildə İngiltərəyə gətirilib. Burada saray əczaçısı Hyuq Morqans onu ədviyyat kimi işlətmək istəyib. Bu istək baş tutandan sonra vanil böyük maraq oyadıb. Hollandiyalılar 1819-cu ildə Yava adasında vanil plantasiyaları salmaq cəhdi göstərirlər. Lakin bu cəhd uğur qazanmır. Çünki bitkinin təbii mayalanması qısa müddətdə xüsusi həşəratların vasitəsilə baş tutur. Ona görə də vanili uzun müddət başqa yerə köçürmək mümkün olmur. 1836-cı ildə fransız təbiətşünası Marrel təbiətin sirrindən bəhrələnərək vanili süni mayalandırmaq fikrinə düşür. Çox keçmir ki, onun təcrübəsi sayəsində Madaqaskar (1841-ci il) və Reyunyon adalarında geniş plantasiyalar salınır. Sonralar vanil Mavriki, Taiti, Fici, Martinka, Qvadelupa adalarında uğurla əkilib-becərilir.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı