Kələmin vəhşi sortları Aralıq dənizi rayonunda bitir. Burada onu dörd min il bundan əvvəl ilk dəfə mədəniləşdirmişlər. Sonralar bu tərəvəz Atlantik okeanının Avropa sahillərinə qədər yayılmışdır.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
Kələm sortlarından yarpaq kələmin mədəniləşdirmə tarixi daha qədimdir. Bununla yanaşı gül kələmi və kolrabi də qədim tarixə malikdir.
Deməliyik ki, kələm qədim Misirdə tanınan bitki idi. Yunanıstan isə onunla tanışlığa bizim eradan əvvəl başlayıb.
Kələmin faydası antik dövrün ədəbiyyatında ətraflı əksini tapmışdır. Orta əsrin bir təbabət kitabında göstərilir ki, kələm «bir çox dərdlərin dərmanıdır» və 6 əsrdir ki, romalılar ondan müalicə vasitəsi kimi istifadə edirlər. Romada, həqiqətən, kələmdən uzun müddət əsasən qida kimi istifadə etmişlər. Burada onun səkkiz-on sortunu əkib becərirdilər.
M.Katon yazırdı ki, kələm göyərtilərin başıdır. Onu çiy də, bişmiş də ye. Çiy yesən sirkəyə batır. O, bir möcüzə kimi həzmə kömək edir, mədəni nizama salır... O, kələmdən müalicə üçün nə qədər istifadə etmək barəsində o dövrün məsləhətlərini qeyd edirdi. Əlbəttə, bu fikirlərin çoxunu ciddi qəbul etmək olmaz. Lakin bununla belə bu qeydlər bir daha göstərir ki, xalq arasında kələm o zaman böyük şöhrət tapmışdı.
Qərbi Avropada əvvəllər yarpaq kələm yayılıb. Orta əsrlərin axırlarında avropalılar başqa kələm sortlarına da diqqət yetiriblər. Məsələn, İspaniyada gül kələm hələ XII əsrdə məlum olub. Onun vətəni Kipr adasıdır, Avropanın digər ölkələrinə də əsasən buradan (XVI əsr) yayılmışdır.
Alman alimi Bok 1661-ci ildə yazırdı: «Kələmin keyfiyyəti və hörmətini təsvir etməyə kimin gücü çatar?» Almaniyada kələmdən faydalı, saf, hamı tərəfindən xoşlanan, həmçinin heyvana da verilən bitki varmı? Kəndli bizim ölkədə şərabsız qala bilər, amma kələmsiz yox.
Kələmi qədim Qafqazda, Kolxida vadisində gürcülər VIII-IX əsrlərdən etibarən becərmişlər.
XI əsrdə «Kiyev Rus»unda kələm geniş miqyasda yetişdirilirdi. Qeyd edək ki, «kapusta» sözü latınların «kaputium», yəni «baş» sözündən əmələ gəlmişdir.
Qədimlərdən, təqribən min il bundan əvvəl Rusiya şəhərlərində ən çox yeyilən duru xörəklərdən biri «şi» adlanırdı. Onun da əsas tərkibini kələm təşkil edirdi. Bu xörəyin kütləviliyi indi də davam etməkdədir.
Orta əsrlərdə Rusiyada kələmi duzlamaq çox dəb olub. Duzlu kələmi saxlamaq da o dövrdən qalmışdır.
Müasir dövrdə kələm bütün dünyada tərəvəz kimi bol-bol işlənir. Onun tərkibində aşkar edilmiş «V» vitamini mədə yarasının sağalması üçün yaxşı bir vasitədir.