Kakao

Kakao

Kakao ağacının vətəni Meksikadır. Bu ağacın meyvələrindən (dənələrindən) astek hinduları «çokolatl» adlı içki hazırlayırdılar. Onlar əvvəlcə kakao dənələrini qovurur, əzir, toz halına salır və sonra da suya tökərlər. İçki qatı, həm də dadlı olsun deyə ona qarğıdalı unu əlavə edirlər. Beləcə, onlar ilk şokoladı «acı» şəkildə içirdilər. Çünki o vaxtlar Meksika tayfalarına hələ şəkər məlum deyildi.
Hinduların iki cür kakao içkisi hazırlamaları məlumdur. Onlardan biri çox sadədir. Beləki, kakao ununu isti suya tökür və ona «kayen» istiotu əlavə edirdilər. Tünd içki alınardı. Astek imperatoru Montesuma üçün isə xüsusi olaraq «çokolatl» adlı içki hazırlanırdı. Bunun üçün kakao dənələrini qovurub sütül qarğıdalı dəniylə birlikdə çəkirdilər. Alınmış kütləyə bal, qaynadılmış aqava ağacı şirəsi və vanil əlavə edirdilər.
Belə bir məlumat var ki, Montesuma gün ərzində 50 fincan şokolad içirmiş.Hindular arasında kakao dəni çox qiymətli sayılırdı. Bəzən ticarət zamanı bu dən xırda pul rolunu oynamışdır.
Avropaya kakaonu 1520-ci ildə ispanlar gətirir. Çox keçmədən Kadiks şəhərində ilk şokolad fabriki açılır. Şokolad içkisi uzun müddət saray əyanları tərəfindən içilir. XVII əsrin ikinci yarısından etibarən bundan geniş kütlələr də istifadə etməyə başlayırlar.

K.Linney 1735-ci ildə kakao ağacına «teobrom», yəni «allahların qidası» adı verir. Bu ağaca belə bir ad verilməsini kakaonu Avropaya gətirmiş ispanların ona hədsiz məhəbbəti ilə bağlayırdılar.
Kakao 1606-cı ildə İtaliyaya, sonra isə Avstraliyaya və Fransaya gəlib çıxır. 1700-cü ildə isə kakao Londonu heyrətə gətirir, o, qısa müddət ərzində ingilislərin ən çox xoşladığı içkilərdən birinə çevrilir.1756-cı ildə Almaniyada Avropanın ilk şokolad fabriki işə salınır.
1876-cı ildə şokoladın yeni bir növü hasil edilir. Beləki, onun tərkibinə süd qarışdırılır. Bununla da süd-şokolad sənayesi fəaliyyətə başlayır. Həmin ildə İsveçrədə südün və qəndin kakao ilə qarışdırılması texnologiyası kəşf edilir.

Hazırda Cənubi Amerika, Afrika və Asiyanın bir sıra ölkələrində, o cümlədən Venesuela, Meksika, Kuba, Braziliya, Qana, Tailand, Keniya, Şri-Lanka və İndoneziyada kakao istehsal edilir.
Statistikaya görə keçən əsrin 70-ci illərində dünyada 750 milyona yaxın kakao ağacının olduğu barədə məlumat var idi.Keçən əsrin sonlarına yaxın dünya üzrə 1 560 000 ton kakao dəni istehsal edilmişdir.
 
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
Top