Göyərtilərin faydası

Göyərtilərin faydası

Vəzəri bitkisinin tərkibində orqanizm üçün lazım olan faydalı maddələr olduğundan ona sağlamlıq göyərtisi adı vermişlər. Onun mikrob əleyhinə təsiri məlumdur. Vəzəri bağırsaqların fəaliyyətinin, tənəffüs sisteminin tənzimlənməsində xeyirlidir. O, orqanizmdən zərərli maddələri çıxarır, bədənə sərinlik gətirir. Vəzərinin sidikqovucu, tərqovucu təsiri də məlumdur. Bu göyərtini şəkərli diabet xəstələrinə yeməyi məsləhət görürlər.İspanağın tərkibi fol turşusu ilə zəngin olduğundan qanyaranmaya təsir göstərir, anemiyada və hamilə qadınlara qəbul etmək tövsiyə edilir. İspanağı zeytun yağı ilə işlətmək uşaqların inkişafına müsbət təsir göstərir.

Yarpızın mikrob əleyhinə təsiri məlumdur. Tərqovucu, ürəkdulanmaya qarşı təsir göstərir. Mədə və sinə üçün faydalıdır. Yarpız olan yerə ilan gəlmir.

Keşnişin tərkibində çox xeyirli maddələr vardır. Onun özünəməxsus xüsusiyyətlərindən biri də sinir sistemini sakitləndirici təsiridir. O, mədənin fəaliyyətini gücləndirir, başağrısı, ürəkdöyünmə zamanı istifadə edilir. Lakin keşnişi həddən artıq qəbul etdikdə o, yuxugətirici təsir edir, yaddaşı zəiflədir, cinsi fəallığı azaldır.

Kəvərin tərkibində olan xərçəng xəstəliyinə qarşı təsir göstərən faydalı maddələr var. Sidikqovucu xassəyə malikdir, zökəm, öskürək, ağciyər və bronxların iltihabı zamanı məsləhət görülür. Lakin çox yemək gözə ziyandır.

Kərəviz böyrəkləri və sidik kisəsini təmizləyir, sidikqovucu xassəyə malikdir, böyrəklərin və sidik kisəsinin iltihabı zamanı işlədilir. Kərəvizin cövhəri damarları genişləndirir, yarpağının qaynadılmış suyu səsi açır, toxumları isə iştahı artırır.

Reyhan yuxugətirici, ürək döyünməni azaldıcı, dezinfeksiya edici xassələrə malikdir. Şirəsinə şəkər qatıb işlətmək təngnəfəslik və sinə ağrıları zamanı işlətmək faydalıdır. Onu çeynəmək ağız qoxusunu, iyləmək isə baş ağrısını aparır.

Tərxun mikroblara qarşı xüsusiyyətlərinə görə, keçmişdə vəba və taun xəstəliklərinin yayılmasına qarşı işlədilirdi. Onu ağız boşluğu xəstəlikləri və ağızdan xoşagəlməz qoxu gəldiyi zamanı çeynəmək məsləhət görülür.

Hazırladı S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

Top