İnsan hələ vəhşi halda yaşayarkən meyvələri tədricən seçməyə və yığmağa başlayıb. Bu, zaman keçdikcə onun nizamlı şəkildə bağlarda yetişdirilməsinə gətirib çıxarıb. Nəticədə qədim insanın əməyi, qayğısı ilə meyvə bağları əmələ gəlib.
VI əsr Şimali Afrika şairi Luksori «Bağa tərif» adlı şerində deyir:
Bağ-şirinlikdir, qurtuluşdur, sakitlikdir,
Ruhu qüssə sıxıntılarından azad edəndir,
Canı bərkidəndir, baxışı cəlb edəndir,
Zəhməti bol səadətlə təltif edəndir,
Əkinçilərin qəlbinə sevinc verəndir.
Qədim Misirdə - firon II Ramzesin dövründə bağlarda nar, alma, zeytun, əncir və üzüm yetişdirilməsi məlumdur.
Ayrı-ayrı müəlliflərin, tarixçilərin yazdığına görə, Şərqin müxtəlif ölkələrində gözəlliyi ilə insanı valeh edən, bol bəhrəli bağlar olmuşdur. Bir mənbədə göstərilir ki, Xəzər dövlətinin İtildən əvvəlki paytaxtı Səməndər meyvə və üzüm bağları ilə şöhrət qazanmışdı.
Azərbaycan lap qədimdən öz lətafətli meyvələri ilə məşhur olmuşdur. Marko Polo qeyd edirdi ki, Təbriz ətrafında gözəl bağlar var. Bu bağlarda müxtəlif meyvələr yetişdirilir və hər il bol məhsul götürülür.
XIX əsrdə Naxçıvanın Ordubad bölgəsinin meyvəçilik sahəsində şöhrəti hər yana yayılmışdı. Orada dadlı, ətirli ərik, cürbəcür, iri, şirəli armudlar, gözoxşayan almalar yetişdirilirdi. 1866-cı ildə bağlardan 32 ton ərik, 16 ton şaftalı, 16 ton alma, 10 tona yaxın qoz, 8 ton armud, 8 ton heyva, 4 ton qara gavalı yığılmışdı.
XIX əsrin axırında Abşeronda da adla söylənən meyvələr yetişdirilmişdir. Məsələn, Şüvəlan bağlarının üzümü, ənciri, narı və püstəsi yüksək dad xüsusiyyətlərinə görə Abşerona şöhrət gətirmişdir.
Abşeronda tutun xüsusi növü - iri, dadlı və şirəli xartut geniş yayılmışdır. Ağ tutun vətəni İran, Çin və Xəzəryanı ərazilər sayılır.
Şabalıdın vətəni Kiçik Asiya, Türkiyənin Avropa hissəsi və Qafqazdır.Məlumatlara görə uzun ömürlü şabalıd ağacının 200-300 il və hətta 1000 il olan nümunələri bizim günlərəcən qalmışdır.
Güman edilir ki, badam Şumerdə mədəniləşdirilib. O biri tərəfdən, badamın vətəni Suriya və Livan sayılır. Qədim Fələstində badam bağları məşhur idi. Yəhudilər onu Xanaanın ən qiymətli bitkisi sayırdılar.
P.Jukovskinin yazdığına görə əzgili qədim Qafqaz xalqları (xüsusən Talış dağlarının sakinləri) mədəniləşdirmişlər.
Albalı ibtidai insana tanış olan ilk meyvələrdən biridir. VII əsrdə Qara dəniz sahillərindən İtaliyaya gətirilmişdir. Bir əsrdən sonra o bütün Avropaya yayılmışdır. Vətəni Zaqafqaziya və Şimali İran sayılır.
Naringinin vətəni Çin və Yaponiyadır. Naringi Hindistana, oradan isə X əsrin əvvəlində Omana aparılıb.
Amerika qitəsində avropalılar ananası ilk dəfə görəndə ona valeh olurlar. Onu ilk dəfə təsvir edən avropalı Q.F. de Oviyedo (Qansalases Fernanli) olub. Təqribən 1535-ci ildə ananas İspaniyaya gətirilib. Bir qədərdən sonra o, Santa-Kruzdan Hindistanın qərbinə, daha sonra şərqinə və Çinə düşür. Bu barədə X.Akostanın 1578-ci ildə nəşr olunmuş kitabında məlumat verilir.Qarsilaso təsvir edir ki, ananas formaca sidr ağacının qozasını xatırladır, qabığının altında ağ, yumşaq, azca turşməzə, həm də çox dadlı hissəsi vardır.
Banan isti və rütubət sevən bitkidir. Qarsilaso Perunun And dağları rayonunda bitən banan barədə söz açarkən yazır ki, bu ağacın salxımlarındakı hər bananın uzunluğu 21 santimetrə çatır. Onun yoğunluğu isə təqribən üç barmaq boyda olur. Bananı çiy, qızardılmış, qaynadılmış, pörtülmüş, qurudulmuş halda yeyirlər. Mədəni bananın vətəni Cənubi Asiya, eləcə də Malayziyadır. Onun mədəniləşdirmə tarixi çox qədimdir. Bəzi fikirlərə görə pleystosen dövrünə aiddir. Afrikada gündəlik yeməklərdən biri banandır. Bananın qabığını soyur, əzir, duz və ədviyyat vurub, xırda-xırda doğrayır, sonra da süddə qaynadır, ya da yağda qızardırlar.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı