Çaytikanı yağı

Çaytikanı yağı

Çaytikanı giləmeyvələrni xarici görünüşünə və müalicəvi keyfiyyətlərinə görə qızıl meyvələr adlandırırlar. Onların tərkibində çoxlu miqdarda orqanizm üçün qiymətli mikroelementlər – maqnezium, alüminium, silisium, dəmir, marqans, titan, F, E, K, P, V qrupp vitaminləri var. Karotin isə hətta yerkökündə olduğundan da artıqdır.
Çaytikanı meyvələrindən alınmış yağ da dəyərliliyinə görə heç də giləmeyvələrdən geri qalmır: o, unikal müalicəvi keyfiyyətlərə malikdir, bu baxımdan digər bitki yağları arasında analoqu olmayan müalicə vasitəsi sayıla bilər.

Çaytikanı yağını xarici örtüklərin gec sağalan yaralarında, yanıqlarda, donmalarda, yataq yaralarının müalicəsində, trofiki xoraların, ekzemanın müalicəsində uğurla işlədirlər. Bunun üçün yağı pipetka ilə zədə nahiyəsinə damızdırmaq, üzərinə tənzifdən salfet qoymaq və bintlə fiksasiya etmək lazımdır. Sarğıları hər gün və ya günaşırı dəyişmək lazımdır. Lakin yadda saxlayın ki, qurumuş sarğıları güclə dartmaq və ya zədə nahiyəsindən zorla ayırmaq məsləhət deyil. Çünki bu zaman nəinki ağrı, hətta qanaxma da baş verə bilər. Bu zaman həmin nahiyəyə yalnız yağ damızdırmaq məsləhətdir.

Çaytikanı yağı hansı xəstəliklər zamanı işlədilir?

Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri zamanı: yeməkdən 30 dəqiqə əvvəl yarım ç.q. gündə 3 dəfə çaytikanı yağı qəbul etmək məsləhət görülür. Kurs müalicə – 10 gündür.
Uşaqlıq boynunun eroziyası, kolpitlərdə: hər gün uşaqlıq yoluna çaytikanı yağı hopdurulmuş tamponlar daxil edilir. Kurs müalicə 10-12 prosedurdur.
Ağız boşluğunun, damağın selikli qişasının bəzi zədələnmələri zamanı: çaytikanı yağından islatma qoyulması müalicəni tezləşdirir.
Diqqət! Çaytikanı yağı və onun preparatları ilə müalicə həkim nəzarəti altında aparılmalıdır. Kəskin xolesistit (öd kisəsinin iltihabı), hepatit (qaraciyərin iltihabı), pankreatit (mədəaltı vəzin iltihabı), ishal zamanı çaytikanı yağını daxilə qəbul etmək əksgöstərişdir.

Hazırladı: S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti

Top