Üzüm

Üzüm

Üzüm saf hava və günəş sevən bitkidir. Onun sortları çoxdur. Keçmiş Sovetlər məkanında bu sortların sayı 2000-ə çatırdı. Şərq və Avropa ölkələrində üzüm əsrlərdən bəridir ki, becərilir. Bəzi üzüm sortlarını seçmə və xüsusi qulluq yolu ilə şəkər mənbəyinə çevirmişlər. Bunlardan ən məşhuru Şərq kişmişidir. Hazırda dünya üzrə üzüm plantasiyalarının sahəsi 10 milyon hektara yaxındır.
Üzümün vətəni Ön Asiya sayılır. Bir çox ölkələrin qədim üzümçülük tarixi vardır. Səkkiz min il bundan əvvəl üzümlüklər Nil sahillərini tuturmuş. Arxeoloji qazıntılar nəticəsində İsraildə yaşı 9 min ilə çatan üzüm toxumları tapılmışdır. Qədim Babilistanda üzüm tənəyi ən yayılmış bitkilərdən sayılırdı. Cənubi Ərəbistanda iri salxımlı üzüm yetişdirmişlər. Rəvayətə görə Harun-əl-Rəşid dövründə buradan dəvə ilə hər birində nəhəng salxım yerləşən iki səbət üzüm aparmışlar. üzüm meyvəsi

XIX əsrin birinci yarısında İrana səyahət etmiş rus şərqşünası İ.Derezin Təbriz təsərrüfatları ilə tanışlıqdan sonra yazırdı: «Təbrizdə meyvə boldur, xüsusilə də üzüm. Burada onun 30-a yaxın sortu yetişdirilir, iri giləli toxumsuz «Təbrizi» isə bütün İranda ən yaxşı üzüm sayılır».
T.Bünyatovun yazdığına görə, Azərbaycanda üzümçülüklə bürünc dövründən, bizim eradan əvvəl II minilliyin axırlarında məşğul olmağa başlamışlar. Azərbaycanın   indiki   Xanlar   rayonu   ərazisində   şərab saxlanılan küplər tapılmışdır. Naxçıvan duzunda isə üzüm yarpağının izi aşkar edilmişdir.
XIII əsrin naməlum səyahətçilərindən biri göstərir ki, heç yerdə Naxçıvan üzümü kimi dadlı, xoşa gələn, xeyirli üzüm yoxdur. İnsanlar seçmə ilə burada yüksək keyfiyyətli üzüm sortları yetişdirmiş və onu nəsildən-nəsillə ötürmüşlər.
XIX əsrin üçüncü rübündə Naxçıvanda 20-dən çox əla üzüm sortu yetişdirilirdi. Onlardan pişik gözü, əsgəri, gülabı, şəkər-bura, Xəlili, Hüseyni, Şəfai, Rəhim-baba, tambey və sairə göstərmək olar.
Bu üzüm sortlarından şəfaini uzun müddət saxlamaq və qışda süfrəyə çıxarmaq olurdu.
Gürcüstanda, eləcə də Qərbi Azərbaycanda üzümçülüyün tarixi əsrlərin dərinliyinə gedib çıxır. Gürcüstanda tapılmış üzüm toxumları bizim eradan əvvəl üçüncü minillikdən xəbər verir.
Azərbaycan üzümü I Pyotrun da diqqətini cəlb etmişdir. O, üzümçülüyü yaymaq məqsədi ilə, tənək dalınca öz nümayəndələrini Şirvana göndərmişdir. Rusiyada ilk üzümlük 1613-cü ildə Həştərxanda salınmışdır.
Üzümçülük Qara dəniz rayonunda bizim eradan əvvəl — V əsrdə böyük inkişaf tapmışdı. Bunun bariz təsdiqi odur ki, o dövrdə buraxılan sikkələr üzərində üzüm həkk olunurdu.
Avropanın ən qədim üzümçülük ölkələrindən biri də Yunanıstandır. Üzümçülüyün tarixi burada 3000 ilə çatır.
Krit adası qədim üzümçülük və meyvəçilik məskənləri sayılır. Bizim eradan əvvəl V — IV əsrlərdə üzüm tənəklərini müxtəlif ağaclara qaldırırmışlar.
Yunan rəssamları VI əsrdə əsərlərində təknələrdə üzümün ayaqla əzilməsini təsvir etmişlər. Üzümdən maksimum şirə çıxartmaq üçün qalan əzintini yenidən kisələrə, zənbillərə doldurur, sadə press vasitəsilə sıxırmışlar.
Üzüm tənəkləri Yunanıstandan qədim İtaliyaya, oradan da başqa Avropa ölkələrinə — Madera və Kanar adalarına səyahət etmişdir. Üzümçülük Qalliyada romalıların hökmranlığı dövründə inkişaf etməyə başlayıb.
Almaniyada ilk üzüm tənəkləri XVI əsrdə salınıb. Maraqlıdır ki, qədim mədəniyyətə malik olan Çin üzümlə yalnız bizim eradan əvvəl 122-ci ildə tanış olub. Lakin üzümçülük orada geniş inkişaf tapmayıb. Çinə ikinci dəfə üzüm tənəkləri 1717-ci ildə gətirilib. Bir qədər sonra qonşu ölkəyə — Yaponiyaya da aparılıb.
Üzümçülüyün qitələrə addımları belədir: təqribən 1425-ci ildə Afrikada, 1612-ci ildə Şimali Amerikada, 1850-ci ildə Avstraliyada ilk üzüm plantasiyaları salınıb.
Üzüm çox qiymətli giləmeyvə bitkisidir. Təzə dərilmiş üzümün şirəsi çox faydalı qidadır. Xammal kimi üzüm şirəsindən şərab və doşab hazırlanmasında istifadə olunur. Üzüm toxumlarının da müəyyən səmərəsi var. Bir ton üzümü sıxmaqla 45-55 kiloqram toxum alına bilər. Bu qədər toxumdan orta hesabla 4 kiloqramdan çox üzüm yağı almaq mümkündür.
Üzüm yağı iki cür alınır: soyuq və isti sıxma yolu ilə. Soyuq üsul ilə alman yağdan ərzaq kimi məişətdə istifadə olunur. Bu üsulla alınmış yağdan gənəgərçək yağının əvəzinə təyyarə mühərriklərinin yağlanmasında istifadə edilir. İsti üsulla alınan yağ isə sabun istehsalında tətbiq edilir.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax:Üzüm-Vitis Viniferaz

Top