Buğda

Buğda

Yüz min illər boyu təbiətin qoynunda yaşayan insan onun yaşıl sərvətlərini müşahidə etmiş və zəngin təcrübə əldə etmişdir. İnsan bitkilər aləmində seçmə aparmış və nəticədə ən faydalı bitkilər əsasında sabit ərzaq xəzinəsi yarada bilmişdir.
Müasir dövrdə Yer kürəsinin altı milyarddan çox olan əhalisini cəmi bir neçə dənli bitkidən alınmış məhsullar dolandırır. Statistikaya görə keçən əsrin 80-ci illərinin əvvəllərində planetimizdə 1 milyard 150 milyon ton dənli bitki yığılmışdır. Bunun 450 milyon tonu buğda, 375 milyon tonu düyüdür. Adamhesabı götürsək, hər nəfərə orta hesabla 256 kiloqram dən, o cümlədən 100 kiloqram buğda və 85 kiloqram düyü düşür. Göründüyü kimi, buğda insana ən çox fayda verən dənli bitkilərin birincisidir. Onun tərkibində 20 faizdən çox zülal, 60 faizdən çox karbohidrat, 2 faizə yaxın yağ və yapışqanlı zülal maddəsi vardır. Bu isə ondan əla mayalı çörək və başqa məmulatlar hazırlanmasına imkan verir.
İlkin vətəni Şərq olan buğda tədricən başqa qitələrə addımlamışdır. Avropalılar 1528-ci ildə buğdanı Amerikanın cənubuna, 1602-ci ildə isə Amerika Birləşmiş Ştatlarına gətirmişlər. 1812-ci ildən başlayaraq Kanada da buğda becərilməyə başlanmışdır. Avstraliya qitəsinə isə buğda 1788-ci ildə gəlib çıxmışdır.
Bir çox xalqlar buğdaya ta qədimdən dərin hörmət bəsləmişdir. Qədim Yunanıstanda ona xüsusi hörmət göstərilmişdir. Hətta varlı şəhər əhli zərgərlərə qızıl muncuğu buğda dəni şəklində hazırlamağı sifariş etmişdir.
Buğdanın iyirmiyə yaxın növü vardır. Onun vəhşi əcdadlarından sayılan eynkorn, emmer və qeksaplaid çörək buğdası dünyada məlumdur. Eynkorn eramızdan iki min il əvvəl Avropaya (Belçika və Danimarkaya qədər) yayılmışdır. Sonralar onu emmer (pirinc) tipli buğdanın nəsilləri əvəz edib.
Emmerin vəhşi əcdadları bizim eradan 8-7 min il əvvəl İran sakinlərinə məlum imiş. Lakin onu ən qədim dövrdən mədəniləşdirən, əkib-biçənlər, mesopotamiyalılar və misirlilər olmuşlar. Misirlilər emmer əkini ilə hələ 6 min il bundan əvvəl məşğul olub. Emmer üyüdüldükdə qabığını ayırmaq mümkün olmur. Misirlilər ondan əsasən çörək bişirmək üçün istifadə edirlər. Buğda neolit dövrünün sonunda Avropa qitəsinə ayaq açıb. Qədim tarixçilərin yazdığına görə, emmer İtaliyada dəmir dövründə 300 ilə yaxın yeganə dənli bitki olub.
Qeksaplaid buğda növü isə sözün əsl mənasında çörək buğdasıdır. Hazırda onun dörd mindən çox növü məlumdur.
Ön Asiya və Zaqafqaziya buğdanın ən qədim beşiyi kimi tanınır. Məsələn, Zaqafqaziyanın başqa əraziləri ilə bərabər, Azərbaycanın arxeoloji abidələrində (Kültəpə, İlanlıtəpə, Babadərviş və sairə) qədimliyinə görə bizim eradan əvvəl V-III minilliklərə aid olan yumşaq və bərk buğda dənələri tapılmışdır. Həmin abidələrdə yaşı elə o qədər qədim olan çoxsıralı arpa nümunələri də aşkar edilmişdir.
Zaqafqaziya uzun müddət bollu buğda və başqa dənli bitkilər yetişdirən ərazi olmuşdur. Keçən əsrə aid məlumatların birində deyilir ki, 1886-cı ildə burada təqribən 2,3 milyon ton buğda, arpa və qarğıdalı yığılmışdır.
Roma imperiyası zamanı Şərqdə Misir bol buğda yetişdirmişdir. İmperator Avqustun dövründə Romaya Misirdən 20 milyon modiy (196 min ton) buğda gətirilib. Bu dövrdə Avropa ölkələrindən Siciliya adası da öz yüksək keyfiyyətli buğdası ilə seçilir və İtaliyanı tamamilə təmin edirdi.
Həmçinin bax: Arpa,

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Top