İlk qabları insana təbiət özü bəxş etmişdir. Məsələn, butulka formasını xatırladan balqabaq, palma qozaları, bambuk ağacı, nəhəng quş yumurtaları, tısbağa çanağı… bütün bunlar ibtidai insanların istifadə etdiyi əşyalar idi.
İnsan qaba oxşayan meyvələrin üzərində bir qədər işləmiş, onları qurutmuş, təsərrüfatda işlətməyə yararlı formaya salıb təkmilləşdirmişdir.
Qədim Misirdə və Mesopotamiyada butulkasayağı kududan istifadə etmişlər. Son zamanlara qədər isə Polineziya adalarında da ondan istifadə edirdilər. Afrikanın buşmenləri dəvəquşu yumurtasından qab kimi istifadə etmişlər. Tailandın «mrabri» köçəriləri xörəyi indi də bambuk ağacından hazırlanmış qablarda bişirirlər. «Mrabri»lər də, papuaslar da bambukdan su qabları hazırlayırlar.
Böyük səhradan cənubda yaşayan Afrika xalqları hələ qədimdən qurudulmuş və içi oyulmuş kududan (kalebasadan) mehtərə, çalov kimi müxtəlif qablar düzəldirdilər. Qablara lazımi forma vermək üçün onu hələ yetişərkən iplə sarıyırdılar. Kudu yetişəndən sonra lazımi şəkil alır və insan onu yonur, cilalayır və istədiyi bəzəyi vururdu. Belə qablar duzlu suyun, küləyin təsirinə iki il müddətində davam gətirirdi. Afrikada bu bitkinin təsadüfən okean sularına düşmüş toxumlarını küləklər digər ölkələrin, məsələn, Braziliyanın sahillərinə gətirmişdi. Braziliya əhalisinin səmərəli istifadə etdiyi belə qablar sonralar qonşu ölkələrə də yayılmışdır.
Arxeoloji qazıntılar zamanı balqabaqdan hazırlanmış qabların qalıqları Meksikada (eramızdan əvvəl yeddinci minillik) və Peruda (eramızdan əvvəl üçüncü minillik) tapılmışdır.
Mərkəzi Amerikada bitən «kalebasa» adlı ağacın uzunsov kuduya oxşayan, diametri 30 santimetrə çatan meyvələrindən vaxtilə Meksikanın və qonşu ölkələrin hinduları qablar, butulkalar və başqa məişət əşyaları düzəldib işlətmişlər. Havay adalarında böyük kalebasadan paltar və ərzaq saxlamaq üçün tutumlar hazırlayıb məişətdə istifadə etmişlər. Zuluslar kalebasanı su, pivə və başqa içkilər saxlamaq üçün istifadə edirdilər.
Qədimdə diametri 18 santimetrə çatan iri nar meyvələrinin içini təmizləyəndən və qabığını qurudandan sonra müxtəlif məqsədlər üçün qab kimi istifadə edərmişlər.
İbtidai insanlar qida hazırlamaq üçün oddan istifadə etdikcə təbii qabların su qaynatmaq üçün yararsız olduğunu görmüşlər. Elə buna görə də insanlar tutum formaları düzəltmək üçün odadavamlı materiallar axtarıb tapmaq qərarına gəldilər. Daş dövründə insanlar daşın içini ovmaqla «daş qazanlar» düzəltməyə başlamışlar. Bu ibtidai qazanlar iki cür olur: böyük ölçülü, ağır, yerindən tərpədilə bilməyən; kiçik ölçülü, nisbətən yüngül «səyyar qazan». Səyyar qazanı iki nəfər bir yerdən başqa yerə asanlıqla apara bilirdi.
Qazanların altında və ya ətrafında qızğın od qalamaqla, yaxud da içinə qızmar daşlar atmaqla ibtidai insan su qaynada bilirdi. Beləliklə, insan qaynar suda bitki və ərzağı emal edib qida halına salırdı.
Fransız arxeoloqu Q. Mortilyenin yazdığına görə, Fransanın Madlen şəhərində arxeoloji qazıntılar zamanı bir daş qazan tapılmışdı. Qazanın eni və uzunu təqribən 40 santimetr, daxili isə 23 və 29 santimetr olmuşdur. Ehtimala görə qazan su qızdırmaq və ya xörək bişirmək üçün istifadə edilirmiş.
Daşdan qablar da yonulurmuş. Əgər belə qaba dəni döymək və ya əzmək üçün başı küt, uzun bir daş da əlavə edilərsə, ibtidai həvəng adlı qab alınırdı.
Qobustan ərazisində üzərində yarımkürə şəklində oyuqlar olan böyük daşlar indiyədək qorunub saxlanmışdır. Onların diametri 15 ÷ 40 santimetr, dərinliyi isə 10 ÷ 30 santimetr arasındadır. İnsanlar yağış suyunu bu oyuqlara yığıb saxlamış, qızmar daşlar vasitəsilə orada süd bişirmişlər. Daha sonralar isə kiçik daşların içini oyub, «səyyar» qablar düzəltmişlər.
XIX əsrə qədər insanlar işlətdiyi «stasionar» qazanların tarixi də daş qablar qədər qədimdir.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
Həmçinin bax: