Qədim misirlilər dörd min il əvvəl arıçılığa başlamışlar. Sonralar bu iş bütün şərq ölkələrində geniş yayılmışdır. Sokrat balı uzun ömrün cövhəri adlandırmışdır. Fironların məqbərələrində bal dolu kuzələr 40 əsr salamat qalmışdır. Bu, balın çox qiymətli məhsul olduğunu göstərir. O, həm mühüm qida maddəsi, həm də dərman kimi tanınır. Ayrı-ayrı bitkilərdən çəkildiyinə görə balın tərkibində bədən üçün lazım olan əksər qida maddələri var. Ona görə də bal yeməklə orqanizmi çatışmayan bir çox zəruri maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olandır. Tünd rəngli, bəzən yaşıla çalan, qaramtıl və iki ildən çox qalan bal keyfiyyətcə yaxşı hesab olunmur.
Bal çox asanlıqla həzm edilir və onun mühüm cəhətlərindən biri infeksiya və mikroba qarşı təsirli olmasıdır. Bir sıra dərman vasitələrini hazırlayarkən onlara bal qatırlar. Bu isə həmin dərmanın təsirini gücləndirir, bədəndə yayılmasını sürətləndirir. Bəzi acı şərbətləri şirin etmək məqsədilə baldan istifadə olunur. Distillə edilmiş su ilə düzəldilən bal şərbəti böyrəyində və sidik kisəsində daşı olan xəstələr üçün olduqca faydalıdır. Vəhşi arının balı daha dadlı və xeyirlidir. Xəstələr üçün yaz çiçəklərindən çəkilmiş baldan istifadə daha məsləhətdir.
Arı mumu yumşaldıcı xassəyə malikdir. Onu üzə çəkməklə qırışların qarşısını almaq olar. Üzdə sızanaq olarsa, bal sürtmək məsləhətdir. Bal şərbəti ilə qarqara etmək ağızda olan yaralara qarşı, boğaz ağrıları və şişməsi zamanı yaxşı təsir göstərir. Bal damağı, dişin dib ətini möhkəmləndirir, qan damarlarının fəaliyyətini yaxşılaşdırır, ürək döyüntüsünü tənzimləyir. Zərərli bəlğəmləri orqanizmdən çıxarır, öskürəyi təhrik edir, selikli xıltları yumşaldır, mədəyə yağ yığılmasının qarşısını alır. Bal mədə ağrısı, mədə xorası, qəbizlik, bağırsaq sancmasına qarşı işlədilir, qaraciyər xəstələri üçün faydalıdır. Şəkər xəstəliyinə tutulanlar və yaşlı adamlar qənd, şəkər əvəzinə bal işlətsələr, daha yaxşı olar. Öskürək zamanı bişirilmiş isti süd ilə bal yemək daha faydalıdır. Yuxusu az və ya yuxusuzluğa düçar olanlar yatmazdan əvvəl bir çay qaşığı bal yeyə bilərlər.
Bal bədənə istilik verir. Suqovucu və quruducu xassəyə malikdir. Sinə, nəfəs borusu xəstəlikləri, iflic hallarına qarşı faydalıdır. Oynaq ağrıları zamanı qara çörək otundan alınan yağı bal ilə qatıb sürtür və ovuşdururlar. Buğda unu ilə balın qarışığından düzələn təpitmə şişləri və çibanı tez sağaldır. Bala bağayarpağı suyu qatıb imalə etmək bağırsaq xorasına qarşı xeyirlidir. Bu əməliyyat azı üç gün davam etdirilməlidir.
Mənbə: "Azərbaycan"