Vanil

Vanil

Vanil (latın dilində "vanilla") səhləb fəsiləsinə aid olan sarmaşıqlı bitki cinsidir. Vanil bitkisinin əsas vətəni Meksika sayılır. Ancaq bu bitki ən çox Madaqaskarda becərilir. Yarpaqlarının rəngi yaşıl, çiçəklərinin rəngi ağ (yaşımtıl ağ), meyvələrinin rəngi isə qəhvəyidir. Meyvələrinin uzunluğu 15 - 25 sm - ə çatır. Vanil əkildikdən sonra ilk məhsulunu təqribən 3 il sonra verir. Dünya üzrə vanilin 150 növü məlumdur. Vanil, eyni zamanda, dünyada zəfərandan sonra ən bahalı ikinci ədviyyatdır. Əvvəllər vanildən qoxu vermək üçün istifadə edilirdisə, sonralar vanildən dad vermək üçün istifadə etməyə başladılar. Vanil kalsium, natrium və ferrium minerallları ilə də zəngindir. Digər tərəfdən, vanilin tərkibində xolesterol yoxdur. Həmçinin, tərkibində şəkər olduğu üçün kalori miqdarı yüksəkdir.

Avropanın vanillə tanışlığı Amerika qitəsinin kəşfindən sonra, yəni, 1520 - ci ildə baş vermişdir. Belə ki, vanil Avropaya kakao bitkisi ilə birlikdə ispaniyalılar tərəfindən gətirilmişdir. Ancaq buna baxmayaraq, vanili uzun müddət Meksikadan kənarda yetişdirmək mümkün olmamışdır. Qədim dövrlərdə isə vanildən (daha doğrusu, vanil çubuklarından) pul kimi istifadə edirdilər. Məsələn, azteklər (xüsusilə də, aztek imperatoru Montesuma) vergiləri pul əvəzinə vanil çubukları ilə yığırdılar.

Vanil bitkisinin meyvəsində qlükozid şəklində 1,5 - 3 % vanilin var. Ancaq təbii vanilinlə yanaşı, süni vanilin də yox deyil. Məsələn, 20 qr süni vanilin 1 kq təbii vanili əvəz edir. Süni vanilini evgenoldan, qvayakoldan və başqa üzvi birləşmələrdən sintetik yolla əldə edirlər. Ancaq ən yaxşı vanilin izoevgenoldan izoevgenolun oksidləşdirilməsi nəticəsində alınır. Sintez üsulu ilə əldə edilən bu vanilin 80 dərəcə (və yuxarı) temperaturda əriyir, 285 dərəcə temperaturda isə qaynayır.

Vanilin dadı acıdır. Soyuq suda çox çətin (1:100), isti suda çox asan (1:20) həll olur.

Faydaları

- temperaturun aşağı salınması;
- həzmin asanlaşması;
- mədə - bağırsaq xəstəliklərinin müalicəsində;
- yorğunluğun aradan qaldırılamasında;
- müqavimətin artmasına;
- maddələr mübadiləsinin sürətlənməsinə;
- öskürəyin qarşısının alınmasına;
- stresin aradan qaldırılmasına;
- qan dövranının nizamlanmasına;
- yuxusuzluğun aradan qaldırılmasına;

Digər tərəfdən vanilin sakitləşdirici təsiri də məlumdur...


Mənbə: Ailəm jurnalı
Top