Razyana (latın dilində "foeniculum") çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Vətəni əsasən Aralıq dənizi ölkələridir. Ancaq Avropa və Asiyanın (həmçinin Amerikanın) əksər ölkələrində yetişir. Daha çox iki növü məlumdur (yeri gəlmişkən deyək ki, bəzi mənbələr razyana bitkisinin 2, bəzi mənbələr isə 10 növü olduğunu bildirir). Hündürlüyü 2 metrə çatır. Çiçəkləri sarı, yarpaqları yaşıldır. Uzunsov (daha çox yumurtaya bənzəyən) qoşa dənədən ibarət meyvələri olur. Meyvələri yetişdikdə xoşa gələn ətirli iy verir. Daha çox qayalıq və quraqlıq yerlərdə bitir. İyul - avqust aylarında çiçək, sentyabr - oktyabr aylarında isə meyvə verir. Meyvəsinin yetişməsinə az qalmış (əsasən sentyabr - oktyabr aylarında) dərilir, qurudulur və əlavə qarışıqlardan ayrılır. Razyananın meyvəsindəki əsas təsiredici maddə daha çox efir yağından ibarətdir. Efir yağına xoş dadı və xoş ətri verən isə tərkibindəki anetol maddəsindir. Anetol ətirli bir birləşmə olub, razyana meyvəsinin ən qiymətli tərkib hissəsidir.
Meyvəsinin tərkibindəki efir yağının miqdarı 4 - 6 %-dir (Buna görə də, bəzən razyananı efir yağı almaq üçün də becərirlər). Bundan başqa, razyana meyvəsinin tərkibində 18 %-ə qədər piyə bənzər yağ və 27 %-ə qədər zülal maddəsi var. Razyana yağını təşkil edən ətirli maddənin 40 - 60 %-i isə anetoldan ibarətdir. Anetoldan başqa razyana yağının tərkibində 10 - 12 % fenxon, alfa - pinen, alfa - fellandren, kamfen, metilxavikol, sineol, limonen, sitral və s. kimi ətirli maddələr də var. Razyana A, C və B qrupu vitaminləri, həmçinin kalium, maqnezium, kalsium mineralları ilə də zəngindir.
Ədviyyat razyana bitkisinin həm yarpaqlarından, həm də toxumlarından əldə edilir. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur. Razyanadan təbabətlə yanaşı ətriyyatda da geniş istifadə edilir. Razyananın istifadə edildiyi başqa bir sahə isə yeyinti sənayesidir. Tərkibindəki fitoestrogenlər analarda südün həm miqdarını, həm də yağlılığını artırır. Daha çox şüyüdə və zirvəyə bənzəyir.
Faydaları
- İştahanın artmasına;
- Həzmin asanlaşmasına;
- Öd kisəsi iltihabının aradan qaldırılmasına;
- Göz xəstəliklərinin müalicəsinə;
- Maddələr mübadiləsinin sürətlənməsinə;
- Temperaturun aşağı salınmasına;
- Tənəffüs yolları xəstəliklərinin müalicəsinə;
- Sancıların azalmasına;
- Qan azlığının aradan qaldırılmasına;
- Mədə - bağırsaq xəstəliklərinin müalicəsinə;
- Halitozun aradan qaldırılmasına;
- Görmə qabiliyyətinin artmasına;
- Yuxusuzluğun aradan qaldırılmasına;
- Ürək - damar xəstəliklərinin müalicəsinə;
- Dərinin "canlanmasına";
- Müsbət enerjinin artması və mənfi enerjinin azalmasına;
- Stresin aradan qaldırılmasına;
Bundan başqa, razyana sidikqovucu, qazqovucu, sakitləşdirici, ağrıkəsici, həmçinin antibakterial və antikanserogen təsiri ilə də məlumdur.
Mənbə: Ailəm jurnalı