Gil qablar və dulusçuluq

Gil qablar və dulusçuluq

Ehtimala görə dulusçuluq, yəni gildən qablar düzəldib odda yandırmaqla onları möhkəmlətmək sənəti, qida bişirməkdən sonra meydana gəlmişdir. Bu, ağlabatan fikirdir. Səbətin və ya başqa toxunma qabın odda yanmasını, ya da onun isti su təsirindən korlanmasını müşahidə edən insan belə bir fikrə gəlir ki, toxunma qabların üzərinə gil çəksin və onu qurutsun, qab quruyandan sonra daşı xatırladacaq və odadavamlı olacaqdır. Həyat təcrübəsi göstərir ki, gildən qab formasında tutum düzəldib, onu günəş altında qurudandan sonra odda yandıranda, bu tutum möhkəm olur, onu dəfələrlə odun üstünə qoyub işlətmək olur. Beləliklə, əvvəl gil qazanlar, güvəclər və tavalar, sonra isə başqa mətbəx qabları yarandı.
Dulusçuluq inkişaf etdikcə gil qablarda bitki məhsulları, su, dənli bitkilər, həmçinin maye və qida məhsulları saxlamaq mümkün olurdu.
İlk gil qablar qədimdə əl ilə yapılır, günəş altında qurudulurdu. Elə o dövrdə də bu qablar qida hazırlamaq, xörək tökmək, su içmək və ehtiyat saxlamaq üçün istifadə olunurdu. Gil qabların yaranması duru xörəklərin hazırlanması üçün də böyük imkanlar açırdı. Sıyıqlar, şorbalar və başqa xörəklər yaranır, mətbəx aşpazlar üçün sənətkarlıq ocağına çevrilir və yeməklərin çeşidi zənginləşirdi.
Dulusçuluq sənəti, getdikcə qədim dünyanın bütün xalqlarına məlum olurdu.
Yaponiya dulusçuluğun ən qədim beşiklərindən biri kimi tanınmağa başlayırdı. Artıq 12000 il bundan əvvəl (Neolit dövründə) Yaponiyada müxtəlif formalı gil qablar, bardaqlar, güvəclər, qazanlar, kasalar, lüləli və ayaqlı qablar, tutumlar, mehtərə və sairə hazırlamağı bacarırdılar. Qablar müxtəlif məqsədlərlə istifadə olunurdu. Ərzaq saxlamaq və yemək hazırlamaq üçün səhənglərdən, güvəclərdən və qazanlardan, xörək tökmək üçün kasalardan və su saxlamaq üçün isə su qablarından istifadə edilirdi.
Qafqazda və başqa Şərq ölkələrində şoraba saxlamaq üçün böyük gil küplərdən istifadə edilir.
Gürcü dulusçuları iri güvəclər hazırlamaqda mahirdirlər. Gil güvəclərin hündürlüyü 1,5-4 arşına, eni isə 1-2,5 arşına çatırdı. Ən böyük küplər 450 vedrə (5 535 litr) şərab tuturdu.
Yunanıstanda «pifos» adlı gil çəlləkdən istifadə etmişlər. Maye buraxmasın deyə, onun içərisinə qatranla mumun qarışığını çəkirmişlər. Orada «amfora» adlı çəllək geniş yayılmışdı. Oturacağı iti olduğundan, onu asanca yerə sancmaq olurdu. Amforanın həcmi 25 tona çatırdı. Pifoslarda və amforalarda şərab və duza qoyulmuş balıq da saxlayırdılar. Gil plastik material olduğundan, ona qabaqcadan hər cür forma vermək olur. Məsələn, Yunanıstanda gildən düzəldilmiş butulka şəkilli qab hələ Homer dövründən məlum idi. Romada müxtəlif formalı butulkalar mövcud idi. Orada yuyunduqdan sonra dar boğazlı butulkaya doldurulmuş yağla bədəni yağlamaq adət şəklini almışdı.
Haiti adalarının qədim hinduları kökə bişirmək üçün gildən tavalar, həmçinin su saxlamaq üçün butulkaya bənzər qablar hazırlayardılar.
Dulusçuluq dairəsini şumerlər kəşf etmiş və mədəniyyətə daxil etmişlər. Dulusçuluğun sürətli inkişafı dulusçuluq dairəsinin kəşfindən sonra baş verir. Bir qədər sonra bu kəşf qonşu ölkələrə də yayılır.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 

Top